Satdı, pulunu aldı, indi geri istəyir - Bakıda qalmaqallı əmlak işi
"İnşaat Konstruksiyaları" MMC-nin rəhbəri Rauf Əliyev daşınmaz əmlakla bağlı qalmaqallı bir işdə gündəmə gəlib.
Qaynarinfo xəbər verir ki, Rauf Əliyev 6 il əvvəl satdığı əmlakı hazırkı qanuni sahibindən geri almağa cəhd edir.
Məsələ ilə bağlı zərərçəkən şəxs – Bilal Hacıyev özünün sosial media hesablarında Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə yazdığı açıq məktubda qeyd edir ki, 2020-ci ildə Rauf Əliyevdən tam qanuni yolla əldə etdiyi əmlakla bağlı artıq 4 ildir məhkəmə çəkişməsi gedir. Bilal Hacıyevin rəhbəri olduğu "Cons Tikinti” MMC tərəfindən Nizami rayonu ərazisində, Mehdi Abbasov 2538 ünvanında yerləşən iki qeyri-yaşayış sahəsi Rauf Əliyevdən (onun etibarnamə verdiyi Xəqani Əzimovun vasitəçiliyi ilə) satın alınıb. Qanunun tələblərinə uyğun olaraq əməliyyata dair alqı-satqı müqavilələri bağlanılıb (AN-I № 0907005 nömrəli və 0907006 nömrəli müqavilələr), bu sənədlər 54 saylı Notariat Ofisində təsdiqlənib. Daha sonra Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən bu qeyri-yaşayış sahələrinə dair Bilal Hacıyevin adına çıxarışlar verilib.
İşin ağlasığmaz və qəribə məqamları isə bundan sonra başlayır. Obyekti etibarnamə ilə satan X.Əzimov vəfat etdikdən sonra etibarnaməni bu şəxsə verən Rauf Əliyevin valideynləri iddia qaldıraraq bildiriblər ki, bu əmlaklar əslində onların mülkiyyətində olub. Onlar öz övladlarına əmlakla bağlı bütün əməliyyatları həyata keçirmək üçün tamhüquqlu etibarnamə verdiklərini təsdiqləyiblər. Rauf Əliyev isə həmin etibarnamə əsasında digər şəxsə - Xaqani Əzimova etibarnamə verib və əmlakları guya valideynlərinin xəbəri olmadan satıb. Bu əsasla onlar əmlakların geri qaytarılmasını tələb ediblər.
Əvvəlcə R.Əliyev və valideynləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər. Lakin idarənin İstintaq İdarəsi işi araşdırdıqdan sonra rəsmi şəkildə elan edib ki, Bilal Hacıyevin əməlində dələduzluq cinayətinin tərkib əlamətləri müəyyən edilməyib, onun hüquqazidd əməl törətməsi faktı öz təsdiqini tapmayıb (08.06.2024-cü il tarixli məktub). Qurumun bu açıq və konkret mövqeyinə baxmayaraq, qarşı tərəf məhkəməyə üz tutub.
Əslində işin detalları göstərir ki, illərlə davam edən məhkəmə çəkişməsi belə məntiqsiz görünür. Axı valideynlər etibarnamə ilə öz övladları Rauf Əliyevə əmlakla bağlı bütün hüquqları – satmaq, özgəninkiləşdirmək və digər əməliyyatları aparmaq səlahiyyətini veriblər. Bu halda hansı "aldadılmadan” söhbət gedə bilər? Alqı-satqı notarius tərəfindən təsdiqlənib, əmlaka rəsmi çıxarış verilib.
Ali Məhkəmə Bilal Hacıyevin hüququnu təsdiqləyib
İlkin məhkəmə instansiyaları da məsələnin əsassız olduğunu müəyyən edərək iddianı təmin etməyiblər. Bununla belə, iş Ali Məhkəməyə qədər gedib. Ali Məhkəmə Bilal Hacıyevin qanuni olaraq əmlakın sahibi olduğunu təsdiqləyib və onun adına verilmiş çıxarışı qüvvədə saxlayıb (22 yanvar 2024-cü il tarixli, 2(102)-186/2024 saylı qərar).
Lakin Rauf Əliyev bu qərarla razılaşmayıb. Yenidən məhkəməyə müraciət edib, bu dəfə bildirib ki, həmin mübahisəli əmlak ondan dələduzluq yolu ilə əldə edilib və bu səbəbdən ona 4 milyon 860 min manatlıq maddi ziyan dəyib. Yenə də ilkin instansiyalar iddianı geri çevirsə də, bu dəfə Ali Məhkəmə işi apellyasiyaya qaytarıb və 3 hüquqi suala aydınlıq gətirilməsini istəyib.
Bilal Hacıyev isə özünə qarşı irəli sürülən bu ittihamın tam əsassız və paradoksal olduğunu vurğulayır. İttihamın mahiyyətinə diqqət yetirək: dələduzluq. Halbuki, məhz Rauf Əliyevin özü bu cinayəti yüzlərlə şəxsə qarşı törətmiş və buna görə məsuliyyətə cəlb olunmuş şəxsdir. Onun əməlləri ilə bağlı uzun illər Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılıb və iş Bakı Ağır Cinayətlər Məhkəməsində baxılaraq hökm çıxarılıb.
Rauf Əliyev binaların üstünə qanunsuz mərtələbər əlavə edib
Bu şəxs Bakının mərkəzində tikdiyi çoxmənzilli binaların üzərinə qanunsuz olaraq əlavə mərtəbələr də inşa edib. Bu açıq-aşkar qanun pozuntusu necə baş verib? Bu gün adi bir vətəndaş həyətində kiçik tikinti aparmaq istəsə belə, dərhal müxtəlif dövlət qurumlarının müdaxiləsi ilə qarşılaşır. Bəs necə olur ki, bu şəxs paytaxtın ən bahalı ərazilərində – Neftçilər metrosu yaxınlığında (Mehdi Abbasov küçəsi 22/58) və Yasamal rayonunda (A.M. Şərifzadə küçəsi 33) tikdiyi binalara əlavə mərtəbələr artırıb? Üstəlik, həmin mənzillərin bəzilərini bir neçə şəxsə satıb, payçıların əmlakını mənimsəyib, insanları illərlə kirayələrdə saxlasa da, layiqli cəza almayıb?
Məhkəmədə Rauf Əliyev Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirli bilinsə də, dövlət ittihamçısı onun barəsində 13 il azadlıqdan məhrumetmə cəzası tələb etsə də, nəticədə ona 2 il şərti cəza verilib. Bu fakt istər-istəməz onun müəyyən dairələr tərəfindən himayə olunması ilə bağlı suallar doğurur.
Təbii ki, konkret sübutlar olmadan hər hansı şəxsin kimlər tərəfindənsə himayə olunduğunu iddia etmək düzgün deyil. Lakin hadisələrin gedişi, açıq-aşkar hüquqi mövqenin olduğu bir işin illərlə uzadılması və əvvəllər dələduzluğa görə məsuliyyətə cəlb olunmuş bir şəxsin eyni ittihamla başqasına qarşı çıxış etməsi müəyyən suallar yaradır. Həmçinin, Ali Məhkəmənin eyni məsələ üzrə yenidən icraata başlaması da təəccüb doğurur. Əgər Ali Məhkəmə bir dəfə qərar verib və əmlakın sahibinin Bilal Hacıyev olduğunu təsdiqləyibsə, indi yenidən özünün haqlı elan etdiyi şəxsə qarşı iddianın araşdırılmasını niyə tələb edir?
Rauf Əliyev kimin himayəsinə arxalanır?
Bu isə belə bir ehtimalı gücləndirir ki, Rauf Əliyev bu dəfə də müəyyən təsir imkanlarına arxalanır. Onun iddiasına görə, bəzi hallarda aşağı instansiya məhkəmələrinə təsir göstərilməsi ehtimalı da istisna edilmir.
İşin qəribə məqamları bununla da bitmir. Hazırda məsələ Bakı Apellyasiya Məhkəməsində araşdırılır. Məhkəmə belə bir sual qoyub: altı il əvvəl 727 600 manata satılmış obyektin hazırkı bazar dəyəri nə qədərdir? Bu məqsədlə Auditorlar Palatasına sorğu göndərilib və audit qurumu obyektin indiki bazar qiymətini hesablayıb.
Burada ortaya çıxan növbəti məntiqsiz yanaşma ondan ibarətdir ki, altı il əvvəl başa çatmış alqı-satqı əməliyyatı üzrə əmlakın indiki bazar qiymətinin müəyyən edilməsinə hansı hüquqi zərurət var? Bu məntiqdən çıxış etsək, hər kəs illər əvvəl satdığı əmlaka görə sonradan əlavə tələb irəli sürə bilər. Bu isə hüquqi sabitlik prinsipinə ziddir.
Digər mühüm məqam isə ondan ibarətdir ki, audit qurumunun belə bir sorğuya cavab verməsi özü ciddi pozuntudur. Mövcud qanunvericiliyə əsasən, əmlakın qiymətləndirilməsi fəaliyyəti audit qurumlarının səlahiyyətinə aid deyil. Bu funksiya Azərbaycan Qiymətləndiricilər Palatasına məxsusdur. Sözügedən qurum 2023-cü ildə Prezidentin təsdiqlədiyi "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunun tələblərinə əsasən yaradılıb və məhz bu sahədə səlahiyyətli orqan kimi müəyyən edilib.
Həmçinin, Ali Məhkəmənin qərarında açıq şəkildə qeyd olunur ki, bağlanmış müqavilələrin etibarsız sayılması üçün heç bir hüquqi əsas yoxdur və hər hansı dələduzluq faktı müəyyən edilməyib. Belə olan halda sual yaranır: əgər dələduzluq yoxdursa, zərər hansı hüquqi əsasla formalaşa bilər?
Üstəlik, elə Bakı Apellyasiya Məhkəməsi-nin özünün 04.03.2025-ci il tarixli, 2(103)-708/2025 saylı qətnaməsində də açıq şəkildə göstərilir ki, "əqdlər tərəflərin sərbəst iradə ifadəsi əsasında bağlanmış və qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə etibarlı hesab olunduğundan, həmin müqavilələr nəticəsində iddiaçılara hər hansı maddi ziyanın vurulması istisna olunur”.
Belə bir hüquqi mövqe fonunda eyni məzmunlu iddiaların yenidən qaldırılması yenidən bu sualı doğurur: görəsən, Rauf Əliyevin arxasında dayanan hansı qüvvə var ki, onun iddiaları əsasında artıq hüquqi qiymət verilmiş məsələlər yenidən dövriyyəyə buraxılır? Axı bu şəxsin həyata keçirdiyi tikinti layihələrinin demək olar ki, heç biri qalmaqalsız başa çatmayıb. Onun fəaliyyəti ilə bağlı çoxsaylı vətəndaş şikayətləri, payçıların hüquqlarının pozulması və əmlakın mənimsənilməsi kimi hallar dəfələrlə gündəmə gəlib.
Bütün bunlar fonunda belə bir qənaət formalaşır ki, müəyyən hallarda hüquqi mexanizmlərdən daha çox şəxsi maraqlar üstün tutulur. Halbuki, hüquqi dövlət prinsipinə görə məhkəmə qərarları sabit və dəyişməz hüquqi nəticələr doğurmalıdır.
Bilal Hacıyev isə bildirir ki, o, qanuni mübarizəsini davam etdirəcək. Artıq məsələ ilə bağlı Prezident Aparatına, Auditorlar Palatasına şikayət ərizələrini yönləndirib. Onun sözlərinə görə, ölkədə Prezidentin sərəncamına əsasən "Şəhərsalma ili”nin elan edildiyi, beynəlxalq şəhərsalma forumlarının keçirildiyi bir dövrdə bu sahədə qanunsuz fəaliyyət göstərən şəxslərin qarşısının alınması daha da aktuallaşmalıdır. Əks halda, şəhərsalma sahəsində xaosun dərinləşməsi, qanunsuz tikintilərin artması və vətəndaş hüquqlarının pozulması qaçılmaz olacaq.
Bu baxımdan B.Hacıyev ümid edir ki, aidiyyəti dövlət qurumları və məhkəmə instansiyaları məsələyə obyektiv və qanun çərçivəsində yanaşaraq hüququn aliliyini təmin edəcəklər.
11 dəfə oxundu










