Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb
Yeniavaz.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, Ukraynanın Rusiyanın enerji infrastrukturuna təkrar hücumları nəticəsində benzin və dizel yanacağının tədarükü azalıb.
Bu isə ölkənin bir çox bölgəsində yanacaq qıtlığına, uzun növbələrə və qiymətlərin rekord həddə çatmasına səbəb olub.
“Reuters”in hesablamalarına əsasən, Rusiyanın bəzi bölgələrində yanacağın qiyməti Avropadakı ən yüksək səviyyələrdən birinə yaxınlaşıb.
Yanacaq böhranı fonunda Moskvada fəaliyyət göstərən “EN Cars” avtomobil salonu elektrikli avtomobillərə tələbatın son həftələrdə nəzərəçarpacaq dərəcədə artdığını bildirib. Şirkətin təsisçisi Yevgeni Zabelinin sözlərinə görə, əvvəllər ay ərzində cəmi 2-3 elektrikli avtomobil satılırdısa, hazırda eyni sayda satış gündəlik həyata keçirilir.
Onun sözlərinə görə, yanacaq problemlərinin dərinləşməsindən sonra həm büdcə seqmentinə, həm də premium modellərə maraq əhəmiyyətli dərəcədə artıb. Alıcılar xüsusilə Çin istehsalı olan “Geely” markasının elektrikli SUV modellərinə üstünlük verirlər.
Bununla belə, elektrikli nəqliyyat vasitələrinin satışındakı artım yanacaq böhranından əvvəl də müşahidə olunurdu. Rusiyanın "Autostat" analitik agentliyi və Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, yanvar-may aylarında yanacaq qiymətləri illik müqayisədə 12%-dən çox yüksəlib. Bu dövrdə hibrid avtomobillərin satışı 125% artaraq 24,6 min ədədə, tam elektrikli avtomobillərin satışı isə 19% artaraq 4 460 ədədə çatıb.
İyun ayında yanacaq çatışmazlığının daha da kəskinləşməsi satışlara əlavə təkan verib. Təkcə ötən həftə Rusiyada 1 754 yeni hibrid avtomobil qeydiyyata alınıb ki, bu da əvvəlki həftə ilə müqayisədə təxminən üçdə bir, ilin həftəlik orta göstəricisi ilə müqayisədə isə 50% çoxdur.
Elektrikli avtomobillərin artmasına paralel olaraq, ölkədə enerji doldurma infrastrukturunun da genişləndirildiyi bildirilir. 2GIS rəqəmsal xəritələşdirmə xidmətinin məlumatına əsasən, Rusiyada elektrikli avtomobillər üçün enerji doldurma stansiyalarının sayı 2026-cı ilin iyul ayına qədər illik müqayisədə 20% artıb.
Buna baxmayaraq, elektrikli avtomobillər hələ də Rusiya avtomobil bazarında məhdud paya malikdir. "Autostat"ın məlumatına görə, ötən il ölkədə satılan yeni avtomobillərin cəmi 4,3%-ni elektrikli avtomobillər və hibrid modellər təşkil edib.
5 dəfə oxundu











