Avtobuslarda məsafəyə uyğun ödəniş tətbiq OLUNACAQ? - RƏSMİ AÇIQLAMA

Avtobuslarda məsafəyə uyğun ödəniş tətbiq OLUNACAQ? -
Sərnişinlər şəhərətrafı və qəsəbələrarası avtobuslarda gediş haqqının düzgün hesablanmamasından narazıdırlar. Hazırda Azərbaycanda marşrut avtobuslarında ümumiyyətlə sabit tariflərlə ödəniş alınır, yəni məsafədən asılı olmayaraq hər kəs eyni məbləği ödəyir. Bu isə ölkədə marşrut avtobuslarında məsafəyə görə ödəniş sisteminin tətbiqi ilə bağlı müzakirələri yenidən aktuallaşdırır.

Qeyd edək ki, Nazirlər Kabineti 2020-ci ilə dair hesabatında “mütərəqqi beynəlxalq təcrübə”ni nəzərə alaraq avtobus və metroda sərnişinlərin gedəcəyi məsafəyə uyğun gediş haqqını ödəyəcəkləri ilə bağlı mexanizm hazırlamışdı. Belə ki, qısa məsafəni gedən sərnişinlə uzun məsafəni gedən sərnişin eyni məbləği ödəməyəcək. Lakin bu mexanizm işləmir və nəticədə sadə vətəndaş əlavə xərcə düşür.

Əslində gedişhaqqının məsafəyə uyğun ödənilməsi təcrübəsi dünyanın əksər ölkələrində tətbiq edilir. Hətta bir sıra ölkələrdə gedişhaqqı üçün günlük, həftəlik və aylıq kartlardan istifadə olunur. Sosial vəziyyəti zəif olan və ictimai nəqliyyatdan gün ərzində daha çox istifadə edən təbəqələr üçün müəyyən güzəştlər mövcuddur. Buna misal olaraq Türkiyədə tələbələr aylıq 100 lirə (təxminən 10 manat) ödəməklə 200 gediş əldə edirlər. Eyni zamanda Almaniya hökuməti də 49 avroluq aylıq biletin tətbiqini təsdiqləyib. SSRİ vaxtı Azərbaycanda da bənzər bir ənənə lakin fərqli bir formatda tətbiq olunub. Həmin dönəmdə sərnişinlərə sərfəli qiymətə aylıq biletlər satılıb.

Lakin, məsafəyə görə ödəniş sisteminin tətbiqi ilə, sərnişinlərin gedəcəkləri məsafəyə uyğun olaraq daha ədalətli qiymət müəyyən oluna bilər. Yəni daha az məsafə qət edən sərnişinlər daha az ödəniş edə bilər.

Bəs, Azərbaycanda məsafəyə görə ödəniş tətbiq olunması nə qədər realdır? Bu yöndə nə kimi addımlar atıla bilər?

Mövzu ilə bağlı millət vəkili Vüqar Bayramova müraciət etdik.

O, nəqliyyat sektorunda ödəniş sisteminə yenidən baxılmasına və təkmilləşdirilməsinə ehtiyac olduğunu vurğuladı.

"Ödəniş sisteminin təkmilləşdirilməsi nəqliyyat sektorunda ödənişlərin sistemli şəkildə cəlb edilməsini asanlaşdıracaq. Bununla yanaşı, mütəmadi olaraq ictimai nəqliyyatdan istifadə edən insanların daha ucuz qiymətlərlə səyahət etməsinə imkan verəcək".

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun fikrincə, hazırki vəziyyətdə sözügedən sistemə keçid mümkün görünmür.

"Ötən il ictimai nəqliyyatda sərnişindaşımanın bu təkliflər əsasında təşkil olunması təklif edilib, müzakirələr aparılıb. Məqsəd ondan ibarət idi ki, dövlət daşıyıcılara subsidiyalar verir. Onlar da mütəmadi olaraq sərnişindaşımanı həyata keçirirlər. Hətta bir sərnişin olsa belə marşrutlar buraxılır. Bu, həm avtobus sayının artırılmasına gətirib çıxarır, həm də qiymətlərin diferensiollaşdırılması da mümkün ola bilər. Məsələn, bir təqaüdçü sərnişindən başqa məbləğ alına bilərdi, digərlərindən isə başqa. Lakin bütün bunları həyata keçirmək üçün razılaşmalar həyata keçməlidir", - deyə E.Cəfərov fikrini yekunlaşdırıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirildi ki, marşrutlarda məsəfəyə görə differensial ödənişlərin tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir.

“Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında ödənişlər məsafədən asılı olmayaraq 50 qəpik təşkil edir. Şəhərətrafı və qəsəbələrarası avtobuslarda tariflər isə məsafəyə görə dəyişir. Hazırda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülür”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
41 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...