TƏBİB-lə bağlı müəmmalara son - Rəhbərliyə surpriz təyinat

TƏBİB-lə bağlı müəmmalara son - TƏBİB ətrafında baş verən son dəyişikliklər qurumun gələcək taleyi ilə bağlı sualları artırsa da, artıq bəzi məqamlar aydınlaşmağa başlayıb.
Bakupost.az xəbər verir ki, direktor Vüqar Qurbanovun vəzifədən azad olunması, ardınca icbari tibbi sığorta sistemində struktur dəyişiklikləri və bu sahənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilməsi müzakirələri daha da intensivləşdirib.

Bir müddətdir mediada səslənən əsas ehtimallardan biri icbari tibbi sığortanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, TƏBİB-in isə Səhiyyə Nazirliyinə birləşdirilməsi idi. Bu ssenaridən yalnız birinci hissə reallaşdı. Lakin TƏBİB-in Səhiyyə Nazirliyinə verilməsi baş tutmadı və bu, yeni versiyaların ortaya çıxmasına səbəb oldu.

İki əsas versiya nə idi?

Birinci versiyaya görə, TƏBİB ayrıca qurum kimi saxlanılsa da, faktiki olaraq Səhiyyə Nazirliyinin nəzarətinə veriləcəkdi. Qurumun Müşahidə Şurasının sədri postuna Səhiyyə naziri Teymur Musayevin gətiriləcəyi iddia edilirdi. Bu halda TƏBİB formal müstəqil qalsa da, idarəetmə baxımından nazirliyin təsiri altına düşəcəkdi.

BakuPost

İkinci versiya isə daha iddialı idi. Belə ki, Müşahidə Şurasına Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramovun rəhbər təyin olunacağı, bunun isə ümumilikdə səhiyyə sektorunda "kurasiya"nın dəyişməsi anlamına gələcəyi deyilirdi.

Anar Bayramovun nazir müavini olmazdan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olması, tibb təhsili və bu sahəni yaxşı bilməsi ikinci versiyanı daha da qüvvətləndirirdi.

Hətta bu təyinatın gələcəkdə onu səhiyyə naziri postuna aparacağı ehtimalları da səsləndirilirdi.

Lakin bu iki ssenarinin heç biri reallaşmadı.

TƏBİB hələlik müstəqil qurum kimi saxlanılacaq, qurumun strukturunda radikal birləşmə addımı atılmayacaq, əsas dəyişiklik rəhbərlik səviyyəsində olacaq, İdarə Heyəti formalaşdıqdan sonra TƏBİB-in icraçı direktoru və müavinlər müəyyənləşəcək.

Bakupost.az xəbər verir ki, TƏBİB-in Müşahidə Şurasının sədri vəzifəsinə gözlənilməz – “sürpriz” hesab edilən bir şəxs gətirildi - Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov...

Bu posta Prezident Admnistrasiyasından nüfuzlu bir adamın təyin edilməsi ilə TƏBİB-in siyasi və inzibati çəkisi artacaq, qurum üzərində birbaşa nəzarət mexanizmi güclənəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
13 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...