Yayda plastik butulkalarda satılan südlər təhlükəlidir – XƏBƏRDARLIQ

Yayda plastik butulkalarda satılan südlər təhlükəlidir –Yay ayları olsa belə, küçələrdə və bazarlarda butulkalarda satılan ev südünə tələbat hələ də çoxdur. Bu isə isti hava şəraitində məhsulun təhlükəsizliyi ilə bağlı narahatlıqları da gündəmə gətirir.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis İlkin Şirinov bildirib ki, süd ən çox çirklənməyə məruz qalan həmçinin qidalar içərisində ən təhlükəli risk qrupuna daxil olan məhsullardan biridir.

O deyib ki, bəzən insanlar zənn edirlər ki, südün ağ rəngdə, maye halında olması təhlükəsiz anlamına gəlir, bununla kifayətlənirlər, ancaq bu, qətiyyən belə deyil: “Südün tərkibində olan zərərli mikroorqanizmlər, bakteriyaların çoxalması ani bir anda baş verə bilir. Süd sağılan qablar təmiz vəziyyətdə olmalıdır. Orada hansısa təhlükəli vəziyyət olmamalıdır. Qab mütəmadi yuyulmalıdır. Xırda bir səhlənkarlıq, natəmizlik böyük fəsadlar yarada bilər. Südün sağıldıqdan sonra qablara yığılması prosesi də çox mühümdür. Bu gün insanlar ev südü adı ilə satılan südlərə üstünlük verirlər. Bununla razıyam, ev südü olsun, amma soyuducuda soyuq qida zəncirinə əməl olunaraq satışı təşkil olunmalıdır. Amma plastik qablara yığılır. Biz bilirik ki, bu qablara ikinci dəfə də yığılır. Belə qablarda müxtəlif şirkətlərin şirələri olur və dəfələrlə danışırıq ki, bu insanlarda hansı ziyanı törədir, hansı xəstəliklər yarada bilir. Həmin qazlı içkilər, şirələrin olduğu plastik qablara südün ikinci dəfə doldurularaq günəş şüalarının altında satışının təşkili özü bir yanlışlıqdır. Bu insan orqanizmini təhlükəyə atan məsələdir. Saatlarla belə südləri saxlamaq daha sonra satmaq təhlükəlidir. Soyuq qida zənciri pozularsa və ya içinə yad cisim düşərsə südün çürümək xüsusiyyəti var. Yaxşı ki südün belə xüsusiyyətləri var və insanlar süd çürüyəndə istifadə etmirlər və ya şor və ya kəsmik kimi istifadə edirlər”.

Mütəxəssis bildirib ki, süd yalnız mənşəyini bildiyiniz, etibar etdiyiniz və gigiyenik şəraitinə əmin olduğunuz yerlərdən alınmalıdır: “Yoxsa küçələrdə, maşınların yük yerində satılan, tanımadığınız, ildə bir dəfə gördüyünüz adamlardan süd almayın. Yağlı süd deyib aldadırlar. Südün yağlılığını laboratoriya müəyyən edir. Dillə deməklə, rənginin sarı olması südün yağlı olması demək deyil. Digər tərəfdən yaxşı olar ki soyuq qida zəncirinə əməl olunsun. Soyuducu sistem olan yerdə satılan südlər daha təhlükəsiz hesab olunur. Plastik qablarda satılan südlərin əksəriyyəti səhər gəlir axşama kimi günəş şüalarının altında həmin qablarda qalır. Bu da insan sağlamlığına mənfi təsir edən məsələlərdən biridir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
6 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...