Tanınmış dilçi alim Şərq-Qərb Nəşriyyatını ittiham etdi - orfoqrafiya lüğətinin yenidən çap edilməsindən yazdı
AMEA-nın Dilçilik İnstitutunda orfoqrafiya qaydalarının yenidən nəzərdən keçirilməsi və orfoqrafiya lüğətinin yenidən çapa hazırlanması elmi ictimaiyyət arasında böyük narahatlığa səbəb olub. Təkcə onu deyim ki, mən bir axşamın – 19 yanvar “Facebook”u vərəqlədim, aşağıda adları qeyd edilən yoldaşların müzakirəyə verilmiş orfoqrafiya layihəsi haqqında çıxışlarına rast gəldim: Şahlar Göytürk, Aqil Abbas, Mayıl Əsgərov, Qulu Məhərrəmli, F.Cəlilov, İdris Abbasov, Buludxan Xəlilov, Rafiq Yusifoğlu, Firuz Mustafa, Salam Sarvan, Nazim Nəsrəddinov, İradə Musayeva, Nəriman Əbdürrəhmanlı, Təranə Şükürlü, İlkin Əsgərov, Akif Aşırlı, Aynur Camalqızı, Səadət Şıxıyeva və b.
Akademik İsa Həbibbəyli, Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu və direktorun müavini Baba Məhərrəmli bir neçə dəfə çıxış edərək orfoqrafiya qaydaları üzərində işin əhəmiyyəti, mahiyyət və səbəbləri barədə izahat vermişlər. İnstitutun mətbuat xidmətinin katibi Təranə Şükürlü və bir sıra başqa yoldaşlar da eyni mövqedən çıxış etmişlər. Çıxış edən yoldaşların bir çoxu məsələyə tənqidi yanaşmışdır.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqvistika və Dil Siyasəti şöbəsinin müdiri, filologiya elmləri doktoru Mayıl Əsgərov müzakirələrdə iştirak edənləri üç qrupa ayırmışdır. Müəllif yazır:
Birincilər böyük əksəriyyət təşkil edir. Onlar həmin layihəni obyektiv şəkildə dəyərləndirə bilmək üçün nə lazım gələn elmi potensiala və qabiliyyətə, nə də lüğətçilik sahəsində müvafiq təcrübə və səriştəyə malikdir. Bununla belə, bir vətəndaş kimi nə isə demək, aktivlik göstərmək istəyirlər.
İkincilər ya müvafiq elmi potensial və qabiliyyətə, ya da lüğətçilik sahəsində müvafiq təcrübə və səriştəyə malik deyillər. Onlar da kifayət qədər çoxdurlar.
Üçüncülər isə həm layihəni düzgün dəyərləndirmək üçün müvafiq elmi potensial və qabiliyyətə, həm də lüğətçilik sahəsində müvafiq təcrübə və səriştəyə malikdirlər.
Çıxışları nəzərdən keçirdikcə bu cür bölgünün müvafiq olduğunu görürük. Lakin bir cəhəti qüvvətləndirmək lazımdır ki, bir çox yanlış fikirlər layihə ilə diqqətlə tanış olmamaqdan irrəli gəlmişdir.
Yazıçı, publisist, tərcüməçi Nəriman Əbdürrəhmanlı qaydalar üzərində işi, lüğətin hazırlanması işini alqışlasa da, faktik olaraq institutu başqa bir məsələdə ittiham etməyə, günahlandırmağa çalışmışdır: “Son həftələrin dil “çılğınlığı” Azərbaycan Tərcümə Mərkəzinin “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün nəşrilə bağlıdır. Məni bir məsələ maraqlandırır: başbilənlərinin dediyinə görə, beş ildən bir yenilənməli olan orfoqrafik lüğətə bu vaxtacan məsul olanlar niyə indi tərpənirlər, nəyə görə bu zərurəti indiyəcən nəzərdən qaçırıblar. Heç olmasa, işlək olmayan minlərlə sözü latın qrafikasına keçid zamanı üzə çıxarılan nəşrdə nəzərə almaq lazım idi. Amma həmin nəşr kütləvi tirajla çap olundu, azı iyirmi il redaktorların, korrektorların və digər mütəxəssislərin istifadəsində oldu. Həmin müddətdə dilimizə dəyən zərbənin məsuliyyətini bəs kim daşıyacaq?" Bununla yanaşı, müəllif deyir: "Məncə, böyük zəhmət bahasına başa gələn sanballı bir işə sevinmək, ən azı, xeyirxah münasibət bəsləmək lazımdır. Xeyirxah niyyətlə atılmış addımı süngüylə qarşılamaq, sadəcə olaraq, təəssüf doğurur”.
Müəllifin iradı belədir ki, bu iş nə üçün vaxtında görülməyib? Nəyə görə bu zərurət Tərcümə Mərkəzinin buraxdığı lüğətdən sonra meydana çıxıb?
Əslində, qaydaya görə beş ildən bir çıxarılmalı olan lüğətin elə çap vaxtı indidir – 13-cü ildən 5 il keçir. Amma məsələ tamamilə başqa cürdür. Əvvələn, onu deyim ki, Tərcümə Mərkəzinin 70-80 il müddətində 5-6 dəfə Dilçilik İnstitutunun əməyi ilə çap olunmuş lüğəti götürüb bir sıra sözləri ixtisar etməklə lüğət çap eləməsi tamamilə qeyri-qanuni bir işdir və onların bu işə ixtiyarları yox idi. Çox olsa, onlar tərcümə işi, tərcümə terminologiyası ilə bağlı lüğət hazırlaya bilərdilər. Orfoqrafiya ilə bağlı çıxış edənlərdən "Azərnəşr"in baş redaktoru Əlövsət Ağalarov çox doğru deyir: "Bu sahə ilə rəsmi qurum olan AMEA-nın Dilçilik İnstitutu məşğul olmalıdır, diletantlar, qeyri-peşəkarlar yox! İndi bəzi qurumlar müxtəlif lüğət, dərs vəsaiti, metodik göstəricilər çap edib maliyyə vəziyyətlərini yaxşılaşdırmaqla məşğul olur. Buna sözüm yox, amma alternativ olaraq "Orfoqrafiya lüğəti" çap etmək absurddur! Alternativ də "Orfoqrafiya lüğəti" olar? Qeyd-şərtsiz belə vacib və məsuliyyətli işi Dilçilik İnstititu həyata keçirməli, dövlət və xalq qarşısında da hesabatı bu qurum verməlidir!"
İndi heç bir şey yerində deyil.
İkincisi də, Dilçilik İnstitutu lüğətin yeni çapına təzə başlamayıb. Vaxtından çox tez başlayıb. Bu hal 13-cü ildə çap olunmuş lüğətdəki nöqsanlarla bağlıdır.
Vəziyyət belədir ki, 2013-cü ildə çap olunmuş lüğətdə qüsurlar əmələ gəldi. Səbəb də bu oldu ki, lüğətin çapını kimlərsə həddən artıq tələsdirirdilər. Sovet dövründə, xüsusən 1958-ci il müzakirələri zamanı çox təkmil orfoqrafiya qaydaları yaradılmışdı. Lüğətin 1975-ci il çapında qaydaların sayı 116-dır. Hətta burası da yadımdadır ki, 13-cü ildə qaydalar hazır olmamış, lüğəti çap edirdilər. Mən institutun elmi şurasında bu məsələni xatırlatdım: qaydalar hazır olmadan lüğəti çap etmək düz deyil. Lakin, nədənsə, baxılmadı və lüğət tez çıxmalı oldu. Qaydalar bir qədər sonra çap olundu və məlum oldu ki, sovet dövründə hazırlanmış qaydalar son dərəcə azaldılıb. Cəmi 36 qayda saxlanılıb.
Qaydalar süni şəkildə yaradılmır, sözün, şəkilçinin, morfemin, səsin təbiətindən doğur. Odur ki onları bu qədər ixtsar edib yazılışı özbaşına buraxmaq olmazdı.
Nəticədə, gördüyümüz kimi, lüğətin 13-cü il çapı istifadəçilərə qüsurlu göründü. Burada əsas qüsur nədən ibarətdir? Doğrudur, tək-tək sözlərdə iki cür yazılış da var, lap elə orfoqrafik nöqsan da müşahidə olunur. Amma etiraz doğuran əsas məsələ lüğətə çoxlu sayda "anlaşılmaz" sözlərin daxil edilməsidir.
İndi burda mən şəxsən öz münasibətimi bildirmək istəyirəm. Qəliz terminlər var – onlar bizim terminoloji lüğətlərimizdə – sahə lüğətlərində əks olunur. Alınma sözlər var – onlar bizim kamil ərəb, fars sözləri lüğətimiz var, orada toplanmışdır. Şivə sözləri var – onlar bizim institut tərəfindən hazırlanıb dəfələrlə çap olunmuş dialektoloji lüğətlərimizdə əhatə olub. İnstitut kamil arxaik sözlər lüğəti üzərində işləyir – arxaik sözlər ora daxil ediləcək və s. Ruslar bir neçə ildən bir rus dilinə daxil olan yeni sözlərin ayrıca lüğətini hazırlayıb çap edirlər. Bizim "Orfoqrafiya lüğəti"miz də bu cür uzun təkmilləşmə yolu keçib. Lüğətlər birdən-birə yaranmır. Tədricən yaranır və tədricən təkmilləşir. Bunun üçün əvvəlcə orfoqrafik qaydalara nəzər salınır, köhnəlmiş qaydalar islah edilir, dilin öz inkişafı ilə bağlı yeni qaydalar yaranır.
Məlumdur ki, keçən minilliklər ərzində belə xüsusi yazılı qaydalar olmayıb. İlk dəfə Sovet hakimiyyətinin ilk illərində belə qaydalar müəyyənləşdirilib. İlk orfoqrafiya qaydaları 1925-ci ildə hazırlanıb çap edilmişdir. Bu qaydalar əsasında 1929-cu ildə ilk və yığcam "İmla lüğəti" nəşr edilmişdir. Bu lüğət Nizami adına Ədəbiyyat və Dil İnstitutu əməkdaşları tərəfindən zənginləşdirilərək 1940-cı ildə "Orfoqrafiya lüğəti" adı ilə çap olunmuşdur. Lüğətə 21000 söz daxil idi. 1958-ci ildə qaydalara yenidən baxılmış, bir sıra dəyişikliklər edilmişdir. O yazılıb a ilə tələffüz edilən (Maskva, Adessa, labaratoriya kimi sözlər) tipli sözlər (8-ci maddi) xoşa gəlmədiyi üçün bir il sonra Nazirlər Sovetinin qərarı ilə dəyişdirilmiş, belə sözlərin o ilə yazılması qərarlaşdırılmışdır. 1960-cı ildə yeni "Orfoqrafiya lüğəti" hazırlanmışdır. 1940-cı ildə çap olunmuş lüğət əsasında hazırlanmış bu lüğət 40 000-dən artıq sözü əhatə edirdi. 1975-ci ildə çap olunmuş "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə 58 000 söz daxil edilmişdir. 2004-cü ildə lüğət yenidən çap olunarkən artıq sözlərin sayı 80 000-ə yaxın idi. 2013-cü ildə (6-cı nəşr) lüğətə 30 000-dən çox yeni söz əlavə edilmişdir (110 min 563 söz). Yeni sözlər musiqi adları, xörək adları, siyasi terminlər, hüquq terminləri və s.-dən ibarət olmuşdur. Göründüyü kimi, lüğət hər dəfə təkmilləşdirilmiş, zənginləşdirilmişdir. Və hər dəfə "Qaydalar"a da baxılmış, cüzi də olsa, düzəlişlər edilmişdir. Məsələn, 1940-cı il qaydalarına ü hərfi daxil edilmədiyi halda, 1947-ci ilə qədər kortəbii şəkildə ü hərfindən istifadə edilmişdir. 1958-ci ilə qədər ə. ö, e hərflərindən istifadə edilmiş, yalnız 58-ci ildə bunlar ya, yu, ye şəklində yazılması qərarlaşdırılmışdır. Yəni həmişə təkmilləşmə olmuşdur.
Beləliklə, 2013-cü ildə lüğətə əlavə çoxlu söz daxil edilmişdir. Mən fikrimi deyirəm. Elmin, texnikanın müxtəlif sahələrinə aid olan bu cür yeni sözlərin bir qisminin mənasını mən bilmirəm, sən də bilmirsən. Amma həmin sahə sözlərinin öz adamları var. Orfoqrafiya lüğəti ondan ötrü deyil ki, sən söz öyrənəsən. Bu lüğət ondan ötrüdür ki, sən axtardığın sözün dəqiq yazılışını müəyyən edəsən. Başqa sözlə sənin nə işin var? O sözün öz yiyəsi var, o da onu axtarmalıdır. Sənin narazılığın ondan ibarətdir ki, lüğətdə "artıq" sözlər var və o sözlər sən axtardığın sözün asan tapılmasına mane olur, adamı qıcıqlandırır. Onda gərək dar sahənin mütəxəssisləri də deyə ki, sən bir belə ümumişlək sözü nə üçün bura doldurmusan ki, mən axtardığım sözü tapa bilmirəm. Lap asan tapmaq istəyirsən, məktəblinin orfoqrafiya lüğəti var, ora bax.
Amma onu da deyim ki, məsələ təkcə belə deyil. 13-cü ilin lüğətində felin məna növləri üzrə dəyişə bilən və əslində, çox nadir hallarda işlənə bilən, lap elə dəqiq desək, bir sıra qurama sözlər də var. Bu hal lüğəti gözdən salır.
Lüğət çap olunduqdan az sonra (13-cü il) narazılıqlar görünməyə başladı və Dilçilik İnstitutu da bunları boş buraxmadı.Tofiq müəllim – akad. T.Hacıyev direktor vəzifəsini tutduğu gündən bu işlə məşğul olmağa başladı. O zaman lüğət bu qədər səs-küyə səbəb olmamışdı və elə də bir ciddi narazılıq yox idi. Tofiq müəllim mənə tapşırdı ki, institutun özündən, digər ali məktəblərimizdən bu sahəyə yaxşı bələd olan mütəxəssisləri toplayıb bir komissiya yaradım və az vaxt ərzində lüğətin qüsurlarını aradan qaldırıb müzakirəyə və çapa verək. Mən Dilçilik İnstitutundan və başqa ali məktəblərimizdən bu işi yaxşı bilən 6 nəfərlik komissiya yaratmalı oldum. Biz həftədə bir neçə dəfə görüşüb işləməklə xeyli iş gördük. İki cür yazılışları, tam anlaşılmaz və artıq göpünən sözləri, lüğətə daxil edilməmiş yeni sözləri müəyyənləşdirməklə məşğul olduq və xeyli də iş gördük.
Biz məsələni o vaxt qurtaracaqdıq. Çox ciddi bir maneə ortalığa çıxdı. Çap olunmuş lüğəti yenidən kompüterdə yazdırmaq və onu yoxlayıb düzəltmək, sonra üzərində islahat aparmaq hədsiz dərəcədə vaxt tələb edərdi və bizim düzəltdiyimiz lüğət kompüter nöqsanlarına görə əvvəlkindən (13-cü il çapından) daha qüsurlu olardı. Odur ki biz qanuni yolla, üzərində işləmək üçün Şərq-Qərb Nəşriyyatından lüğətin elektron variantını almağa çalışdıq. Vermədilər, lap dövlət səviyyəsində çalışdıq, vermədilər. Ona görə vermədilər ki, illərdən bəri institutun əməkdaşlarının böyük zəhməti ilə meydana çıxan bu lüğəti çap edib satır və onun pulundan bir manat da institutun əməkdaşlarına vermirdilər. Zəhmət çəkən institut, fayda götürən nəşriyyat. Ona görə vermirdilər ki, lüğəti institut başqa bir mətbəədə çap etdirib fayda götürə bilərdi. Dedilər ki, siz düzəlişlərinizi verin, biz özümüz düzəldib çap edərik. Əgər elektron variantı əldə edə bilsə idik, o vaxt bu iş qurtarardı və indi məsələnin kökünü bilmədən meydana çıxarılan söz-söhbət də olmazdı, Nəriman müəllim Əbdürrəhmanlı da bizi danlamazdı. Tofiq müəllimin qəfil vəfatı da işin ləngiməsinə təsir etməmiş deyil.
Möhsün müəllim direktor olduqdan dərhal sonra bu işlə məşğul olmağa başladıq. Amma indi məsələ bir qədər genişlənmişdi. Belə ki təkcə lüğətə deyil, yenə qaydalara da nəzər salmaq lazım gəlir. Dediyim kimi, qaydalar çox ixtisar olunmuşdu, lüğəti düzəltmək üçün bir sıra qaydaları bərpa etmək lazım idi. Lakin bu sahədə də elə bir geniş iş aparmağa eytiyac yox idi. Çünki sovet dövründə nizama salınmış qaydaların çoxu müasir dilimiz üçün də yararlı idi, onları sadəcə bərpa etmək lazım idi. Yalnız bir neçə qaydada kiçik dəyişiklik edilmişdir.
Bir yeniliyi mən təklif etmişəm. Əvvəlki qaydalarda belə idi ki, idi, imiş ədatları adlardan ayrı yazılmalıdır: Həsən idi, yaxşı idi, tez idi və s. Bitişik yazmaq düz deyil, məs.: Həsəndi, tezdi və s. şəkiildə yazmaq nöqsan sayılır (amma bədii dildə bu cür yazanlar var). Bu qayda olduğu kimi qalır. Feillərdə belədir: feil samitlə qurtardıqda idi, imiş bitişik də yazıla bilər, ayrı da: yazmışdı – yazmış idi, alırdı, alır idi. Əslində, ayrı yazmağa ehtiyac yoxdur, lakin qaydaya toxunulmadı, beləcə də qaldı. Feil saitlə bitdikdə keçmiş qaydaya görə idi, imiş ayrı yazılmalıdır: almalı idi, almalı imiş. Lakin qaydalardan asılı olmayaraq, bu cür sözlər çox vaxt y bitişdiricisi ilə bitişik yazılır: almalıydı, gəlməliymiş. Praktikadan gəldiyi üçün biz bunu qəbul edib müzakirəyə verdik.
Qalan dəyişikliklər aşağıdakılardır.
1.Layihənin 22-ci maddisində deyilir:
22.Aşağıdakı sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazılması məqsədəuyğun sayılır: əs k ər, əs k inas, İs k əndər, iş k əncə və s.
Qeyd: Bu sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək g hərfi ilə yazılmışdır. Belə ki mənbə dildə yanaşı gələn kar samitlərdən (sk,şk ) ikincisi ( k ) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına ( g ) keçmişdir.
(Bir əhvalat yadıma düşdü. Bir yaşlı müəllimim var idi. Dedim ki, bu sözdə c olar, ç yox. Dedi ki, 40 ildir, dərs deyirəm. Heç vaxt ç ilə c, g ilə k hərflərini fərqləndirməmişəm).
Layihədəki bu qaydaya aşağıdakı yoldaşlar etiraz edir.
Qulu Məhərrəmli yazır: "Əsgər” sözünün "əskər”, "alqı-satqı” sözünün "alğı-satqı” yazılması təklifi məqbul sayılıb. "Əsgər”, "əsginaz” sözlərində əsas gətirirlər ki, mənbə dildə bu söz belə yazılır. Mənbə dilə istinad etmək kökündən yanlışdır. Bu sözlərin yazılışı ilə bağlı irəli sürülən təkliflərdə mən ciddi prinsip görmürəm".
Dilçilik İnstitutunun şöbə müdiri İ.Abbasov layihədə göstərilən İskəndər, Əskər, əskinaz, işkəncə sözlərini nəzərə alaraq əsgər çözü haqqında yazır: "Bu söz illərdir dilimizdə “əsgər” kimi qəbul edilib, dildə heç bir pis məna da vermir. Bu sözü dəyişmək əlavə problem yaratmaqdır. Bu qəbildən olan digər sözlərin dəyişməsinə də münasibətim eynidir, qəbul etmirəm. Türkiyə türkcəsində “asker” kimi yazılır, bizim dildə də yazılışı ona uyğunlaşdırmaq istəyirlər". "2004-cü ildə “alğı-satqı”, 2013-cü ildə "alqı-satqı" və 2018-ci ildə yenidən “alğı-satqı”.
İnstitutun şöbə müdiri Mayıl Əsgərov: "Birincisi, əsgər, əsginas, İsgəndər, işgəncə sözləri incə saitlər silsiləsi əsasında formalaşan sözlərdir və Azərbaycan dilinin fonetik qaydalarına əsasən incə sait silsiləli sözlərin orta hecalarında bir qayda olaraq cingiltili samitlər işlənir. Belə sözlərin ortasında kar samitin işlənməsi dilin təbii axıcılığını pozur, tələffüzdə çətinliklər yaradır. Əgər biz həmin hərfi [g] kimi tələffüz edəcəyiksə, onu [k] kimi yazmağın məntiqi səbəbi başa düşülən deyil".
M.Əsgərov yenə yazır: "Qeyd edilən əsgər, əsginas, İsgəndər, işgəncə sözlərində [g] samitini [k] samiti ilə əvəz edərək “ortaq türk dili” yaratdığını düşünən həmkarlarımızın nəzərinə bunu da çatdırmaq istərdik ki, bu sözlər türk dilində asker, eskinas, İskender, işkence kimi yazılır və [k] səsi ilə də tələffüz olunur. Çünki türk dilində həmin sözlər sabit incə sait silsiləsi əsasında yaranmış sözlər deyil. Həmin sözlərdə qalın-incə, neytral-incə sait əvəzlənmələri vardır. Bu səbəbdən də türk dilində həmin sözlərin təbii axıcılığında heç bir maneə hiss olunmur. Bir daha qeyd etmək istəyirik ki, bu dörd sözdə bir hərfi dəyişməklə “ümumtürk dili” yaranmır, amma Azərbaycan dilinə güclü zərbə dəyir".
B.Xəlilov belə sözlərin aid olduğu qaydanın daha geniş müzakirəsini gözlədiyini bildirmişdir.
Nazim Nəsrəddinov da həmin sözlərin əsgər, misgər, dülgər, səngər, zərgər, çilingər şəklində g ilə yazılışını düzgün sayır.
"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, "Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı da dəyişiklikləri bəyənməyib.
Beləliklə, qaydalardakı dəyişiklikdən biri budur ki, əs k ər, əs k inas, İs k əndər, iş k əncə tipli sözlərdəki k səsi bizim nitqimizdə g səsi ilə tələffüz olunsa da, həmin səsin mənşə dilə uyğun olaraq k ilə işarə edilməsi məsləhətdir.
2. Layihənin etiraz doğuran bir bəndi də belədir:
12. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2013-cü il nəşrində metafor, profilaktori, sanatori şəklində verilmiş sözlərin metafora, profilaktoriya, sanatoriya kimi yazılması tövsiyə olunur".
Qulu Məhərrəmli yazır: "10-15 il bundan əvvəl "metafora” yazmışıq, 2013-cü ildə çıxan lüğətdə "metafor” edilib. İndi də təklif edirik ki, yazaq "metafora”. Bu onu göstərir ki, bu məsələlərə yanaşmada ciddi elmi prinsip yoxdur".
İ.Abbasov: "2004-cü ildə “metafora”, 2013-cü ildə “metafor”, 2018-ci ildə
yenidən “metafora”.
İdris Abbasov da bu sözlərin təklif olunan yeni yazılışına etiraz edir: "Demirəm ki, sözlər mənbə dildə olduğu kimi yazılmalıdır. Söz dilimizə rus dilindən metafora şəklində keçib və bu da normal idi. İllərdir metafora kimi işlətmişik və qəbul edilib. 2013-cü ildə sözün metafor edilməsinə ehtiyac yox idi. İndi yenidən 2004-cü ildəki variantına qayıdırıq. Bu, istənilən oxucuda, dil daşıyıcılarında Dilçilik İnstitutu, lüğəti tərtib edənlərlə bağlı qeyri-ciddi obraz yaradır". Müəllif profilaktoriya, sanatoriya sözləri haqqında da belə düşünür.
Deməli, bir məsələ də vaxtilə metafora şəklində – son a saiti saxlanmaqla yazılmış bir neçə sbzün son a saiti haqqındadır: əvvəlki lüğətlərdə a saiti olub, 13-cü ildə çıxarılıb, indi yenə bərpa etmək istəyirik və bu məsələ xoşa gəlmir.
3-cü bir məsələ. Layihənin 37-ci bəndi:
37 . Əvvəlki orfoqrafiya lüğətlərində tərkibində - iyyat,- iyyət və -iyyə şəkilçisi olan sözlər qoşa yy samiti ilə yazılmışdır. Hazırda həmin sözlər bir [ y] ilə tələffüz olunur. Buna görə də fonetik prinsipə əsaslanaraq tərkibində həmin şəkilçilər olan sözlərin bir y ilə yazılması məqsədəuyğun sayılır. Məsələn: cərrahiyyə - cərrahiyə, dövriyyə – dövriyə, ədəbiyyat – ədəbiyat, fəaliyyət – fəaliyət, maliyyə – maliyə , üslubiyyat – üslubiyat və s.
Qeyd: Qəyyum, səyyah, səyyar, səyyarə, təyyar kimi sözlər istisnadır. Ehtiyat, mərsiyə, saniyə, təhkiyə, tərbiyə, təziyə, tövsiyə kimi sözlər isə indiyədək bir y ilə yazılmışdır və onların yazılışı olduğu kimi qalır.
Bu qaydaya etiraz edənlər:
İ.Abbasov: "Bu təkliflə də razı deyiləm. Onsuz da bu sözlərə tarixən uyğunlaşmışıq, artıq deyilişdə hansı sözün bir, hansının iki “y” ilə yazılması anlaşılır. “İyyat”, “iyyət” şəkilçisi yoxdur, bunun dilimizə hansı dildən gəlməsi bəlli deyil. Ərəb dilində iyyun şəkilçisi var, biz bunu “i, vi” şəkilçisi kimi qəbul etmişik. “Bəşəri” sözünü onlar “bəşəriyyun” kimi yazırlar. “Bəşəriyyun” sözündən “bəşəriyyətun” sözü düzəlir, biz də onu bəşəriyyət sözü ilə uyğunlaşdırırıq. Ərəb dilində də “ət, at” şəkilçisi var, amma “iyyat” necə yaranıb, onu bilmirəm. “Bəşəriyyətun” sözündə -“bəşər” sözün kökü, “iyyun” nisbi sifət şəkilçisidir, “ətun” isə nisbi sifətdən yenidən isim düzəldən şəkilçidir. Ərəb dilində belə sözdüzəltmə var. Ümumiyyətlə, ərəb dilində -iyyat şəkilçisi yoxdur, çünki y-dan sonra “ə” heç zaman “a” ola bilməz. Poeziya dilində Mikayıl Müşfiq, Cəfər Cabbarlı şeirlərini tələffüz edəndə nəinki qoşa “yy” hərfinin (səsinin – Q.K.) birini ixtisar edir, hətta birini də artırırıq. Bu, psixolinqvistik aktın fonetik səviyyədə gerçəkləşməsidir. “İyyat”, “iyyət” şəkilçilərində ixtisara heç bir ehtiyac yoxdur. Ola bilər ki, dilimizi Türkiyə türkcəsinə uyğunlaşdırmaq, ortaq dil yaratmaq məqsədilə bu addım atılır. Lakin belə bir düşüncə ilə yanaşılırsa, bu, yanlış addımdır".
Q.Məhərrəmli də belə sözlərdə y hərflərindən birinin ixtisarı əleyhinədir.
Şahlar Göytürk belə sözlərdə y hərfinin birinin öləcəyini eşidib son dərəcə kədərlənmiş, ayrılıq anında –iyyət şəkilçisini böyük həyəcanla bağrına basaraq, ayrıla bilmək qorxusu ilə dərin üzrxahlıq edir: "Dilimin özəlliyi "-iyyət"im mənim! Sənin kəramətini indi-indi anlayıram. Bu "y"ların ürəyimə yağ kimi yayılır. Səni bir y ilə tələffüz etdiyim üçün bağışla məni!"
Aqil Abbas bu münasibətlə yazır: "Nə bilim iki samitin biri düşməlidi, «ədəbiyyat» yox, ədəbiyat» yazılmalıdı, «riyaziyyat» yox, «riyaziyat» yazılmalıdı. Deməli, adında iki samit olanlar gedib pasportlarını, şəxsiyyət vəsiqələrini dəyişməlidirlər də?! Məsələn, «Məhərrəm» yazılmalıdır «Məhərəm», adam da səhv elədi, ortadakı «ə»ni yedi, «Məhərəm» oldu «Məhrəm». Məsələn, «eşşək» sözünü «eşək» yazmalıyıq. «Eşək» hara, «eşşək» hara?! Hələ elə adamlar var ki, onlara «eşşək» deyəndə də ürəyin soyumur, üç «ş»la deyəndə ləzzət eləyir".
Aqil müəllim yumorlu və hazırcavab adamdır. Bir dəfə televiziya verilişində boşanmış bir müğənni (boşanmayanlar olduğunu bilmirəm) gileylənirdi ki, boşanmış qadınlara pis baxırlar, çəkilişdə olanlar buna yüngül etiraz edəndə həmin xanım Aqil Abbasa üz tutub soruşdu: “Bax, məsələn, Aqil müəllim, sən məni oğluna alarsanmı?” Aqil də cəld cavab verdi: “Oğlumu deyə bilmərəm, amma imkanım olsa, özüm alardım”.
İndi bu orfoqrafiya məsələsində də assosasiya ilə harda qoşa samit varsa, hamısını qatıb bir yerə. Amma doğru deyir, həqiqətən eşşək sözündə ikidən artıq ş deyəndə adama ləzzət verir. İxtisar bizim qaydalarda hər qoşa sözə deyil, ədəbiyyat tipli sözlərdə qoşa y samitinə aiddir və müzakirəyə də ona görə verilib ki, ziyalılarımızın münasibəti bilinsin.
Qaldı o eşşək söhbətinə, mən bu sözün lağa qoyulması ilə razı deyiləm. Çünki eşşəyin xətrinə dəyər. Eşşək son dərəcə məsum və təmiz heyvandır. Yalnız ot yeyir, bir dəfə palçığa girdimi, öldürsən də, bir daha girməz. Hamının yükünü daşıyır. Heç kəsə zərər vurmur. Hətta kişi xeylaqlarının başqa işləinə də yarayır.
Yenə keçək orfoqrafiya məsələlərinə.
Tənqidi fikirlərin bir qismi lüğətdəki sözlərə aiddir.
Şair Salam Sarvan lüğətdəki (2013) bir sıra sözləri çox məharətlə bir yerə toplayıb: “Ağacgəmirmə, arvadoğlu, asfaltsifət, ağızdanolma, bəstiqoyma, butulkaboğaz, buynuzaməxsus, cordanabənzərlər, cırrıtgetmə, cəmdəkyemə, çəngəlvarılıq, dodaqaltıazaylanma, donuzbala, çoşqabala, əndə-məndə, əngəbəngə, əsəbiyyəçi, əzginiş, fısafısetmə, fahişəolma, fisqü-ficurluq, gəzmələrdənolma, göbəkyazma, konfranszəng, lortçulökdodaq, milliləşdirmənigötürmə..."
Sonra yazır: "Sayı 40 000-dən artıq olan bu biabırçı “sözlərin” bu günə qədər hörmətli dilçilərimizin və onların havadarlarının nəzər-diqqətini cəlb eləməməsi ciddi sual doğurur. Dilimizi təhqir edən bu “sözlər”in lüğətlərdə yer almasına məsuliyyət daşıyan dilçilərimiz, ilk əvvəl, qoy bu suala cavab versinlər”.
Doğru deyir. Boynumuz qıldan nazikdir. Amma belə sözləri də ayrıca bir lüğətə yığmaq yaxşı olardı. Heç bir sözü itirmək düz deyil. Elə lüğətin yeni nəşrinin çətinliklərindən biri onu belə sözlərdən təmizləməkdən ibarətdir.
4.Başqa bir qayda.
33. Mənbə dildə bəzi təkhecalı və çoxhecalı sözlərin sonunda işlənən qoşa ss samitindən yalnız biri yazılır: ekspress – ekspres, konqress - konqres, stress – stres və s.
Bu qayda 13-cü ildə çap olunmuş qaydalarda yoxdur. Amma lüğət bu qayda əsasında tərtib edilmişdir və sözlər konqres, ekspres şəklində bir s ilə yazılmışdır. Bunun – bu qaydanın daxil edilməsinin elmi və tədris əhəmiyyəti vardır.
Vəssəlam. Bütün bü hay-haray bir sıra sözlərdə g>k əvəzlənməsi, metafora tipli bir neçə sözdə son a saitinin qalıb-qalmaması, ədəbiyyat tipli bir neçə sözdə y samitlərindən birinin atılıb-atılmaması ilə bağlıdır. Başlıca dəyişikliklər bunlardan ibarətdir.
Layihədə nəzərdə tutulanlardan əlavə, bir sıra yoldaşların təklifləri də vardır.
Hörmətli dilçilərimizdən Firidun Cəlilov qeyd edilən düzəlişlərin hamısını məqbul sayır, hələ bəlkə gecikmiş hesab edir. O, g - k keçidi ilə əlaqədar məsələyə münasibət bildirərək, bunun əskinas sözündəki s samiti düzəldilməklə (əskinaz şəklində) doğru olduğunu göstərir. Ədəbiyyat tipli sözlərin bir y ilə yazılması təşəbbüsünü düzgün hesab edən müəllif özünün kitablarında belə sözləri 15-20 il əvvəldən bir y ilə yazjığını söyləyir.
F.Cəlilov ortaq əlifba yaratmaq üçün əlifbamıza sağır ñ hərfinin salınmasını, küll, hiss sözlərindən başqa, qalan bu cür sözlərin sonunda bir samit yazılmasını da məsləhət bilmişdir.
Mayıl Əsgərov təklif edir ki, Səhiyyə naziri, Təhsil naziri kimi vəzifə adları, Əməkdar müəllim, Əməkdar elm xadimi kimi fəxri adlar cümlənin ortasında gəldikdə də ilk söz böyük hərflə yazılsın.
"Qaydalar"da nəzərdə tutulan dəyişikliklərin mahiyyəti bunlardan ibarətdir. Dəfələrlə "Qaydalar" və lüğət üzərində işin mahiyyət və səbəblərini izah edərək, orfoqrafiya komissiyasının sədri akad. İsa Həbibbəyli yazır: "Cəmiyyətdə səslənən təkliflərin hamısı bizim komissiya tərəfindən diqqətlə toplanılır və öyrənilir. Komissiya bu təklifləri, tənqidi mülahizələrin hamısını təhlil edib ortaq qərar qəbul edəndən sonra hazırkı orfoqrafiya qaydaları daha da təkmilləşdiriləcək". İsa müəllim yenə deyir: "Xalqın, geniş ictimaiyyətin, mütəxəssislərin əsgər, İsgəndər kimi sözlərdəki "g"nın "g", yaxud "k" ilə ifadə olunması ilə bağlı fikirlərini izləyəcəyik. İctimai fikir "k"nın tərəfində olsa, "k", "g"nın tərəfində olsa, "g" ilə ifadə edəcəyik".
İsa müəllim bu cür kiçik bir qrup alınma sözün yazılışının dəqiqləşdirilməsi barədə deyir: "Biz on ildən çox dildə müşahidə olunan hadisəni yazıda ifadə etmək istəyirik. Bu sözlər dildə dəyişilib, dil bunu edib. Biz bu dəyişikliyi etməkdə geçikmişik. Dəyişikliyi etməkdə əsas məqsəd alınma sözlərin Azərbaycan dilinin tələffüz qaydalarına uyğunlaşdırılmasıdır. Burada bir azərbaycançılıq mövqeyi var".
Komissiya sədrinin müavini, Dilçilik İnstitutunun direktoru M.Nağısoylu: "Mən şəxsən orfoqrafiyaya çox yenilik gətirməyin əleyhinəyəm. Çünki çox yenilik olanda nəsillərarası çaşqınlıq yaranır. Ona görə də bizim bu qaydalarda çox yenilik yoxdur".
Yenə: "Hər dəfə orfoqrafiya lüğəti hazırlananda onun qaydaları da kitaba daxil edilir. Qaydalarsız orfoqrafiya lüğəti yoxdur. İstənilən orfoqrafiya lüğətini açanda orda qaydalar olmalıdır. Və qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Əvvəlki orfoqrafiya lüğətlərinin hər biri Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Ancaq 2013-cü ildə çıxan orfoqrafiya lüğəti Nazirlər Kabineti tərəfindən təsdiq olunmayıb. Çünki orda heç bir yeni qayda verilməyib".
Möhsün müəllim yazır: "Yeni qaydalar hansı zərurətdən yarandı? Əvvəla, dilə yeni sözlər daxil olur. İkincisi, dilin öz qanunları var" və o qanunlar tədricən dəyişə bilir.
Yenə: "Komissiyanın hər bir üzvü əlavələrini edir. Sonra müzakirəyə çıxarıb ortaq məxrəcə gələcəyik. Bizim vaxtımız azdır, inşallah, aprel-may ayına qədər lüğəti təhvil verməliyik. Yeni sözlərdən nəyi çatdırsaq, lüğətə daxil edəcəyik. Ola bilər, müəyyən çatışmazlıq olsun. Hər lüğətdə çatışmazlıq ola bilər".
Möhsün müəllimin sözlərindən də aydın olur ki. 13-cü ilin "Orfoqrafiya qaydaları" Nazirlər Kabineti tərəfindən təsdiq edilməyib. Deməli, əslində, hüquqi əsası yoxdur. Odur ki əvvəllər təsdiq olunmuş, 2013-cü ildə çıxarılmlş bir sıra qaydaların bərpası təbiidir.
Orfoqrafiya qaydalarını dəyişməyə çalışmağı "Günəşin Şərqdən yox, Qərbdən çıxmasını əmr etmək" kimi mənalandıran (amma yaxşı müqayisədir!) İdris Abbasov yazır: Dünyada 274 milyon insanın danışdığı fransız dili əsrlərdir ki, son dərəcə çətin olan orfoqrafiyasında bir hərf dəyişikliyi belə etmir. Hətta XVII əsrdə Por-Royal qrammatikləri belə bir təşəbbüslə çıxış etsələr də, bu, reallaşmayıb. Müasir fransız dilində nadir sözlər tapmaq olar ki, yazıldığı kimi tələffüz edilsin. Məsələn, fransız dilində [o] kimi tələffüz edilən “su” sözü üç hərflə yazılır: “eau”; yaxud [mo nuvo] kimi 6 səslə tələffüz edilən “yeni sözlər” birləşməsi yazıda “mots nouveaux” şəklində 12 hərflə ifadə olunur".
Afərin! İndi sən gör bu murdar imperialist siyasəti bu mağmun xalqın başına nə bəlalar gətirir. Ən murdar əlifba ingilis əlifbasıdır. İt yazırsan, at oxunur, at yazırsan, it oxunur. İngilis 300 ildir bir key e hərfini, fransız bir işarəsini dəyişmir, amma onların sualtı axınla gələn təzyiqi nəticəsində biz bu xalqa hərf yox, bir əsrdə dörd dəfə əlifba dəyişib öyrətmişik. Ərəb gəlib, əlifbamızı dəyişib, rus gəlib, əlifbamızı dəyişib, hakimiyyət öz əlimizə keçib, əlifbanı dəyişmişik. Bəs gürcü niyə dəyişməyib, ağılsız hesab etdiyimiz ermənilər niyə dəyişməyib. Çünki onlar xalqdır. Əslində, mənim bu sözüm də düz deyil. Xalqın əlində nə var ki? O, fəhlədir, icraçıdır, onu bu yola aparan var. Ac, suzuz, min dərdi olan millətə bir-iki onillikdən bir yeni əlifba öyrətmişik. Dilçilərin nə günahı var? Ağa deyib sür dərəyə, sürüblər. İndi də gəlib çıxıb bu yerə. Xarici təsiri, pisdir, yaxşıdır - fərqinə varmadan göydə tuturuq.
Aydın görünür ki, 1913-cü ildə lüğətə yeni sözlər daxil edilərkən bir sıra artıq sözlər də düşüb. O sözlərdən nə məişətdə, nə də ictimai dairələrdə, elmi-bədii əsərlərdə istifadə edilir.
1913-cü ildə 36 qayda, 2018-ci ildə 69 qayda. Oxucu nəzərə almalıdır ki, əsasən, yuxarıda dediyim üç məsələdən başqa, artırılan qaydalar 13-cü ildə çıxarılmış, amma, əslində, icra olunmaqda olan qaydalardır. Yəni həmin qaydalar praktik olaraq icra olunmaqdadır, amma təsdiq edilməmiş 13-cü il "Qaydalar"ında düzgün olmayaraq ixtisar edilmişdir. Deməli, sadəcə olaraq, işlənməkdə olan qaydaların bərpasıdır.
Əslində, fikrimcə, indi görülməkdə olan iş əvvəlki qüsurların aradan qaldırılması prosesidir. Metafora tipli sözlərdə son a səsinin atılması lap köhnə təşəbbüsdür. Mənim unudulmaz müəllimim Ə.Dəmirçizadə hələ keçən əsrin 60-cı illərində yazılarında bu sözü metafor kimi işlətmişdir. Amma söz bu cür mənimsənilmədi. 13-cü ildə metafor yazılsa da, qəbul olunmadı. Odur ki yeni redaksiyada bu səhvi düzəltmək lazım gəldi.
-iyyət şəkilçisi haqqında əksinə danışmaq olar, yəni bu şəkilçidə həqiqətən əksərən bir y tələffüuz edib, iki y yazırıq. Müzakirədir. Bəyənilməz, baxılar.
Orfoqrafiya lüğətində artıq görünən sözlər var, bir vaxtlar daxil edilib, indi yeni nəşrdə nəzərə alınması qərarlaşdırılıb. Bütün bunların heç birində həyəcana səbəb olan qorxulu bir şey yoxdur. Yaxşı cəhət orasındadır ki, müstəqilliyin əvvəllərində özünü göstərən bir sıra nöqsanları indi rahat müzakirə edib aradan qaldırmaq istəyirik. Ona görə də hörmətli alim, yazıçı və jurnalistlərimizin, ziyalılarımızın həvəslə bu işə qoşulması müsbət haldır. Amma bu qoşulma Dilçilik İnstitutuna hücum şəklində olmamalıdır.
Müzakirələrdə iştirak edən yoldaşların Dilçilik İnstitutunun əməyinə münasibətinə diqqət yetirək.
Bir sıra yoldaşlar məsələnin kökündən xəbəri olmadan dilçilərin üzərinə hücumdadır. Əlövsət Ağalarovun yazısında deyilir:"Son bir neçə ildir ki, dilimizin başına oyun açan "dilbaz"lar peyda olub, millətə necə yazmaq, hansı sözlərdən necə "yararlanmaq" dərsi keçirlər". – Bizim keçmiş görkəmli dilçilərimizi nəzərdə tutaraq yazır: "Bu alimlər heç vaxt subyektiv fikirlərini milli mənafeyimizə sırımağa cəhd etməyiblər. İndi nə dəyişdi, nə oldu ki, millətin dilinə bu qədər sərbəst müdaxilə edirsiniz? Kim sizə bu haqqı verib?"
İşə düşmək bax buna deyərlər. Sən iynə ilə gor qaz, kirpiyinlə od götür ki, irəliləyişə mane olan qüsurları, arxaik formaları aradan qaldırıb təhsilə, tədrisə kömək edəsən, aldığının müqabilində on qat artıq iş görəsən, başqaları da gəlib sənin üstünü kəsdirə ki, dəymə, çıx get işinə, düz eləmirsən.
Əlövsət müəllim, İndi o dediyin korifeylər yoxdur, amma indikilərdə Vətən eşqi onlardan az deyil.
İdris Abbasov: "Təəssüf ki, təkmilləşdirmənin ana dilinin lüğət tərkibində möhkəmlənmiş, xalqın kimlik şüurunda kök salmış sözlərin yazılışını vaxtaşırı dəyişdirmək kimi başa düşülməsi böyük fəsadlara, hətta milli identifikasiyanın zədələnməsinə gətirib çıxara bilər".
Aqil Abbas yazır: "Bu əlifba dəyişiklikləri ilə də milləti kökündən qoparıblar. İndi də yeni bir Orfoqrafiya lüğəti tərtib edirlər, məsələn, «qəşəng» sözü «qəşənk» yazılmalıdır".
"Kökündən qoparmaq" heç, amma qaydalar qəşəng tipli sözlərə aid deyil.
Firuz Mustafa: "İrlandiya 2005-ci ildə Avropa ilə ayaqlaşmaq üçün məsafə vahidini mildən kilometrə dəyişdi, milyonlarla (bəlkə də milyard) xərcə düşdü. Təkcə motoristlərə yeni sistemi öyrətmək üçün 2.5 milyon funt (5 mln manatdan çox) xərc çəkdi. Hələ yol işarələrini dəyişmək, rəsmi sənədlər, filan... Elə təkcə ölkə üzrə universitetlərdə riyaziyyat, ədəbiyyat kafedralarının, institutların adı yazılmış plakatları dəyişmək nə qədər puldur. Üzərinə gəl sənədlər, kitablar, filan". Bunlar çox doğrudur. Hələ məktəb dərslikləri, müəllim və şagird vərdişləri, Baloniya üsulunun savadsızlığa aparan testləri..
Mənim hörmətli filosof-tələbəm yenə zarafatla yazır: "Adamın ağlına qəribə fikirlər gəlir. Bəlkə bu "islahatı" aparmaqla, doğrudan da, bilmədiyimiz bir nəsnə var. Bəlkə bu qədər gəliri əldə etmək üçün dilçilərlə oliqarxlar əlbir olublar, konsensusa gəliblər?"
Pis cəhət odur ki, desək, eləməmişik, inanmayacaqlar.
Firuzun yazısına münasibətlə edilən qeydlər:
Sultan Mərzili. Bunlar hamısı təxribatıdr, Firuz bəy, özü də iqtisadiyyatın çöküş vaxtı baş verir. Hiss və his ~fərqli şeylərdir, biri duyğu, biri də tüstüylə bağlıdır, qarışanda olacaq xəşil.
Dilman Musaevin təklifi daha ağlabatandır: "Dilçilik İnstitutunu bağlamaq və o Möhsün Nağısoylunu həbs edib ən yüksək cəza kimi ona Azərbaycan türkcəsində danışmağı qadağan etmək lazımdır. Orxan müəllim, burda erməni barmağı var..."
Allah sənə insaf versin.
İradə Musayeva: "Vay-vay... "Həssas" sözü də "həsas" olacaq... Deyəcəyik: Sən heç həsas deyilsən, müəllim..."
İradə xanımın bu sözlərindən ilham alan və dəhşətə gələn bəzi yoldaşlar düşünürlər ki, kassa sözü kasa, millət sözü milət olacaq. Amma onların təskinlik tapdıqları sözlər də var: eşşək sözündən (yenə eşşək!) ş hərfinin birini atanda məmurlara xeyir olacaq, çünki onlara bu sözlə söyüş söyəndə söyüş bir az yumşalmış olacaq.
Qaydalarda belə şey yoxdur. Qorxmaq lazım deyil.
Elə bu cür fikirlərə görə, Mayıl Əsgərov orfoqrafiya maraqlılarını üç qrupa ayırıb. Mənim gözəl şair-tələbəm Rafiq Yusifoğlu isə təkid edir ki, dilimizi heç kimdən yox, bircə "dilçilərdən qorumaq" lapzımdır. Fikrini şeirlə ifadə edib:
Ey dili çörək ağacına
döndərən dilbilməz!
Dilin başında dəlləklik eləməyə
vəkil edib kim səni?
Dil xalqın sərvətidi,
onun bir sözünü belə dəyişməyə
haqqı yoxdu kimsənin…
Oxuduğun «Quran» olsa,
bəlkə də xoşumuz gələrdi
səsindən, avazından…
Dilin dilçəyini
çıxarmaqmı istəyirsən
millətin boğazından?!
Dil tapaq,
dil verməyək dilbilməzlərə!
Onları qoymayaq
dil-dil ötməyə!
Sonra söz də tapa bilməyəcəyik
yaratdıqları zir-zibilin
üstünü örtməyə…
Dilin sahibi
Dilçilər deyil, xalqdı…
Xalq isə həmişə haqlıdı…
Dili dilbilməz
dilçilərdən qorumaq
Xalqın haqqıdı!
Belə getsə,
Dilbilməz dilçilər
Dilimizi qoyacaqlar pis günə…
Ayrı-ayrı adlar axtaracaqlar
yağışa,
qara,
dumana,
çiskinə…
Əmanətə xəyanət eləməzlər –
Dil babaların, nənələrin
bizə əmanətidi!
Gəlin dilimizi qoruyaq
dilbilməz "dilçilər”dən! –
Dil xalqımızın sərvətidi!
Söz adamları həmişə
hazır olmalıdı
dilimiz uğrunda döyüşə!
Dili yaradan dilçi deyil ki,
onu da dilçi dəyişə!
Zad demişkən. Yaman deyib! Amma yaxşı şeirdir.
Hə… Balam, bu dilçilərdən nə istəyirsiniz? İş görən də onlar, döyülüb-söyülən də onlar. Dilçi alim boşanmış müğənni deyil ki, başından pul tökülə, o da təbiətin verdiyi səslə oxuya, kef eləyə. Dilçi fəhlədir. Kirpiyi ilə od götürür. 230-250 manata qane olub, bütün günü ya evdə, ya arxivlərdə kitabla əlləşir. Sən onun yazdığı kitabla, yaratdığı əlifba ilə dərs alıb böyümüsən – alim, şair, Milli Məclisin üzvü olmusan. Dilçilik İnstitutu ağır zəhmət içindədir. Əməkdaşların əməlli-başlı oturmağa, işləməyə yeri də yoxdur. Bir balaca otaqda 20 nəfərdən artıq adam oturur. Amma onun qarşısında dövlət planı var, il boyu onunla əlləşir. Əsas vəzifəsi onu yerinə yetirməkdir. Bununla yanaşı, o, keçmişiin nöqsanlarını aradan qaldırmaq, yenilikləri əlavə etmək, sənin hər gün istifadə etdiyin orfoqrafiya lüğətini təkmilləşdirmək üçün çalışır. Bəs sən ona bu işdə nə kömək etmisən? Dilçilik İnstitutuna bütün institut və ali məktəblərdən çox qayğı göstərilməlidir. Çünki bu institut sənin mənəvi varlığındır.
Narahat olma. Təbiətin köməyi ilə "Qaydalar" da düzələcək, orfoqrafiya lüğətimiz də gözəl çap olunacaq. Fikir söyləmək olar, fikir de. Amma əməlli fikir olsun. Bir işə köməyi dəysin. İnstitut əvvəlki dövrlərdən daha səmərəli, daha təmkinlə işləyir. Sən gəl bax gör aldığı 250 manatı sıxışdırıb, qənat edib nə qədər kitab çap etdiriblər. Bir toya Türkiyədən 700 min dollara (küy də olsa) müğənni çağıran milyarderlərimiz bir kitabın nəşrinə kömək etmirlər. Bir bina tikdirib Azərbaycan türk xalqının varlığını qoruyan Dilçilik İnstitutuna verib adlarını əbədiləşdirmək əvəzinə, müğənni çağırırlar. Onları başa salmaq lazımdır. Onu da nəzərə alın ki, maaş azlığı gənc oğlanların elmə gəlməsinə imkan vermir. Gələnlərin 99 faizi qadınlar, qızlardır. Ona görə də belə çətin günlərdə söz deyə bilən Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Məmmədağa Şirəliyev yetişmir.
Xülasə …
Qəzənfər KAZIMOV
professor,
Əməkdar elm xadimi
1970 dəfə oxundu