Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
Bəs reallıq necədir: Speys TV bağlanacaqmı?
GUNDEMİNFO xəbər verir ki, Globalinfo.az-a danışan media eksperti Müşfiq Ələsgərli son iki gün ərzində Speys TV barədə yayılan xəbərlərin bir neçə istiqaməti əhatə etdiyini bildirib.
“Bunlardan biri televiziyanın baş direktoru Vado Korovinin vəzifəsindən getməsi ilə bağlıdır. Başqa bir istiqamət isə Audiovizual Şura tərəfindən kanalda yoxlamaların aparılmasıdır. Diqqət yetirəndə görürük ki, bu xəbərlərin içində digər törəmə informasiyalar da mövcuddur. Yəni TV barədə qeyri-müəyyən məlumatların çeşidi çoxdur. Yaxşı olardı ki, ehtimallar, subyektiv mülahizələr yayılıb ictimai fikirdə yer tutmadan öncə TV rəhbərliyi media qarşısına çıxıb açıqlama versin. Nə baş verdiyini, niyə baş verdiyini izah etsin”, - o əlavə edib.
M.Ələsgərli qeyd edib ki, gedişatla bağlı müəmmalar var:
“Düzdür, jurnalistlərin suallarına cavab olaraq TV-nin hansısa təmsilçisi müəyyən açıqlama verib, məlumatların bir qismini təkzib edib, digər qisminə isə toxunmadan üzərindən keçib. Amma sual yaranır ki, o, yayılmış məlumatların digər qismini cavablandırmaqdan niyə yan keçib? Bu cür davranış qeyri-müəyyənliyi artırır. İnsanlarda istər-istəməz şübhə yaranır ki, deməli, ortada daha dərin məsələlər var. Bəlkə də, dərin bir şey yoxdur. Yoxlamalar yekunlaşıb nəticələr açıqlanmayana qədər biz heç bir şey deyə bilmərik. Yaranmış suallara aydın cavab vermək üçün ən yaxşı vasitə kanal rəhbərliyinin media qarşısına çıxıb normal açıqlama verməsi olardı. Təəssüf ki, iki gün ərzində bunu görmürük”.
8 dəfə oxundu










