Qazax-Tovuz Regional Təhsil İdarəsi “UNİKAMP” MMC ilə icarə müqaviləsini hansı əsaslarla bağlayib

Qazax-Tovuz Regional Təhsil İdarəsi “UNİKAMP” MMC ilə icarə müqaviləsini hansı əsaslarla bağlayibAzərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi bir mənbədən satınalma metodu tətbiq etməklə binanın İcarəyə götürülməsi üzrə “UNİKAMP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 78.000 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 03.04.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin icarəyə götürdüyü bina Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşir. 2026-cı ilin aprel ayının 1-dən dekabrın 31-nə qədər olan 9 aylıq dövrü əhatə edən bu müqavilə, aylıq icarə haqqının təxminən 8.600 manatdan çox olduğunu göstərir ki, bu da region üçün kifayət qədər yüksək göstərici hesab oluna bilər.

Apardığımız araşdırma zamanı məlum oldi ki, “UNİKAMP” MMC Şəmkirdə Qazax-Tovuz Regional Təhsil İdarəsindən əlavə Şəmkir rayon Kimya-Biologiya Təmayüllü Liseyi ilə də 10.05.2024-cü ildə 60.000 manat dəyərində icarə müqaviləsi bağlayıb. Şəmkir rayon Kimya-Biologiya Təmayüllü Liseyi Şəmkir rayonu Dəllər şəhər tipli qəsəbəsi N.Nərimanov ev 3-də yerləşir. Liseyin direktoru Səməndər Həsənovdur.

Maraqlıdır, Bakı şəhərində qeydiyyatda olub, Şəmkirin Dəllər qəsəbəsində bina icarəyə verən kimdir?

Qeyd edək ki, “UNİKAMP” (VÖEN: 1701551681) Məhdud Məsuliyyətli Cəmiyyətinin 06.12.2013-cü il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 000 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, SƏBAİL RAYONU, ZƏRİFƏ ƏLİYEVA, ev.55, m.23, qanuni təmsilçisi kimi isə Rəfiyev Adil Arif oğlu qeyd olunub.

Qeyd edək ki, “UNİKAMP” MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Nuriyev Elşad Nuru oğlu olub. Daha sonra Quliyev İlkin Saleh oğlu, Əliyev Azər Aqil oğlu müxtəlif vaxtlarda MMC-nin qanuni təmsilçiləri olublar.

MMC-yə reyestrdən son dəfə verilmiş çıxarışın tarixi 03.06.2021-ci il göstərilir. Vergi ödəyicisi olaraq MMC hazırda passiv vəziyyətdədir.

Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi “UNİKAMP” MMC-nin vergi ödəyicisi olaraq VÖEN-i passiv durumdadır.

Mətbuata açıqlamalarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini Namiq Dərgahov bildirir ki, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) hüquqi və ya fiziki şəxsin vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir. Vergi ödəyicilərinin uçotu onlara dövlət vergi orqanları tərəfindən verilmiş VÖEN əsasında aparılır. VÖEN aktiv və ya passiv ola bilər. Vergi ödəyicisi fəaliyyətini dayandırırsa, onun VÖEN-i passivləşdirilir. Aktiv VÖEN şəxsin vergi ödəyicisi kimi fəaliyyət göstərdiyinin və gəlir əldə etmək imkanının olduğunu, passiv VÖEN isə fəaliyyətini dayandırdığının və sahibkar kimi gəlir əldə etmədiyinin göstəricisidir.

Belə olan halda Qazax-Tovuz Regional Təhsil İdarəsi fəaliyyəti dayandırılmış hüquqi şəxsin, “UNİKAMP” MMC-nin vergidən yayınmasına şərait yaratmış olub.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Dadaşov Vüqar İsrəfil oğludur.

Vüqar Dadaşov 2005-ci ildə Bakı Dövlət universitetinin bakalavr səviyyəsini “Tarix” ixtisası üzrə bitirmişdir. 2016-cı ildən 2020-ci ilə qədər Neftçala şəhər 3 saylı tam orta məktəbində direktor vəzifəsində işləmişdir. 2020-ci ildə Neftçala Rayon Təhsil Şöbəsinə müdir təyin olunmuşdur. 2022-ci ilin may –avqust ayları ərzində Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil sektorunun müdiri vəzifəsində çalışmışdır.

Vüqar Dadaşov 2022-2023-cü illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil sektorunun müdiri, 2023-2024-cü illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri işləyib. Daha sonra o, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edib. 2025-ci ilin aprelindən Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri təyin edilib.

Göründüyü kimi Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi hansı məqsədlə icarəyə götürdüyü bəlli olmayan bir obyektin istifadəsinə Şəmkir rayonunda ayda 9 min manata yaxın dövlət vəsaiti ayırıb. Bu həddindən artıq şişirdilmiş bir rəqəmdir. Həm də vergi ödəyicisi olaraq VÖEN-i passiv durumda olan bir şirkətlə müqavilə bağlayıb. Bu şirkət nəinki satınalmada qalib olmalı, əslində dərhal kənarlaşdırılmalı idi. Amm göründüyü kimi Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyi buna şərait yaradıb.Maraqlıdır, nəyin müqabilində.



Aktualinfo.net



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
6 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...