Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…

Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? –  Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin ünvanlı sosial yardımla bağlı açıqlaması maraqla qarşılanıb. Onun sözlərinə görə, hazırda 80 min ailə – 350 minə yaxın şəxs ünvanlı sosial yardım alır.

Sitat: “Yardımın hər ailəyə düşən orta məbləği 428 manat təşkil edir. Ötən müddət ərzində bu məbləğ 2,4 dəfə artaraq 175 manatdan 428 manata çatıb. Həmçinin, ehtiyac meyarının məbləği 130 manatdan 300 manata qədər yüksəlib”.

Bu göstəricilər Azərbaycan üçün normaldırmı? Orta məbləğ artırıla bilər?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, ekspert Akif Nəsirli deyib ki, bu rəqəmlər ümumi olaraq mövcud sistemin əks-sədasıdır:

“Əhatə dairəsi baxımından yanaşsaq, 350 min nəfər – Azərbaycanın 10 milyonluq əhalisinin yalnız 3,5%-ni təşkil edir. MDB ölkələri və müqayisəli inkişaf səviyyəsindəki dövlətlərin əksəriyyətində sosial yardımın əhatə dairəsi adətən 8-15% arasında olur. Nəzərə alsaq ki, ölkədə hələ də əhəmiyyətli yoxsulluq səviyyəsi mövcuddur, sözügedən rəqəm aşağı görünür. 428 manat orta məbləğ ailə üzrə aylıq təxminən 250 dollar deməkdir. Bakıda orta icarə haqqı, kommunal xərclər və ərzaq qiymətləri nəzərə aldıqda bu məbləğ bir ailənin əsas ehtiyaclarını ödəməyə kifayət deyil. Regionlarda yaşayış xərcləri daha aşağı olduğundan vəziyyət bir qədər fərqlidir, lakin yenə də həmin məbləğin tam adekvat olduğunu söyləmək çətin məsələdir”.

İqtisadçı bildirib ki, bu məbləğin texniki baxımdan artırılması mümkündür:

“Çünki Azərbaycanın neft gəlirləri və büdcə ehtiyatları bu yükü daşımağa imkan verir. Lakin praktiki əngəllər mövcuddur. Məbləği artırmaqla yanaşı, əhatə dairəsini genişləndirmək, yəni yardım alan ailə sayını artırmaq daha böyük sosial effekt verə bilər. Məsələn, Gürcüstan öz sosial yardım sistemini son illərdə əhəmiyyətli dərəcədə genişləndirib, Türkiyə isə müxtəlif yardım proqramlarını birləşdirərək daha böyük kütləni əhatə edən bir model qurub. Azərbaycan da bu təcrübələrdən faydalana bilər.

Türkiyə sosial yardım sistemini tək bir qurumun – Sosial Yardımlaşma və Həmrəylik Fondunun (SYDV) nəzarəti altında toplayıb. Bu fond ölkədəki 1000-dən çox qurumla birlikdə işləyir. Yardımlar yalnız pul ödənişi ilə məhdudlaşmır, ərzaq dəstəyi, yanacaq yardımı, sağlamlıq xərcləri, təhsil stipendiyaları və ev alətlərinin verilməsi kimi müxtəlif formalar mövcuddur. Gürcüstan daha fərqli bir yol seçib. Ölkə “yoxsulluğun qiymətləndirilməsi” üçün xüsusi bir reytinq sistemi tətbiq edib. Hər ailə sosial-iqtisadi vəziyyətinə görə xal alır və yardım buna əsasən müəyyən edilir. Bu sistem subyektivliyi minimuma endirir. Bundan başqa, Gürcüstan tibbi sığorta ilə sosial yardımı birləşdirib. Yardım alan ailələr avtomatik olaraq dövlət sağlamlıq proqramına daxil olur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
16 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...