Vüqar Qurbanovun gedişi: İddialar gündəmi silkələyir, TƏBİB-də islahatlar başlayır?
Xüsusilə paytaxt və region poliklinikalarında yaranan sıxlıq, uzun növbələr, eləcə də təcili tibbi yardım briqadalarının gecikməsi ilə bağlı şikayətlərin öz həllini tapmaması diqqət çəkirdi. Sosial şəbəkə platformalarında və mediada vətəndaşlar sözügedən problemlərdən, koordinasiya çatışmazlığından və idarəetmədə səmərəsizlikdən narazılıq edirdilər.
Vüqar Qurbanov vəzifəsindən azad edildikdən sonra ictimai müzakirələrdə onun adının korrupsiya və vəsaitlərin təyinatı üzrə xərclənməməsi ilə bağlı iddialarda hallanması da diqqət çəkib. Sosial mediada onun mümkün istintaqa cəlb oluna biləcəyi, hətta həbs edilə biləcəyi ilə bağlı müxtəlif iddialar səsləndirilsə də, bu barədə rəsmi qurumlar tərəfindən hər hansı məlumat verilməyib.
Belə bir həssas mərhələdə rəhbər dəyişikliyi səhiyyə sistemində struktur və idarəetmə islahatlarının başlanğıcı kimi də qiymətləndirilir. Hazırda diqqət quruma yeni rəhbərin kim olacağına yönəlib. Hələlik isə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.
Gundem.info.az xəbər verir ki, mövzu ilə bağlı News24.az-a danışan həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, səhiyyə sistemində tənqidi fikirlərin səsləndirilməsi tamamilə təbii prosesdir və bu, hər hansı bir şəxsdən daha çox sistemin mürəkkəbliyi ilə bağlıdır:
“Ümumiyyətlə, səhiyyə sistemi çox ağır və məsuliyyətli bir sahədir. Bu sahədə hamının razı qalması praktiki olaraq mümkün deyil. Çünki burada söhbət insan sağlamlığından gedir. Ən xırda problem belə cəmiyyətdə böyük rezonans doğura bilir. Digər tərəfdən, ayrılan vəsaitlə dünya səviyyəsində, ideal modeldə sığorta təbabəti qurmaq çətindir. Mövcud resurslar çərçivəsində maksimum nəticə əldə etməyə çalışılır”.
Ekspert qeyd edib ki, İcbari Tibbi Sığorta sisteminin tətbiqi özü-özlüyündə böyük və mürəkkəb islahatdır və bu prosesi qısa müddətdə ideal səviyyəyə çatdırmaq çətindir:
“Qurum rəhbərindən asılı olmayan bir çox struktur və maliyyə amilləri mövcuddur”.
“Vüqar Qurbanov ictimaiyyətə açıq, mediaya münasibətdə əlçatan rəhbər idi. O, ictimaiyyət adamı idi. Cəmiyyətə açıq idi. Jurnalistlər onunla mütəmadi əlaqə saxlayırdılar, suallarını ünvanlayırdılar. O da mediadan qaçmırdı, cavab verməyə çalışırdı. Bu, müsbət cəhət idi. Çünki səhiyyə kimi həssas sahədə şəffaflıq və kommunikasiya çox vacibdir”,- deyə o qeyd edib.
Adil Qeybulla bildirib ki, hazırda müxtəlif şəxslərin adı mümkün namizədlər kimi hallansa da, bu məsələdə yekun qərar səlahiyyətli qurum tərəfindən veriləcək və əsas məqsəd sistemin daha da təkmilləşdirilməsi olmalıdır:
“Əsas odur ki, kim gəlirsə-gəlsin, sistemdə irəliləyiş olsun, xidmətin keyfiyyəti artsın, vətəndaş məmnunluğu yüksəlsin. Bu, şəxslərdən daha çox struktur yanaşmadan asılıdır. Təbii ki, dəyişikliklər yalnız müvafiq qərar əsasında mümkün olacaq. Səhiyyə sahəsində aparılan islahatlar mərhələli şəkildə davam etməli, maliyyə dayanıqlığı və idarəetmə mexanizmləri gücləndirilməlidir”.
7 dəfə oxundu












