Venesuelada vəziyyət gərginləşir: Maduro şəxsi mühafizəsini gücləndirdi
Venesuela Prezidenti Nikolas Maduro Karib dənizində ABŞ-nin hərbi iştirakının güclənməsi fonunda özünün təhlükəsizliyi ilə bağlı tədbirləri sərtləşdirib.Bu barədə "Financial Times" (FT) mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, son həftələrdə Maduronun ictimai çıxışlarının müddəti qısaldılıb və əvvəlcədən elan edilməyən qrafik üzrə keçirilir. Əvvəllər çıxışları zamanı prezidenti həmişə müşayiət etmiş yüksəkvəzifəli şəxslər və hərbi rəhbərlik indi hakimiyyət nümayəndələrinə qarşı kollektiv hücumun qarşısının alınması məqsədi ilə daha belə tədbirlərə qatılmırlar.
Maduronun şəxsi mühafizəsinə getdikcə daha çox kubalı mütəxəssislər cəlb edilirlər. Çünki hakimiyyət ölkədəki iqtisadi böhran və inflyasiya fonunda Venesuela təhlükəsizlik qüvvələrinin loyallığının azalmasından ehtiyat edir.
"Maduro təhlükəli hallardan qorunmaq üçün klassik təhlükəsizlik protokollarını tətbiq edir. Əgər ictimai tədbir keçirirsə, orada yüzlərlə insanın toplanmasını istəyir, çünki bilir ki, belə olan halda Birləşmiş Ştatlar insanlara zərər yetirmədən hücum edə bilməyəcək", - deyə venesuelalı hərbi analitik Xose Qarsiya nəşrə müsahibəsində bildirib.
Qeyd olunur ki, Donald Trampın ilk prezidentlik dövründə ABŞ sanksiyalarının maksimum təzyiqinə davam gətirmiş Maduro Karib dənizində ABŞ hərbi gəmilərinin mövcudluğunu "rejimin dəyişəcəyinin carçısı" hesab edir.
Venesuela Prezidenti Nikolas Maduro dəfələrlə xəbərdarlıq edib ki, ölkəsi son 100 ildə ABŞ tərəfindən ən ciddi müdaxilə təhlükəsi ilə üzləşir. Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığına qarşı yetərincə aktiv mübarizə aparmamaqda ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizində 8 gəmi, 1 atom sualtı qayığı, 16 mindən çox hərbçi yerləşdirib və sentyabr ayından etibarən beynəlxalq sularda Venesueladan narkotik qaçaqmalçılığında əsassız ittiham olunmuş ən azı 20 sürətli qayığı və 76 adamı məhv edib.
Noyabrın 16-da Pentaqon bildirib ki, "Gerald R. Ford" aviadaşıyıcısı başda olmaqla ABŞ gəmilərindən ibarət zərbə qrupu Karib dənizinə daxil olub.
14 dəfə oxundu











