Ehtiram Quliyevin “ədalət tərəzisi" - Görün 2 həftə ərzində necə dəyişib
![Ehtiram Quliyevin “ədalət tərəzisi" - Ehtiram Quliyevin “ədalət tərəzisi" -](/uploads/posts/2025-02/1739195409_1739185962_1731046848_1731045328_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg.jpg)
“Qarabağ”ın son oyunlardakı uğursuzluğu fonunda avrokuboklara vəsiqə verən yerlər və elitada qalmaq uğrunda mübarizə aparan komandaların fonunda Azərbaycan Premyer Liqasında mübarizə qızışıb. Son oyunlarda maraqlı nəticələr qeydə alınır və hadisələr baş verir.
Xüsusilə hakimliklə bağlı bir sıra məqamlar ortaya çıxıb. Mübahisəli qərarların sayı kifayət qədərdir. Bundan sonra da prosesin davam edəcəyini gözləmək olar.
Əslində futbol meydanında mübarizə olan yerdə hakimliyin müzakirəsi normal haldır. Çünki komandaların mübarizə aparmaq üçün məqsədlərinin olduğunu göstərir. Lakin bunun da öz çərçivəsi var.
Həftə sonu 22-ci tur çərçivəsində keçirilən “Sabah” – “Turan Tovuz” matçı da (2:1) hakimlik mövzusu ilə gündəmə gəlib. Qərb təmsilçisi oyunda hakimlikdən narazı qalıb. Ki, bunun olması təbii haldır. Yuxarıda qeyd etdiyimiz kimi, baxır hansı formada.
"Turan Tovuz" "bayquşlar"la oyundan sonra paylaşım edərək ədalət tələb edib: "Mövsüm ərzində artıq neçənci dəfədir hakim səhvləri ilə xal və ya xallardan məhrum oluruq. Son oyundan olan epizodları sizin ixtiyarınıza buraxırıq.
AFFA Hakimlər Komitəsinin sədri cənab Frank De Blekerin "Sabah" – "Turan Tovuz" oyununda hakimliklə bağlı fikirlərini səbrsizliklə gözləyirik. Hər zaman qeyd etdiyimiz kimi, təmiz futbol, ədalətli qərarlar tələb edirik!"
İndi gəlin 2 həftə əvvələ - yanvarın 26-na dönək. 20-ci tur çərçivəsində “Qarabağ”ın qonağı olan “Turan Tovuz” məğlub durumda olmasına baxmayaraq son dəqiqələrdə geri dönüş edərək 2:1 hesablı qələbə qazanır. Bu oyunda hakimdən narazı tərəf “Qarabağ” idi. Ağdam klubu 90-cı dəqiqədə künc zərbəsindən vurulan bərabərlik qolunda qayda pozuntusu olduğunu iddia edirdi.
Oyundan sonra “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev həmkarlarımıza açıqlama verərək hakimlikdən razı qaldığını bildirir. “Turan Tovuz” “Kəpəz”ə uduzur, sonra “Qarabağ”a qalib gəlir. Çempionatın səviyyəsini necə dəyərləndirirsiniz” sualına klub rəhbəri belə cavab verir:
“Çempionatda autsayder yoxdur. Hər komanda ciddi rəqibdir. Bunu görürük. İldən ilə çempionatımızda baxımlılıq artır. Bunun üçün təşkilatçılara, PFL-ə təşəkkür edirəm. Xüsusən də qeyd etməliyəm ki, hakimlər komitəsindəki dəyişiklik çempionatımıza müsbət təsir edib. Bizi gözəl günlər gözləyir”.
İndi sual olunur: “Turan Tovuz” belə açıqlama verməklə nə demək istəyir? Ehtiram Quliyev cəmi 2 həftə əvvəl təriflədiyi qurumu klubun verdiyi bəyanatla niyə pisləyir? Bir problem vardısa, ədalətə inanmırdınızsa, niyə tərifləyirdiniz? Tərifləyirdinizsə, indi niyə pisləyirsiniz? Məqsəd nədir? Azərbaycan Premyer Liqasını qalmaqallı Türkiyə Superliqasına çevirmək istəyirsiniz? Yoxsa hakimləri sıxmaqla nəyəsə nail olmağa çalışırsınız?
Əlbəttə, Azərbaycanda hakimliyin səviyyəsi heç də yüksək deyil. Heç kim bunu inkar etmir. Amma heç bir klub rəhbəri də çıxıb hakimliyi tərifləyib, “Bizi gözəl günlər gözləyir” deyib, 2 həftə sonra pisləmir.//publika.az
117 dəfə oxundu