Yeni qanun özəl bağçalarda qiymət artımına səbəb olacaq?
GUNDEMİNFO APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.
O bildirib ki, özəl müəssisələr xidmət haqqını artırdıqca müsabiqədə qalib olmaq və daha çox uşağı cəlb etmək imkanları azalır.
"Özəl müəssisələr bunu yaxşı bilirlər. Hesab edirəm ki, bu baxımdan ciddi qiymət artımı baş verməyəcək", – deyə Vəfa Yaqublu vurğulayıb.
Direktor müavini qeyd edib ki, qəbul edilən qanun bir tərəfdən dövlət məktəbəqədər təhsil müəssisələrində növbədə gözləyən uşaqların sayının azalmasına, daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunmasına şərait yaradacaq.
Onun sözlərinə görə, digər tərəfdən bu mexanizm özəl məktəbəqədər təhsil müəssisələrinin inkişafına, onların potensialından daha səmərəli istifadə edilməsinə imkan verəcək.
"Bu, həm də yeni iş yerlərinin açılması deməkdir. Tam gücü ilə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə yeni tərbiyəçi-müəllimlərə və dayələrə ehtiyac yaranacaq ki, bu da onların məşğulluğunun təmin olunmasına töhfə verəcək", - deyə Vəfa Yaqublu əlavə edib.
15 dəfə oxundu











