“Neftin hər 10 dollar bahalaşması Azərbaycana 1,2 milyard dollar qazandırır” – Mərkəzi Bankının sədri
GUNDEMİNFO xəbər verir ki, bu fikirləri Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov AZTV-yə müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, enerji daşıyıcılarının bahalaşmasının müsbət tərəflərindən biri ölkənin strateji valyuta ehtiyatlarının artmasıdır. “İlk altı ayın nəticələrinə görə Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard ABŞ dollarına çatıb. Bu, altı ay ərzində 700 milyon dollar artım deməkdir. Eyni zamanda, bu müddətdə Dövlət Neft Fondu dövlət büdcəsinə 3,77 milyard ABŞ dolları transfert edib”, – deyə Mərkəzi Bank sədri bildirib.
Kazımov qeyd edib ki, hesablamalara əsasən, mövcud hasilat həcmi nəzərə alınmaqla neftin qiymətinin hər 10 dollar artması Azərbaycan iqtisadiyyatına təxminən 1,2 milyard ABŞ dolları əlavə gəlir gətirir.
Onun sözlərinə görə, təbii qazın 1000 kubmetrinin orta qiymətinin 50 dollar yüksəlməsi isə ölkəyə əlavə 900 milyon ABŞ dolları gəlir qazandırır. Qiymətlər aşağı düşdükdə isə təsir eyni həcmdə, lakin əks istiqamətdə olur.
Neft və qaz üzrə yeni proqnozlar
Mərkəzi Bank sədri bildirib ki, hazırkı proqnozlara əsasən, 2026-cı ildə bir barel neftin orta qiymətinin 84,5 ABŞ dolları, 2027-ci ildə isə 78 ABŞ dolları olacağı gözlənilir.
Təbii qazın 1000 kubmetrinin orta qiymətinin isə müvafiq olaraq 324 ABŞ dolları və 290 ABŞ dolları səviyyəsində olacağı proqnozlaşdırılır.
Kazımov vurğulayıb ki, bu göstəricilər may ayında hazırlanmış proqnozlara əsaslanır və iyul ayı üzrə yenilənmiş proqnozlar Mərkəzi Bankın bu ayın sonunda keçiriləcək pul siyasətinə dair mətbuat konfransında açıqlanacaq.
Cari əməliyyatlar balansında profisit gözlənilir
Mərkəzi Bankın hesablamalarına görə, cari proqnozlar əsasında Azərbaycanın cari əməliyyatlar balansının profisiti bu ilin sonunda 5,5 milyard ABŞ dolları, gələn ilin sonunda isə 4–4,4 milyard ABŞ dolları təşkil edəcək.
Kazımovun sözlərinə görə, enerji qiymətlərinin yüksəlməsi strateji valyuta ehtiyatlarının artmasına və ölkənin xarici iqtisadi mövqeyinin möhkəmlənməsinə müsbət təsir göstərir.
O əlavə edib ki, yaranmış geosiyasi vəziyyət Azərbaycanın logistika mərkəzi kimi rolunu gücləndirmək üçün də yeni imkanlar yaradır və hökumətin bu istiqamətdə həyata keçirdiyi layihələr perspektivlidir.
“Biz inflyasiyanı idxal edirik”
Mərkəzi Bank sədri enerji qiymətlərinin artmasının mənfi tərəfinin inflyasiya olduğunu da qeyd edib.
“İdxal etdiyimiz mal və xidmətlərin təxminən 80 faizi enerji daşıyıcılarını idxal edən ölkələrdən gəlir. Enerji qiymətləri artdıqca həmin ölkələrdə istehsal xərcləri yüksəlir və bu da məhsul qiymətlərinin bahalaşmasına səbəb olur. Nəticədə biz inflyasiyanı idxal edirik”, – deyə Taleh Kazımov bildirib.
15 dəfə oxundu










