Müharibənin ən dəhşətli anı gəlir - Rusiya cəhənnəmə dönəcək

Müharibənin ən dəhşətli anı gəlir -
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ilə sülh razılaşması əldə etmək üçün verdiyi 50 günlük müddəti 10-12 günə endirdiyini bildirib.

“Mən bu gündən etibarən təxminən 10 və ya 12 günlük yeni son tarix təyin edəcəyəm. Gözləməyə heç bir səbəb yoxdur. Mən xoşniyyətli olmaq istəyirəm, lakin biz heç bir irəliləyiş görmürük”,- deyə Tramp vurğulayıb.

O, Rusiyaya ikinci dərəcəli tariflər tətbiq edəcəyini təkrarlayıb.

Bəs, bu müddət başa çatdıqdan sonra Rusiyaya qarşı daha hansı addımlar atıla bilər?

Mövzu ilə bağlı siyasi şərhçi Oktay Qasımov Bakupost.az- a açıqlamasında bildirib ki, Trampın bu qərarı onun Putinin siyasətində dəyişiklik olmayacağına əminliyindən qaynaqlanır:

“Donald Tramp nəhayət o qənaətə gəldi ki, Rusiyaya 50 gün vaxt verməklə 10-15 gün vaxt verməyin fərqi yoxdur. Çünki Vladimir Putinin Ukrayna savaşı ilə bağlı siyasətində hansısa bir dəyişikliyin olması mümkün deyil. Məhz bu səbəbdən də Rusiyaya tanıdığı 50 günlük vaxtı daha da qısaltdı.”

Politoloqun fikrincə, yaxın müddətdə Tramp Rusiya ilə bağlı ikinci dərəcəli sanksiyaların tətbiqinə başlaya bilər:

“Bildiyiniz kimi, Amerika Birləşmiş Ştatlarında artıq 87 senatorun imzaladığı qanun layihəsi mövcuddur. Bu qanun layihəsinə görə, Rusiyaya qarşı sərt sanksiyaların tətbiqi nəzərdə tutulur. Bundan başqa, Ukraynaya tədarük olunan silah və hərbi texnika ilə bağlı müəyyən dəyişikliklər baş verə bilər. Əslində, həmin tədarüklər dayanmayıb və mövcud razılaşmaya əsasən, ABŞ Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri ilə təmin olunmasına razılıq verib. Yəni Avropa İttifaqının və NATO ölkələrinin maliyyə dəstəyi ilə bu sistemlər alınıb Ukraynaya verilməlidir. Bu proses daha da intensivləşə bilər”.

O.Qasımov bildirib ki, ABŞ və NATO-nun Ukraynaya daha uzaqmənzilli və dəqiq raket sistemləri təqdim etməsi də mümkündür:

“Bu raketlərlə Rusiyanın dərinliklərindəki hədəflərə zərbələr endirilməsinə razılıq verilə bilər. Bunlar hələlik ehtimal səviyyəsində olan məsələlərdir. Hər halda düşünürəm ki, Donald Tramp avropalı tərəfdaşlarının da müəyyən təlqin və təşviqləri nəticəsində o qənaətə gəlib ki, Rusiya sülhdə maraqlı deyil və Ukraynada işğalçılıq siyasətini davam etdirəcək. Bu baxımdan bir çox variantlar mümkündür. Yaxın 10-15 gün ərzində vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyini görəcəyik. Mən düşünürəm ki, ilkin mərhələdə, bir daha qeyd edirəm, ikinci dərəcəli sanksiyalarla başlanacaq, daha sonra isə əgər Rusiya inadkarlıq göstərməyə davam etsə, bu tədbirlərin miqyası arta bilər. Diqqət etmisinizsə, Donald Tramp qeyd edib ki, artıq Putinlə görüşməyə ehtiyac duymur, çünki onlar faktiki olaraq bütün məsələləri telefonda müzakirə ediblər və Tramp Putinin mövqeyini də çox yaxşı bilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
61 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...