Bəxtiyar Vahabzadə Ramiz Mehdiyevə niyə “tip” deyib?
KONKRET.az xəbər verir ki, bu açıqlama ilə Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Firuz Mustafa çıxış edib. O, elə söhbətin “açarı”nın da o kitabla bağlı olduğunu vurğulayıb:
“Əsrin əvvəlinin söhbətidir. Yəni 2000-ci illərin. Bir dəfə dayım yazıçı Nahid Hacızadə ilə nəşriyyatda (“Azərbaycan” nəşriyyatı) Bəxtiyar müəllimi qarşıladıq. Şair bizə yeni kitabını verdi. Mənə dedi ki, Hüseynağa (Atakişiyevi nəzərdə tuturdu-F.M.) sənin pyeslərini tərifləyir, kitab şəklində çıxıbsa ver oxuyum. Söz verdim ki, gətirərəm. O, dedi ki, kitabı gətirmək üçün şoferi göndərə bilərdim, amma…
Bəxtiyar müəllim gülüb üzünü Nahid müəllimə tutaraq bu “əmmadan” sonra “dərdini” yumor qarışıq bir tonda danşımağa başladı:
-Nahid, Heydər Əliyevin göstərişi ilə bizim mənzilə “üçrəqəmli” telefon çəkiblər. Bir maşın da ayırıblar. Prezident tapşırmışdı ki, sürücünün maaşı və yanacaq dövlət hesabına olsun. Amma sürücü ilə mən özüm yollaşıram. Qalır yanacağın pulu. Artıq onu da özüm almağa məcburam. Bilirsən niyə? “Aparatda” Ramiz adlı birisi var. Hamınız onu yaxşı tanıyırsız. Hələ Sovet vaxtından mənim ondan zəhləm gedir, onun da məndən. Ümumiyyətlə, onun yaradıcı adamları, alimləri, xüsusilə, şair-yazıçı tayfasını görməyə gözü yoxdur. Antimillidir. Söz yox ki, Moskvanın buradakı adamıdır. Gör bir bu necə … tipdir ki, dolayısı ilə mənə pislik etmək istəyir. İşlər idarəsinə tapşırıb ki, Bəxtiyarın sürücüsünə heç nə verməyin- nə maaş, nə də yanacaq… Mən belə xırda-xuruş şeyləri Heydər müəllimə demək istəmirəm…
Mən dedim ki, Bəxtiyar müəllim, haçan desəniz kitabı özüm Sizə çatdıraram. Şair “Teleteatrdan” aşağıda olan evin səmtini nişan verdi. Dedim ki, tanıyıram, taparam. Tapşırdı ki, kitabı həyətin qapısındakı gözətçiyə verərsən, mən oradan özüm götürərəm.
Bir-iki gün sonra yuxarıda haqqında söhbət açdığım kitabı- “Adsız” pyeslər toplusunu şairin dediyi yerə çatdırdım.
Burada Bəxtiyar müəllimin Ramizlə bağlı dediyi daha “yağlı” sözləri olduğu kimi yazmağa ehtiyac duymadım”.
18 dəfə oxundu










