Hindistan Pakistan müdafiə nazirinin X hesabını blokladı
Cammu və Kəşmir bölgəsindəki Pahalgam şəhərində baş verən silahlı hücumun ardından Hindistan hökuməti Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asifin "X" sosial media platformasındakı hesabına ölkə daxilində girişə qadağa qoyub.
Qaynarinfo NDTV kanalına istinadən xəbər verir ki, Hindistan yalnız nazirin hesabını deyil, eyni zamanda "Dawn" və "Geo News" kimi Pakistanın aparıcı 16 media qurumunun "YouTube" kanallarına da çıxışı məhdudlaşdırıb. Rəsmi Dehli bu addımı Pahalgam hücumunun Pakistanla əlaqələndirilməsi ilə əsaslandırır.
Cammu və Kəşmirdəki hadisənin ardından Hindistanda yaşayan onlarla Pakistan vətəndaşının vizaları ləğv olunub və onlara 27 aprelə qədər ölkəni tərk etmək əmri verilib. Əksəriyyəti ölkəni tərk etsə də, vaxtında çıxa bilməyən Pakistan vətəndaşlarının sərhəd bölgələrindən çıxışı davam edir. Bu səbəbdən sərhəddə sıxlıq müşahidə olunur.
Hindistan hökuməti həmçinin 29 aprelə qədər yalnız tibbi məqsədli vizaların etibarlı qalacağını, qalan bütün viza xidmətlərinin dayandırıldığını açıqlayıb. Buna cavab olaraq Pakistan hökuməti Hindistan vətəndaşlarına verilmiş bütün vizələri dayandırıb.
22 aprel tarixində Hindistanın nəzarətində olan Cammu və Kəşmirin Pahalgam bölgəsində silahlı şəxslər turistlərə hücum edib. Hadisə nəticəsində 26 nəfər həlak olub, çox sayda insan yaralanıb. Hücumçuların Pakistan mənşəli olduğu iddiasını irəli sürən Hindistan "İndus suları müqaviləsi"ni dayandırdığını və İslamabaddakı Pakistan diplomatlarının bir həftə ərzində ölkəni tərk etməsini tələb etdiyini açıqlayıb.
Buna qarşılıq olaraq Pakistan hökuməti Hindistanla ticarəti dayandırıb, hava məkanını bağlayıb və Hindistanın İslamabaddakı diplomatik heyət sayına məhdudiyyət tətbiq edib. Pakistan hökuməti, "İndus suları müqaviləsi"ndən kənara çıxılaraq çaylara ediləcək istənilən müdaxiləni "müharibə səbəbi" kimi qiymətləndirəcəyini də bəyan edib.
67 dəfə oxundu