On minlərlə məhbus cəbhədə: Rusiya həbsxanaları necə boşalır? - Yeni hesabat
Rusiyada həbsxanalardakı məhbus sayının son illərin ən aşağı səviyyəsinə düşməsi Ukrayna müharibəsi ilə bağlı iddiaları yenidən gündəmə gətirib. Müstəqil mənbələr minlərlə məhkumun azadlıq vədi qarşılığında cəbhəyə göndərildiyini iddia edir.
Rusiya həbsxanalarında tarixi azalma
Qaynarinfo xəbər verir ki, Rusiya Federal Cəzaçəkmə Xidmətinin rəhbəri Arkadi Qostevin açıqladığı məlumatlara görə, ölkədə məhbusların sayı 2021-ci ildə təxminən 465 mindən 282 minə düşüb. Bu rəqəmə məhkəməni gözləyən təxminən 85 min şəxs də daxildir.
TASS və "Interfax”ın yaydığı məlumatlara görə, 2001-ci ildə Rusiya həbsxanalarında 1 milyondan çox məhbus olub.
"Cinayət təkrarı azalıb” izahı
Qostev məhbus sayının azalmasını yeni hüquqi nəzarət sistemləri və alternativ cəza mexanizmləri ilə izah edib. 2024-cü ildən tətbiq olunan sistem çərçivəsində şərti cəzalar, reabilitasiya proqramları və alternativ cəzaların genişləndirildiyi bildirilir.
Lakin eyni zamanda, ordunun müqaviləli əsgər cəlb etməsinin də bu azalmaya təsir etdiyi etiraf olunub.
Cəbhəyə göndərilən məhbuslar barədə iddialar
Rusiya hakimiyyəti müharibə başlayandan sonra həbsxana statistikasını daha məhdud şəkildə açıqlamağa başlayıb. Buna baxmayaraq, müstəqil media orqanları minlərlə məhkumun cəza əvəzinə döyüşə göndərildiyini yazır.
"Moscow Times” və BBC Rus xidməti müharibənin ilk mərhələsində "Vaqner” özəl hərbi şirkətinin həbsxanalardan geniş şəkildə döyüşçü topladığını iddia edib.
İki ayda 23 min nəfər azalma
"Mediazona”nın araşdırmasına görə, 2022-ci ilin sentyabr–oktyabr aylarında Rusiya həbsxanalarında kişi məhbusların sayı 23 min nəfər azalıb.
Platforma 2023-cü ildə ümumi azalmının 54 mini keçdiyini bildirir, lakin bu şəxslərin hamısının cəbhəyə göndərildiyi rəsmi olaraq təsdiqlənməyib.
"48 mindən çox məhbus döyüşə cəlb olunub” iddiası
BBC Rus xidməti 2024-cü ildə yayımladığı araşdırmada "Vaqner” qrupunun Ukrayna müharibəsi üçün 48 mindən çox məhbusu cəlb etdiyini iddia edib.
"Moscow Times” isə Ukrayna kəşfiyyatına istinadən 2024-cü ilin sonunadək 140 min–180 min arası məhkumun azad edilərək cəbhəyə göndərilmiş ola biləcəyini yazıb. Bu rəqəmlər rəsmi Moskva tərəfindən təsdiqlənməyib.
Rus ordusunda ağır itkilər iddiası
Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesabatına görə, müharibənin başlanmasından bəri 1,2 milyon Rusiya hərbçisi ya ölüb, yaralanıb, ya da itkin düşüb.
Hesabatda bu rəqəmin II Dünya müharibəsindən sonra bir ordunun yaşadığı ən böyük itkilərdən biri olduğu qeyd olunur.
5 dəfə oxundu












