Rusiya bu məlumatı Azərbaycandan gizlədib - Moskvanın “Qara siyahı”sında kimlər var?
Xəbər verdiyimiz kimi, dünən Rusiyaya səfər edən Azərbaycan nümayəndə heyətinin tərkibində olan deputat Azər Badamov Moskvadakı hava limanında saxlanılıb və ona Həştərxana uçan reysə minməyə icazə verilməyib. A.Badamova ölkəyə girişinə qadağa qoyulduğu bildirilib. İddialara görə, bu qərar Rusiya parlamentinin deputatı Valuyevin Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlamalarına cavab olaraq səsləndirilən tənqidlər fonunda qəbul edilib. Belə ki, Valuyevə qarşı sərt mövqe nümayiş etdirən Azər Badamovun Rusiya tərəfindən “qara siyahıya” salındığı ehtimal olunur.
Mövcud vəziyyət göstərir ki, Rusiya və ya digər ölkələrlə bağlı sərt mövqelər ifadə edən, ictimai tənqid səsləndirən bəzi şəxslər həmin ölkələrə səfər etməyə çalışarkən, yalnız sərhəd keçid məntəqəsində onların adlarının arzuolunmaz şəxslər siyahısında olduğunu öyrənirlər. Bu hallar sadəcə adi vətəndaşlarla məhdudlaşmır, diplomatik toxunulmazlığa malik deputatlar və tanınmış ictimai-siyasi fiqurlar da eyni aqibətlə qarşılaşırlar.
Bu yanaşmanın hüquqi əsası varmı? Nəyə görə həmin şəxslərə qabaqcadan rəsmi məlumat verilmir? Əgər vaxtında belə xəbərdarlıq edilsəydi, onlar səfərdən imtina edər, nəticədə bu cür gərginliklər və xoşagəlməz hadisələr yaşanmazdı.
Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, Azər Badamovun başına gələnlər bu günkü Rusiya-Azərbaycan münasibətlərinin reallığı ilə uzlaşmır:
“İki ölkə arasında münasibətlərdə müəyyən gərginliklər müşahidə olunurdu. AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması, Azərbaycanın haqlı tələblərinə Rusiyanın adekvat reaksiya verməməsi, “Rus evi” məsələsi və digər oxşar hadisələr bu gərginliyin əsas səbəbləri sırasındadır.
Zamanında anti-Azərbaycan mövqeyi ilə çıxış edən, o cümlədən Rusiya parlamentinin deputatı olan Nikolay Valuev kimi şəxslərin Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan edilməsi ölkəmizin haqlı və prinsipial mövqeyidir. Görünür, həmin dövrdə Rusiya da bəzi Azərbaycan vətəndaşlarını səbəb göstərmədən və rəsmi şəkildə açıqlamadan arzuolunmaz şəxs elan edibmiş.
Xeyal besirovƏgər bir ölkə hər hansı şəxsi “persona non grata” elan edirsə, bu qərar rəsmi şəkildə açıqlanmalı və şəffaflıq təmin olunmalıdır. Hazırda yaranmış vəziyyət isə belədir ki, insanlar yalnız Rusiyaya səfər etdikdən sonra onların həmin statusda olub-olmadığını öyrənirlər.
Azər Badamovun da daxil olduğu nümayəndə heyəti Rusiyanın Həştarxan vilayətinin rəhbərliyinin dəvəti ilə Rusiyaya səfər ediblər. Azərbaycan XİN ona görə də bu məsələni dəqiqləşdirməyib. Lakin bu kimi halların qarşısını almaq üçün vətəndaşlar səfərdən öncə rəsmi şəkildə onların adlarının “qara siyahıda” olub-olmadığını müəyyənləşdirməlidirlər.
Ümumiyyətlə, hər hansı bir ölkənin vətəndaşı digər ölkə tərəfindən “persona non grata” elan edilə bilər, lakin bu qərarlar dövlətlərarası münasibətlərə mənfi təsir göstərməməlidir.
Yeri gəlmişkən, bir müddət əvvəl Rusiya Patriarxı Kirill Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı Prezident Vladimir Putinin Qələbənin 80 illiyi münasibətilə Moskvaya səfər etməsi xahişini çatdırmışdı. Bu cür vacib məqamlar ərəfəsində xoşagəlməz halların müşahidə olunması təəssüf doğurur. Bu kimi hallarla qarşılaşmamaq üçün bəzən mövcud qanunvericilikdən kənar əlavə tədbirlərin görülməsi də zəruri ola bilər”.
28 dəfə oxundu