Məhkəmələr məhkəmə hökmünün icrasına qarşı – Axundovanın yaxını olan dələduza “yaşıl işıq”

Məhkəmələr məhkəmə hökmünün icrasına qarşı – Bu gün, yanvarın 16-da Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə sabiq səfir Elmira Axundovanın adının hallandığı, cəmiyyətdə “8 milyonluq dələduzluq işi” kimi tanınan qalmaqallı cinayət işi üzrə növbəti məhkəmə baxışı keçiriləcək.

Musavat.com xəbər verir ki, apelyasiya instansiyasında Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun qərarından verilmiş şikayətə baxılacaq. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış məhkəmə hökmünə əsasən, dələduzluq cinayətində təqsirli bilinən Elnur İbrahimov mülki iddiaçı Fərman Məmmədova 513 min manat zərər ödəməlidir. Azərbaycan Respublikası adından çıxarılmış hökm borcluya bu ödənişi 5 gün ərzində etməyi tapşırırdı.

Ancaq faktiki vəziyyət tam fərqlidir. Hökmün çıxarılmasından təxminən 10 il keçib, amma qərar hələ də icra olunmayıb. Əvəzində, Elnur İbrahimov mülki iddiaçı olmayan Elmira Axundovanın oğlu Həbib Axundova 55 min manat ödəyib. Bu fakt isə həm onun real ödəmə qabiliyyətini, həm də məhkəmə hökmünün Fərman Məmmədova aid hissəsinin icrasından qərəzli şəkildə yayınmasını açıq şəkildə sübut edir. Bu arqumentlər Fərman Məmmədov tərəfindən Nəsimi Rayon Məhkəməsinə rəsmi şikayət ərizəsində təqdim edilib. Elnur İbrahimov barəsində qanunun tələb etdiyi qərarın –inzibati qaydada həbs olunması istənilib.

Lakin hakim Elməddin Hüseynov nə bu sənədləri araşdırıb, nə də onları elektron məhkəmə sisteminə yükləyib. Daha da pisi isə Həbib Axundova ödəniş faktını ümumiyyətlə nəzərə almayıb.

Bu işdə ən təhlükəli məqam icra mərhələsində baş verənlərdir. Qanuna görə, tərəflərin təqdim etdiyi bütün sənədləri icraat materiallarına əlavə etməli, elektron sistemə yükləməli və məhkəməyə tam, obyektiv və qərəzsiz məruzə etməlidir.

Amma Elnur İbrahimovun işində sənədlər seçmə üsulu ilə formalaşdırılıb. Mülki iddiaçı Fərman Məmmədovun təqdim etdiyi sübutlar “yoxa çıxıb”. Bu artıq texniki səhlənkarlıq deyil, şüurlu şəkildə icra materiallarının natamam təqdim olunmasıdır.

Borclunun “pulum yoxdur” bəyanatı əsas götürülərək qanunda olmayan bir anlayış – “ödəmə qabiliyyəti yoxdur” qalxanı yaradılıb. Hakim Elməddin Hüseynov isə bu arqumenti faktlara zidd olsa da, sorğulamadan qəbul edib.

Sual açıqdır - əgər borclu Elnur İbrahimovun pulu yoxdursa, bəs 55 min manat haradan tapılıb?

Niyə bu vəsaitin mənbəyi araşdırılmayıb?

Niyə üçüncü şəxsə edilən ödənişlər ödəmə qabiliyyətinin sübutu kimi qiymətləndirilməyib?

Cinayətdən gələn xüsusilə külli miqdarda pullar niyə unudulub?

Bu icra sənədi adi borc məsələsindən doğmayıb, konkret dələduzluq cinayətindən qaynaqlanır. Cinayət işi üzrə materiallara əsasən, təxminən 8 milyon manata yaxın vəsait mənimsənilib və bu vəsaitin ən azı səkkizdə biri Elnur İbrahimova çatıb. Yəni dələduzluqla ələ keçirilmiş məbləğin azı 1 milyonu adamın cibindədir. Qanun isə icra məmurundan borclunun cinayətdən əldə etdiyi vəsaiti də nəzərə almağı tələb edir. Amma bu fakt icra prosesində sanki yaddan çıxıb.

Zərərçəkənin mövqeyi məhkəmədə faktiki olaraq kənarda saxlanılıb, yalnız borclunun izahatları əsas götürülüb. Bu yanaşmanın nəticəsi isə tam qanunsuz məhkəmə qərarıdır.

Ortaya çıxan tablo acınacaqlıdır və Azərbaycan məhkəmə sisteminə açıq-aşkar zərbədir:

– Hökm var, icra yoxdur.

– Xüsusilə külli miqdarda borc ortadadır, heç bir məsuliyyət yoxdur.

– Zərərvuran dələduz meydan sulayır, hakim az qala ona “fəqir-füqara” dosyesi yazır.

Azərbaycan Respublikası adından çıxarılmış və 5 gün ərzində icra edilməli olan hökm 10 ilə yaxındır ki, ölü sənəd vəziyyətindədir. Bu iş artıq təkcə bir zərərçəkənin problem olmaqdan çıxıb, hüququn selektiv tətbiqinin, icra sistemindəki təhlükəli boşluqların və məhkəmələrin ədalətdən uzaq mövqeyinin bariz nümunəsi kimi ortalıqdadır.

Apellyasiya instansiyasının Nəsimi Məhkəməsində çıxarılan qanunsuz qərarla bağlı mövqeyi barədə də məlumat verəcəyik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
5 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...