Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI

Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi
“Elm və Təhsil Nazirliyi rəhbər heyəti tam şəkildə istefa verməlidir”.

Bu sözləri açıqlamasında təhsil eksperti, sosioloq Elçin Bayramlı bildirib.

Ekspert Elm və Təhsil Nazirliyinin “TikTok” sosial şəbəkəsində müəllimlər üçün müsabiqə keçirməsini qınayıb:

“Bu bir biabırçılıqdır. Çünki Elm və Təhsil Nazirliyi Azərbaycanda təhsili məhv etmək üçün əlindən gələn hər şey edir və artıq buna nail olub. İndi də son addımlarını atır. Müəllimlərin dərsdən başqa hər işlə məşğul olmasını təşkil etmək üçün “TikTok” kimi şəbəkəyə onları dadandırmaq, daha çox maraq yaratmaq və iş-güclərini buraxıb nələrsə çəkib hazırlamaq məsələsini ortaya qoyur. Halbuki, normal elmi müsabiqələr, yazı müsabiqələri keçirmək olardı. Hər hansı başqa bir formada intellektual yarışlar keçirə bilərdilər”.

Ekspert müsabiqənin şərtlərinə də irad bildirib:

“Şərtlərə baxın, 30 saniyə olmalıdır video. 30 saniyəyə nə video ola bilər?! İnsanlara axmaq-axmaq şeyləri öyrətmək nəyə lazımdı?! İkincisi, kriteriyaya diqqət edin: daha yaxşı, savadlı video hazırlayan yox, daha çox baxış toplayan qalib gələcək. Yəni, hər cür “bambılılıq”, şou çıxarın, gecə-gündüz videonu ona-buna göndərin, paylaşın, işinizi-gücünüzü buraxıb “TikTok”la məşğul olun. Ən axmaq material belə çox baxış toplasa, o qalib olacaq. Belə bir rəzalət nəzəri cəhətdən də mümkün deyil. Düşünsəniz, heç şeytanın da ağlına gəlməz. Bu nazirliyin məqsədi, fikri nədir?! Məhv edib bütün təhsili, darmadağın eləyib müəllimlərin başına bir oyun açır, şagirdlərin başına min oyun açır, indi də belə işini-gücünü buraxıb keçib sosial şəbəkədə müəllimlərdən ibarət bir şou yaratmağa. Bu elə bir biabırçılıqdır ki, bizim əlifbada ifadə edəcək söz də yoxdur. Bu biabırçılıqlara son qoyulmalıdır. Bəsdirin, bu təhsil deyil, nə oyundur, nə şoudur çıxarırsınız?!”

“Hələ qoyduqları mükafata baxın. “iPhone 16 Pro”. Dünyanın ən son model, ən bahalı telefonunu qoyurlar uduşa, halbuki müəllim ən son model telefon işlətməməlidir. Sən müəllimə sanatoriyaya bilet, işlərini görmək üçün hər hansı kompüter, hər hansı bir avadanlıq verə bilərsən, amma bahalı telefon yox! Bundan əlavə, bütün müəllimlər – təbii ki, normal müəllimlərdən başqa digərləri başlayacaq şagirdləri məcbur etməyə ki, girin “TikTok”a, bəyənib paylaşın. Qısacası, müəllimlər və şagirdlər işlərini buraxıb orada məşğul olacaqlar. O sosial şəbəkə də murdar, rəzil, pozğun bir yerdir. Yerdə qalan əhalini, yaşlıları ora doldurmaq üçün Elm və Təhsil Nazirliyi var gücü ilə çalışır. Bu biabırçılığın bəraət veriləcək tərəfi yoxdur. Bundan daha biabırçı heç nə yoxdur. Nazirliyin rəhbərləri tam heyətlə istefa verməlidir. Belə nazirliyin olmağındansa, olmamağı daha yaxşı olar”/yenicag.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
23 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...