Bəzi restoranlarda “Qırmızı kitab”dakı heyvanların ətləri verilirmiş - Xəbərdarlıq

Bəzi restoranlarda “Qırmızı kitab”dakı heyvanların ətləri verilirmiş -
İctimai iaşə müəssisələrində qanunsuz ov ətlərinin istifadəsi və satışına, həmçinin sanitar-gigiyenik tələblərə uyğunluğuna nəzarət məqsədilə IDEA İctimai Birliyi və Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə ölkə ərazisində fəaliyyət göstərən ümumilikdə 581 qida obyektində monitorinqlər həyata keçirilib.

Gundeminfo.az xəbər verir ki, monitorinqlər zamanı 42 obyektdə qanunsuz ov əti məhsullarından istifadə edilməsi halları müşahidə edilib.

Belə ki, Bakıda 10 və regionlarda yerləşən 32 müəssisədə ov məhsullarının istehlaka verilməsi faktı müəyyən edilib.

Ümumilikdə monitorinqlər zamanı sözügedən müəssisələrdə qanunsuz ovlanmış vəhşi heyvanların ətləri, habelə “Qırmızı kitab”a daxil edilmiş turac və tirəndaz (oxlu kirpi) ətləri aşkar edilib. Aşkar edilmiş pozuntularla əlaqədar həmin müəssisələrdə qanunvericiliyə uyğun aparılmış nəzarət tədbirləri çərçivəsində məhsullar möhürlənərək dərhal satışdan kənarlaşdırılıb, həmçinin sanitar pozuntularla bağlı sahibkarlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq inzibati tədbir görülüb.

Eyni zamanda, aparılmış nəzarət tədbirləri çərçivəsində aşkar edilmiş məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub. Hazırda müayinələr davam etdirilir.

Qeyd edək ki, monitorinqlər zamanı 7 obyektdə aşkar edilmiş “Qırmızı kitab”a daxil edilən tirəndaz (oxlu kirpi) və turac ətləri ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən zəruri araşdırma aparılır. İDEA İctimai Birliyi, Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha vurğulayır ki, ətraf mühiti qorumaq hər bir kəsin vəzifəsidir. Təbiətin mühafizəsi və nəsli kəsilməkdə olan heyvan növlərinin qorunması yalnız birgə məsuliyyət çərçivəsində mümkün ola bilər.

Bundan əlavə, mənşəyi məlum olmayan, baytarlıq yoxlamasından keçməyən ət məhsulları, xüsusilə də qanunsuz ov nəticəsində əldə edilən ətlər müxtəlif yoluxucu xəstəliklərin daşıyıcısı ola bilər, bu isə insanların sağlamlığı üçün ciddi təhlükə yaradır.

İctimai iaşə müəssisələrində qanunsuz ov ətlərinin istifadəsi və satışı hallarının qarşısının alınmasında ictimaiyyətin fəal iştirakı mühüm rol oynayır. Bunu nəzərə alaraq, İDEA İctimai Birliyi hər kəsi ekoloji məsuliyyət nümayiş etdirməyə, qanunsuz ovçuluğun qarşısının alınmasına töhfə verməyə çağırır.


Bəzi restoranlarda “Qırmızı kitab”dakı heyvanların ətləri verilirmiş -
Bəzi restoranlarda “Qırmızı kitab”dakı heyvanların ətləri verilirmiş -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
66 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...