“Prezidentin tapşırığına əməl edilməyib” – Neft Emalı Zavodunda nə baş verir?

“Prezidentin tapşırığına əməl edilməyib” –
Neft Emalı Zavodu - sənaye obyektləri içərisində ətraf mühitə təsir dərəcəsinə görə ən yüksək risk dərəcəsinə malikdir. Məsələ heç də neftin emalı zamanı məşəl yanması nəticəsində əmələ gələn və digər qazların ətraf mühitə təsiri ilə məhdudlaşmır. Rusiya-Ukrayna müharibəsi bütün çılpaqlığı ilə NEZ üçün hansı risklərin olduğunu nümayiş etdirdi - yəni belə obyekt bomba effektli bir fəlakət mənbəyidir.

Gundeminfo.az xəbər verir ki, pravda.az-ın xəbərinə görə, bunu ekspert İlham Şaban bildirib.

“2015-ci ildə Azərbaycan hökuməti 1953-cü ildən istismarda olan bir zavodun Qaradağ rayonu ərazisinə köçürülərək tam yenidən tikintisini "modernizasiya və təmir" işləri ilə əvəzləmişdi. Və bu qərarı verərkən nəyi əsas gətirdiyi də ictimailəşdirilmədi. Halbuki 2008-ci ilin mayında Azərbaycan Respublikasının Prezidenti Nazirlər Kabinetinə tapşırıq vermişdi ki, Bakı şəhərində istismar edilən 2 neft emalı zavodunun şəhərdən kənar ərazidə müasir standartlara cavab verməklə tikintisini həyata keçirsin. Və hazırda 2025-ci ildir, amma Prezidentin tapşırığına əməl edilməyib. Nəinki əməl edilməyib, heç modernizasiya işləri tam başa da çatdırılmayıb. Nazirlər Kabineti və şəxsən Baş nazir hər ilin mart ayında, Novruz tətillərindən öncə Milli Məclisdə ötən ilin yekunları ilə bağlı hesabat verir. Mən bircə dəfə də eşitməmişəm ki, hökumət bəyan etsin ki, "neft emalı zavodunun modernizasiyasına nə qədər vəsait xərclənib, ötən il bu istiqamətdə nə işlər görülüb, modernizasiya işləri neçə faiz tamamlanıb və sonda bu iş nə qədər kapital qoyuluşu hesabına yekunlaşmalıdır"... Azərbaycan Dövlət Ststistika Komitəsinin "2024-cü ildə səbaye hesabatı" bülletenində göstərilib ki, ötən il Azərbaycanda Avro-5 keyfiyyət parametrində Ai-95 markalı benzin istehsal edilməyib. Edilməyibsə, onda məntiqi sual yaranır: modernizasiya dayanıb ya? Martın 3-də isə Milli Məclisdə müzakirələr zamanı Nazirlər Kabinetinin nümayəndəsi təəccüb doğuran bir fikir söyləyib: NEZ-in Bakıdan köçürülməsi məsələsinə baxılır. 10 il modernizasiya edəndən sonramı bu məsələyə baxılır?” – ekspert qeyd edib.

Qeyd: Zavodu SOCAR-ın “Downstream Management” şirkəti modernizasiya edir. Şirkətin baş direktoru Emil Alxaslı Aydın oğludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
80 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...