"Aztelekom"la m10 yola getmir? - İnternet ödənişləri saatlarla icra olunmur
Bizimesr.media bildirir ki, M10 tətbiqində ödəniş uğurla həyata keçirilmiş kimi göstərilsə də, "Aztelekom" internet xidmətini aktivləşdirmir. Nəticədə istifadəçilər həm ödəniş etdikləri vəsaitin taleyindən xəbərsiz qalır, həm də saatlarla internetsiz qalırlar.
Bu problem artıq təsadüfi hal deyil, uzun müddətdir davam edən sistemli çətinliyə çevrilib. İstifadəçilər ödənişin M10 tərəfindən uğurla qəbul edildiyini görsələr də, "Aztelekom" sistemində həmin ödənişlər görünmür və ya emal edilmir.
Bundan əlavə, abonentlər problemin həlli üçün "Aztelekom"un müvafiq əlaqə nömrələrinə zəng etdikdə uzun müddət cavab ala bilmirlər. 170 Çağrı Mərkəzinə edilən zənglərdə də uzun gözləmə vaxtı yaranır və müraciətlər operativ cavablandırılmır.
Mövcud vəziyyət abonentlər arasında narazılığı daha da artırır. İstifadəçilər ödəniş etdikləri vəsaitin hansı səbəbdən xidmətə çevrilmədiyinin, problemin M10, yoxsa "Aztelekom" sistemindən qaynaqlandığının rəsmi şəkildə izah edilməsini tələb edirlər.
Qeyd edək ki, hazırkı vəziyyətlə bağlı "Aztelekom" tərəfindən hər hansı rəsmi açıqlama verilmir və bu nömrələrə düşmək mümkün deyil.
11 dəfə oxundu










