“Google” ötən il Azərbaycanla əlaqəli 6 028 “YouTube” kanalını bağlayıb

“Google” ötən il Azərbaycanla əlaqəli 6 028 “YouTube” kanalını bağlayıb“Google”un Təhlükə Analizi Qrupu 2025-ci ilin dekabr ayını əhatə edən son hesabatını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, hesabatda dünya miqyasında həyata keçirilən mütəşəkkil dezinformasiya kampaniyalarına qarşı görülən tədbirlər əks olunub.
“Google” dekabr ayında müxtəlif ölkələrlə əlaqəli olan minlərlə platforma hesabını və internet saytını bloklayıb.
Qeyd edək ki, “Google” dekabr ayında “əlaqələndirilmiş təsir əməliyyatları” (“coordinated influence operations”) çərçivəsində Azərbaycanla əlaqəli 422 “YouTube” kanalının fəaliyyətini dayandırıb.
Məlumata görə, həmin kanallar Azərbaycan dilində məzmun paylaşaraq Ermənistanı və Azərbaycanı tənqid edənləri hədəf alan fəaliyyətlər göstərib.
Onu da qeyd edək ki, “Google” 2025-ci ildə Azərbaycanla əlaqəli 6 028 “YouTube” kanalını bloklayıb. Bloklanan kanalların sayı 2024-cü illə müqayisədə 2,3 dəfə azalıb. “Google” 2021-ci ildən sonra bu araşdırmanın bir hissəsi olaraq Azərbaycanla əlaqəli 22 000-dən çox kanalı “YouTube” platformasından silib. “Google” bu sahədə xüsusilə 2024-cü ildə aktiv olub. Belə ki, 2024-cü ildə “YouTube”da 14 min təbliğat kanalının fəaliyyəti dayandırılıb.
Qeyd olunur ki, bloklanan kanalların sayı yalnız Azərbaycanla bağlı təbliğat fəaliyyətlərinin araşdırılmasına aiddir. Bu göstəricilərə platformanın qaydalarını pozduğuna görə bloklanan “YouTube” kanalları daxil deyil.
Hesabatda həmçinin göstərilir ki, “Google”un təmizləmə əməliyyatlarından ən çox Rusiya və Çinlə əlaqəli şəbəkələr təsirlənib. Dekabr ayında Çinlə əlaqəli olduğu bildirilən 6 280 “YouTube” kanalı silinib. Bu kanalların əsasən ABŞ-nin xarici siyasəti və Çinin daxili məsələləri barədə manipulyativ məzmunlar yaydığı qeyd olunub.
Rusiya ilə əlaqəli müxtəlif şəbəkələr üzrə 1 500-dən çox kanal və 100-dən çox internet domeni bloklanıb. Bu kanallar Ukrayna, Moldova, NATO və Aİ-ni tənqid edən, Rusiyanın hərbi və siyasi addımlarını müdafiə edən təbliğat materialları yayıb.
Xüsusilə erməni dilində Azərbaycanı, Türkiyəni və ABŞ-ni tənqid edən 29 kanalın da Rusiya şəbəkəsinə bağlı olduğu bildirilir.
Bunlardan başqa, “Google” dekabr ayında İndoneziya ilə əlaqəli 2 584 “YouTube” kanalını, Pakistanla əlaqəli 170 kanalı (Hindistan əleyhinə təbliğat səbəbilə), Banqladeşlə əlaqəli 27 kanalı, Belarusla əlaqəli 10 kanalı və Myanmarla əlaqəli 8 “YouTube” kanalını bağlayıb.
“Google” hesabatında bəyan edib ki, bu cür əməliyyatlar platformaların qaydalarını kobud şəkildə pozur və istifadəçiləri yanlış yönləndirməyə xidmət edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
5 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...