Azərbaycanda ətlə bağlı qadağalar olacaq
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, belə siyahının hazırlanması çox müsbət haldır.
“Azad İstehlakçılar Birliyi bu məsələni dəfələrlə, gündəmə gətirilib. Şükürlər olsun ki, kütləvi informasiya vasitələrinin səsi Nazirlər Kabineti tərəfindən eşidilib. Bu, həqiqətən də böyük uğurdur. Çünki hazırda ölkədə faktiki olaraq heç bir heyvan ətinin satışına qadağa tətbiq olunmayıb. Azad İstehlakçılar Birliyinin ofisində 1963-cü ildə dərc olunmuş kitabça da saxlanılır. Həmin nəşrdə Sovet İttifaqına daxil olan respublikalar arasında yalnız Azərbaycanda eşşək ətinin yeyilməli hesab olunduğu və ona hətta qiymət qoyulduğu göstərilib. Sonradan araşdırmalar nəticəsində məlum olub ki, bu sənədi ermənilər tərtib ediblər və məqsəd Azərbaycan xalqını vəhşi, eşşək əti yeyən xalq kimi təqdim etmək olub. Həmin kitabça bu gün də birlikdə saxlanılır”.
O deyib ki, belə bir siyahının hazırlanması çox müsbət addımdır:
“Çünki bəzən ənənəvi olmayan ətlər məsələn, at və ya eşşək əti digər ətlərlə qarışdırılaraq satışa çıxarılır. Bu isə həm istehlakçıların aldadılması, həm də qida təhlükəsizliyi baxımından ciddi problemlər yaradır. Ona görə də belə təşəbbüsü alqışlayıram. Bu məsələdə yalnız müsəlman və halal standartları ilə kifayətlənmək lazım deyil. Eyni zamanda “Koşer” standartlarına da nəzər yetirilməsi faydalı ola bilər. “Koşer” yəhudilərin qida standartlarıdır və orada kifayət qədər ciddi tələblər mövcuddur. Azərbaycanda halal standartları qəbul edilən zaman mən də çıxış etmişdim və məsələn, onurğasızların, zürafə ətinin və bu kimi bəzi heyvan ətlərinin qadağan olunmasını təklif etmişdim. Lakin halal standartı çox yumşaq şərtlərlə qəbul olundu. Buna görə də müqayisə üçün “Koşer” standartlarına baxılması pis olmazdı. Çünki həmin sistemdə qida ilə bağlı daha sərt və konkret tələblər mövcuddur”.
5 dəfə oxundu










