Diqqət! Kartınıza səhvən pul gəlibsə, sevinməyin — Yeni fırıldaq üsuludur

Diqqət! Kartınıza səhvən pul gəlibsə, sevinməyin — Bank kartınıza gözlənilmədən pul gəlirsə və az sonra tanımadığınız şəxs sizə yazıb həmin məbləği geri istəyirsə, tələsməyin. İlk baxışda adi bir səhv kimi görünən bu vəziyyət əslində sizi ağır cinayətin iştirakçısına çevirə bilər.

Demokrat.az xəbər verir ki, bu barədə "Moşelovka" platformasının eksperti Qalaktion Kuçava məlumat verib. Ekspertin sözlərinə görə, dələduzlar artıq insanların kartına pul köçürüb, sonra mesaj yazaraq həmin məbləği başqa bir hesaba qaytarmağı xahiş edirlər.

"Pulu birbaşa başqa karta qaytarmaq xahişi qurbanı oğurlanmış vəsaitlərin nağdlaşdırılması zəncirinə daxil edir" – deyə Qalaktion Kuçava bildirib.

Naməlum şəxsdən gələn bu vəsaitlər çox böyük ehtimalla başqa bir adamdan oğurlanmış pullardır. Əgər vətəndaş həmin məbləği göstərilən hesaba köçürərsə, bilmədən cinayət sxemində iştirak etmiş olur. Bu isə həmin şəxsin adının bank sistemində dələduzluq əməliyyatları ilə bağlı məlumat bazasına düşməsinə və gələcəkdə bank xidmətlərindən istifadəsinin məhdudlaşdırılmasına səbəb ola bilər.

Yəni, kimsə sizin hesabınıza səhvən pul göndərdiyini deyib onu başqa bir hesaba atmağınızı istəyirsə, bunu etməyin. Əks halda, oğurluq pulların izini itirməyə kömək etmiş sayılacaqsınız. Belə vəziyyətdə ən doğrusu dərhal bankla əlaqə saxlayıb məbləğin geri qaytarılmasını rəsmi qaydada tələb etməkdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
51 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...