Gürcüstan və Azərbaycanda adambaşına aylıq xərclər: kim nəyə daha çox pul ayırır?
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat hər iki ölkənin rəsmi qurumları tərəfindən açıqlanan statistik göstəricilərdə yer alıb.
Gürcüstan Statistika Xidmətinin açıqladığı məlumata görə bu ölkədə adambaşına düşən orta aylıq istehlak xərcləri 603 lari və ya mövcud məzənnə (1 dollar/2,66 lari) ilə 226,7 dollara bərabərdir.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında isə qeyd olunur ki, adambaşına düşən orta aylıq istehlak xərcləri 384,4 manat və ya mövcud məzənnə (1 dollar/1,70 manat) ilə 226,1 dollara bərabərdir.
Qeyd edək ki, hər iki ölkədə xərclərin ən böyük hissəsi qida məhsullarına və tütün məmulatlarına sərf olunur. Azərbaycanda adambaşına düşən aylıq xərclərin 44,9 faizi və ya 101,4 dolları qidaya və tütün məmulatlarına yönəlir. Gürcüstanda isə bu göstərici 38,7 faiz və ya 87,7 dollar təşkil edir.
Kommunal xidmətlər üzrə fərq daha qabarıq görünür. Gürcüstanda kommunal xidmətlərə ayda orta hesabla 25,6 dollar (11,3 faiz) xərcləndiyi halda, Azərbaycanda bu məbləğ 17,4 dollar (7,7 faiz) səviyyəsindədir.
Səhiyyə xərclərində də Gürcüstan öndədir. Bu ölkədə bir nəfər orta hesabla ayda 24,9 dolları (11 faiz) səhiyyəyə ayırır. Azərbaycanda isə bu göstərici 11,8 dollar (5,2 faiz) təşkil edir.
Nəqliyyat xərcləri də Gürcüstanda daha yüksəkdir. Gürcüstanda aylıq orta nəqliyyat xərci 25,8 dollar (11,4 faiz) olduğu halda, Azərbaycanda bu məbləğ 15,7 dollar (7 faiz) səviyyəsindədir.
Geyim xərclərində isə iki ölkə arasında fərq demək olar ki, yoxdur – hər iki ölkədə adambaşına aylıq orta göstərici 13,1 dollar və ya 5,8 faiz təşkil edir.
Təhsil xərclərinə ayrılan vəsait Gürcüstanda daha yüksəkdir. Gürcüstanda adambaşına aylıq 6,6 dollar (2,9 faiz), Azərbaycanda isə 3,7 dollar (1,7 faiz) təhsil üçün sərf olunur.
Azərbaycanda isə “digər xərclər” kateqoriyasına (istirahət, əyləncə, rabitə, restoran, otel və s) daha çox vəsait ayrılır. Azərbaycanda bu istiqamət üzrə aylıq orta xərc 43,1 dollar (20,3 faiz), Gürcüstanda isə 31,1 dollar (13,7 faiz) təşkil edir.
Müqayisə göstərir ki, Gürcüstanda səhiyyə, kommunal xidmətlər və nəqliyyata daha çox, Azərbaycanda isə qida və digər istehlak xərclərinə daha böyük pay ayrılır.
8 dəfə oxundu












