Bu heyvanların bazarda satılmasına icazə VERİLMƏYƏCƏK
Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Məlumatda deyilir ki,"Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 50 saylı Qərarının tələblərinin yerinə yetirilməsi əsas şərt kimi müəyyən edilib.
Sözügedən qərarın tələblərinin icrası təmin edildikdən sonra heyvan satış bazarlarının fəaliyyəti bərpa olunub. Hazırda yenilənmiş və müasir tələblərə cavab verən infrastruktur bazarların girişində satışa gətirilən heyvanların sağlamlıq vəziyyətinə və identifikasiyasına effektiv nəzarət həyata keçirməyə imkan yaradır.
Bu səbəbdən heyvan satış bazarlarının iştirakçıları, o cümlədən sahibkarlar və heyvan mülkiyyətçiləri əvvəlcədən müvafiq tədbirlər görməli və heyvanların bazara gətirilməzdən əvvəl identifikasiyasını təmin etməlidirlər.
Bəs ölkədə heyvanların identifikasiyası, qeydiyyatı qanunvericiliklə tənzimlənir və real vəziyyət necədir?
Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu göndərdik. Sorğuya cavab olaraq qurumdan Bizim.Media-ya bildirilib ki, kənd təsərrüfatı heyvanlarının identifikasiyası heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi məqsədini daşıyır:
“Azərbaycan Respublikasında heyvanların identifikasiyası və qeydiyyatı qanunvericiliklə tənzimlənir, qanuni tələbdir, məcburidir və ölkə üzrə baytarlıq nəzarətinin əsasıdır. Heyvanların identifikasiyası Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) vasitəsilə həyata keçirilir.
Heyvanların identifikasiyası aşağıdakı əsas məqsədlərə xidmət edir:
Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası: Heyvanların fərdi olaraq identifikasiyası baytarlıq tədbirlərinin dəqiq və effektiv aparılmasına imkan yaradır. Bu, xəstəliklərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması üçün mühüm nəzarət mexanizmidir.
Sağlamlıq və xəstəliklərə nəzarət: İdentifikasiya sayəsində heyvanların peyvəndlənməsi, müayinəsi və müalicəsi barədə dəqiq məlumat toplanır, bu isə xəstəliklərin yayılmasının minimuma endirilməsinə və heyvanların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına kömək edir
Qida təhlükəsizliyi: Heyvanların qeydiyyatı və izlənməsi qida təhlükəsizliyi zəncirinin - “fermadan süfrəyə” konsepsiyasının qorunmasına şərait yaradır. Bu, heyvan mənşəli məhsulların keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verir.
Kənd təsərrüfatı və heyvandarlığın inkişafı: Heyvanların izlənilməsi məhsuldarlığın artırılması, heyvan mənşəli məhsulların effektiv idarə olunması və elmi tədqiqatların aparılması üçün vacibdir.
Ərzaq təhlükəsizliyi: İri və xırda buynuzlu heyvanların dəqiq sayının müəyyənləşdirilməsi üçün identifikasiya və qeydiyyat mühüm rol oynayır.
İtirilmiş və oğurlanmış heyvanların tapılması: Heyvanların identifikasiya məlumatları itmiş və ya oğurlanmış heyvanların axtarışını asanlaşdırır və onların kimə məxsus olduğunu müəyyən edir. Bu, oğurluq hallarında hüquqi sübut kimi də istifadə olunur.
Nəticə etibarı ilə heyvanların identifikasiyası və qeydiyyatı baytarlıq nəzarətini gücləndirir, heyvanların sağlamlığı və rifahının qorunmasını təmin edir, qida təhlükəsizliyinin, ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır, hüquqi və iqtisadi məsuliyyəti dəqiqləşdirir, təsərrüfatların inkişafı və dövlət dəstəyi üçün imkanlar yaradır. 28.04.2026-cı il tarixi vəziyyətinə ölkə üzrə 972 min baş heyvan identikləşdirilib”.
2 dəfə oxundu












