QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində... - Bu, hüquqi nihilizmdir
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə bağlı əvvəlki araşdırmalarımızda ortaya çıxardığımız faktlar göstərir ki, burada təkcə səriştəsizlik və məsuliyyətsizlik deyil, sistemli xarakter daşıyan qanunsuzluq mövcuddur. Gundem.info.az: Agentliyin istinad etdiyi əsas normativ sənəd – Nazirlər Kabineti tərəfindən 14 sentyabr 2023-cü il tarixində təsdiq olunmuş “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi Qaydası” – faktiki olaraq tətbiq edilmir.
Həmin Qaydaların 3.1.1, 4.1.1 və 5.1.1-ci maddələrində açıq şəkildə göstərilir ki, kiçik, orta və böyük qrant müsabiqələrində təqdim olunan layihələr QHT-nin nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun olmalıdır. Bu norma formal deyil, əsas şərtdir. Çünki QHT-lərin hüquqi statusu və fəaliyyət sferası onların dövlət qeydiyyatı zamanı təqdim etdikləri nizamnamə ilə müəyyən olunur. Dövlət vəsaitinin ayrılması isə məhz bu hüquqi çərçivəyə uyğun həyata keçirilməlidir.
Lakin 2025-ci ilin qrant müsabiqəsinin nəticələrini təhlil etdikdə mənzərə tam fərqlidir. Aydın olur ki, bir çox hallarda maliyyələşdirilən layihələr nə təşkilatın nizamnamə məqsədlərinə, nə də adına uyğun gəlir. Bu isə təsadüfi texniki səhv deyil, sistemli hüquq pozuntusudur.
Məsələn:
“Kitab Yayımı İşinin İnkişafına Dəstək” İctimai Birliyi – “Bölgələrdə hibrid təhdidlər əleyhinə maarifləndirmə” layihəsi;
“İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi – “Şəhid Ülvi Qulamlı xatirələrdə” layihəsi;
“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi – “Qərbi azərbaycanlıların Qars köçü” layihəsi;
“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi – “Böyük Qayıdışa hazırlaşan keçmiş köçkünlərlə iş” layihəsi;
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi – “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsi.
Bu layihələrin mövzusu və ictimai əhəmiyyəti ilə bağlı heç bir irad ola bilməz. Eyni şəkildə, həmin layihələri icra edən QHT-lərin fəaliyyətini də hədəfə almaq niyyətində deyilik. Problem layihələrin mahiyyətində deyil – problem onların hüquqi əsaslandırılmadan, Qaydaların açıq-aşkar pozulması ilə maliyyələşdirilməsindədir.
Əgər Qaydalar açıq şəkildə layihələrin nizamnaməyə uyğunluğunu tələb edirsə, o zaman bu uyğunluq necə yoxlanılıb? Yoxlanılmayıbsa – bu səhlənkarlıqdır. Yoxlanılıb və yenə də maliyyələşdirilibsə – bu artıq qanun pozuntusudur.
Sükutun məsuliyyəti və sistemli təkrarlanan pozuntular
Daha düşündürücü məqam isə odur ki, bu pozuntular təkcə 2025-ci il müsabiqəsinə aid deyil. Yenixeber.org olaraq bu istiqamətdə araşdırmalarımızla məlum olur ki, qaydalar təsdiq olunduğu tarixdən – 14 sentyabr 2023-cü ildən bu günə qədər keçirilmiş müsabiqələrin hamısında oxşar hallar müşahidə olunur. Bu isə problemin epizodik deyil, sistemli xarakter daşıdığını göstərir.
Agentliyin rəsmilərinin pafoslu çıxışlarında şəffaflıqdan, obyektivlikdən, qanunçuluqdan bəhs olunur. Lakin faktlar göstərir ki, Qaydalar real hüquqi mexanizm kimi deyil, formal istinad sənədi kimi istifadə olunur. Sanki sənəd yalnız mövcuddur ki, qərarların arxasında hüquqi pərdə yaratsın. Halbuki normativ aktın mövcudluğu onun icrasını zəruri edir. Əks halda, bu, hüquqi nihilizmin açıq təzahürüdür.
Daha bir təhlükəli məqam isə ondan ibarətdir ki, heç bir QHT açıq şəkildə bu problemi qaldırmağa cəsarət etmir. Çünki praktikada belə bir addımın nəticəsi qrant müsabiqələrindən kənarlaşdırılma və müxtəlif inzibati çətinliklərlə üzləşmə riski deməkdir. Məsələn: Ədliyyə Nazirliyi tərəfindən reyestr çıxarışının verilməməsi. Bu isə sağlam rəqabət mühitini və vətəndaş cəmiyyəti institutlarının müstəqilliyini faktiki olaraq iflic edir.
Hər il eyni ssenari təkrarlanır. Eyni tip pozuntular baş verir. Lakin nə daxili nəzarət mexanizmi, nə də kənar audit və ya digər dövlət qurumları tərəfindən effektiv hüquqi qiymət verilir. Halbuki hər bir qanun pozuntusu konkret vəzifəli şəxsin məsuliyyəti deməkdir. Qaydaların açıq şəkildə pozulduğu halda heç kimin məsuliyyətə cəlb olunmaması isə cəzasızlıq mühiti yaradır.
Əgər normativ sənəd qüvvədədirsə, ona əməl olunmalıdır. Əgər əməl olunmursa, o zaman ya sənəd ləğv edilməli, ya da pozuntulara hüquqi qiymət verilməlidir. Əks halda, dövlət vəsaitinin bölüşdürülməsi prosesi hüquqi çərçivədən kənara çıxır və bu, artıq təkcə idarəetmə problemi deyil – hüquqi dövlət prinsipinə zidd olan ciddi sistem böhranıdır.(Yenixeber.org)
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
6 dəfə oxundu











