"Yelo Bank" Qarabağ qazisinin evini əlindən almaq istəyir... - "Manatla verdiyi krediti dollarla tələb edir"

"Yelo Bank" Qarabağ qazisinin evini əlindən almaq istəyir... -
“Yelo Bank” evimi əlimdən almaq istəyir. Bank 2008-ci ildə manatla verdiyi krediti indi dollarla tələb edir”.

Yenicag.az xəbər verir ki, bu barədə Birinci Qarabağ müharibəsi qazisi, 3-cü qrup əlil Mustafa Hacıbəyli sosial media hesabında paylaşım edib.

Qazi bildiirb ki, bir zamanlar “Nikoyl Bank” kimi fəaliyyət göstərən bu bank öz korlanmış reputasiyasından yaxa qurtarmaq üçün 3 dəfə adını dəyişib, amma əməlləri, müştərilərinə soyğunçu münasibəti dəyişməyib:

Bankın sahibi rusiyalı oliqarx Vahid Ələkbərov olub. 2022-ci ildə Rusiyanın bir sıra oliqarxları ilə yanaşı, Vahid Ələkbərova qarşı da sanksiyalar tətbiq edildikdən sonra bankın səhmləri Marina Kulişova adlı bir bank işçisinin adına rəsmiləşib.

2005-ci ildən 2017-ci ilə qədər “Nikoil Bank”ın İdarə Heyətinin sədri olmuş Vasili Xamaza bankdan 20 milyon manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunub və bu səbəbdən Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib. 2018-ci ilin sentyabr ayında o, Moskva şəhərində həbs edilib.

2008-ci ildə yaxın dostum və tələbə yoldaşım Azər Səlimov çətin problemlərlə üzləşmişdi və bu problemləri həll etmək üçün kredit götürməli oldu. O vaxt məndən xahiş etdi ki, onun evinin kupçası olmadığı üçün mənim evimin girov qoyulmasına razılıq verim. “Nikoyl Bank”ın öz təklifi ilə formal ipoteka rəsmiləşdirildi və mən dostumu vəziyyətdən çıxarmaq üçün evimin girov qoyulmasına razılıq verdim”.

Mustafa Hacıbəylinin sözlərinə görə, Azər Səlimov bankdan 33 540 manat kredit götürüb, faizlər də daxil olmaqla, ümumilikdə 58 355 manat qaytarıb, ödənilən məbləğ, götürülən məbləğdən 24 815 AZN artıq olsa da, bank saxta cədvəl tərtib edərək yenə 40 min dollar tələb edir:

“İpoteka müqaviləsi manatladır. Bankın tərtib etdiyi ödəniş tapşırığı manatladır. Pul manatla verilib. Pul verilərkən yazılan qəbz də manatladır. Amma bank “40 min dollar” deyir. Halbuki ipoteka müqaviləsindən qabaq dollar ilə kredit müqaviləsi imzalansa da, həmin müqavilə icra olunmayıb. O zaman bank məzənnə hansı tərəfə də dəyişsə, bundan bəhrələnmək üçün iki müqavilə tərtib edib. Amma dollar ilə müqavilənin icrasına dair məhkəməyə heç bir sənəd təqdim edə bilməyib.

“Yelo bank” bu tələblə Suraxanı Rayon Məhkəməsinə müraciət edib. Suraxanı Rayon Məhkəməsi iş üzrə üç dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edib. Ekspertiza rəyləri borcun manatla olduğunu təsdiqləsə də, bank “dirəniş” göstərərək işin yenidən ekspertizaya qaytarılmasına, sonda iddianın təmin edilməsinə nail olub.

Müştərilərinin qanına susamış bankın “dirənişi” o qədər güclü olmuşdu ki, hakim Leyla Talıbova apellyasiya şikayətinin verilməsinə məhəl qoymadan mənzilimin açıq hərraca çıxarılması haqda qətnaməni icraya yönəltmişdi. Böyük bir stress yaşadım və vəkilin ərizələrindən sonra hərrac dayandırıldı.

Mən Qarabağ qazisi, 3-cü qrup əliləm. Dövlətdən nə ev, nə maşın almışam. Öz halal pulumla 21 il əvvəl aldığım, təmirini hələ də tam başa çatdıra bilmədiyim evi əlimdən almaq istəyirlər. Ona görə hər kəsdən bu məsələdə ictimai dəstək istəyirəm”.

"Yelo Bank" Qarabağ qazisinin evini əlindən almaq istəyir... -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
120 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...