Tərtərdə yeni tibb mərkəzinin açılışı olub

Tərtərdə yeni tibb mərkəzinin açılışı olubTərtərdə peşəkar həkimlərin fəaliyyət göstərdiyi və ən müasir avadanlıqlarla təchiz edilmiş “Tərtər Sağlamlıq Mərkəzi”nin açılışı olub.

Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, şəhid ailələri, qazilər, sağlamlıq mərkəzinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Klinikanın təsisçisi Yamən Cəfərov çıxış edərək qonaqları salamlayıb, sahibkarlara yaradılan şəraitə görə ölkə rəhbərinə minnətdarlığını bildirib. Qeyd edib ki, kollektivin ən böyük məqsədi sağlam gələcəyə gözəl və yüksək səviyyədə xidmət göstərməkdir. Klinikada vətəndaşlar üçün laboratoriya, ginekoloq, USM (ultrasəs müayinəsi), terapevt, stomatoloq, psixoterapevt və loqoped xidmətləri fəaliyyət göstərir. O, həmçinin şəhid ailələrinin klinikada növbədən kənar müayinə və müalicə oluna biləcəyini də vurğulayıb.

Rayon rəhbəri Müstəqim Məmmədov klinikanın açılışını əlamətdar hadisə kimi qiymətləndirərək, burada çalışan həkimlərin və tibbi heyətin vətəndaşlarımız üçün yüksək səviyyədə tibbi xidmət göstərəcəklərinə inandığını qeyd edib. RİH başçısı həmçinin qeyd edib ki, əvvəllər bəzi müayinə və müalicələr üçün qonşu rayonlara üz tutan rayon sakinləri bundan sonra yeni klinikanın xidmətlərindən istifadə edə biləcəklər. Peşəkar həkimlərin fəaliyyət göstərdiyi bu müəssisə deməyə əsas verir ki, qonşu rayonlardan da tibbi müayinələr üçün bura müraciət edənlər olacaq.

Çıxış edənlər YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, şəhid Qəhrəmanlı Yaqubun valideyinləri Abdulla Qəhrəmanov, Mətanət Qəhrəmanova və Birinci Qrabağ müharibəsinin əlilləri Tərlan Zeynalov, Eldəniz İbadov yeni tibb mərkəzinin istifadəyə verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Sonda tədbir iştirakçıları klinikanın imkanları ilə yaxından tanış olublar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
5 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...