Tovuzun sərhəd kəndləri üz-üzə qoyulub: Vahidlinin suvarılma imkanlı torpaqlarına kimlər göz dikib?

Tovuzun sərhəd kəndləri üz-üzə qoyulub:
Tovuzun sərhəd kəndləri üz-üzə qoyulub: Vahidlinin suvarılma imkanlı torpaqlarına kimlər göz dikib? (VİDEO)
Tovuz rayon Vahidli kəndinin 300-dən çox sakini redaksiyamıza müraciət edib. Onlar üzləşdikləri böyük bir problemdən şikayətçidilər. Sakinlər bildirirlər ki, Vahidli kəndi 12(on iki) km bir məsafədə Ermənistanla dövlət sərhəd zolağında yerləşir.

Kənd camaatı 1990-cı ildən Ermənistan silahlı qüvvələrinin hücumlarına qarşı səfərbər olaraq, əldə silah torpaqların müdafiəsinə qalxıb: "Kəndimiz daim Ermənisran ağır artilleriyasının atəşi altında olsa da, evlərimiz dağıdılıb, sakinlərimiz şəhid edilsə də, torpaqlarımızdan bir gün belə ayrılmadıq. Müqəddəs Qarabağ torpaqlarının işğaldan azad olunmasında, antiterror əməliyyatlarında Vahidli kəndinin igid oğulları bir çox qəhrəmanlıqlar və igidliklər göstərmişlər.

Onu da məlumunuz edirik ki, vətənimizin bütövlüyü uğrunda gedən qanlı döyüşlərdə Vahidli kənd sakinlərinin 106(bir yüz altı) nəfəri müharibə veteranı statusu almış, 4(dörd) nəfəri şəhid, 4(dörd) nəfəri isə əlil olmuşdur.

Vahidli kəndi qədim türk elatı olmaqla yanaşı, çox böyük tarixi dəyərə malik yeraltı və yerüstü maddi və mədəniyyət abidələri ilə zəngin olan bir ərazidə yerləşir. Belə ki, kəndimizdə orta əsr aran memarlıq abidələrinin nadir nümunələri, qədim oğuz tayfalarının yurd yerləri, Səfəvilər dövlətinin Tovuz rayonununda yeganə yadigarı olan məscid-mədrəsə, qədim qala yeri, qala divarları, memarlıq və tikinti mədəniyyəti baxımından orta əsr Azərbaycan inşaatçılarının yüksək mühəndis düşüncəsinin çox dəyərli örnəklərindən sayılan məşhur Sultan körpüsü, qədim qəbiristanlıq, daş plastikasının gözəl nümunələri, qədim bazar yeri, aşıq ozanlarının qədim qəbir abidələri və eləcə də ulularımızın gələcəyə yadigar naxışları olan tarix mədəniyyət abidələrimizi yaşadaraq gələcək nəsillərə daşıyan çoxsaylı maddi mədəniyyət abidələri var.
Tovuzun sərhəd kəndləri üz-üzə qoyulub:

Xalqımızın, eləcə də Türk-İslam mədəni irsinin tarixi pasportu hesab edilən, tarix və memarlıq abidələri baxımından çox böyük dəyərə malik olan "Qala düzü” abidələr kompleksi 5200 inventar nömrəli məhşur Sultan körpüsü, 5201 inventar nömrəli Məscid-mədrəsə, 6044,6045,6046 inventar nömrələri ilə qeydə alınmış "Qala yeri”, "Qədim Oğuz tayfalarının yurd” yerləri və "Qədim qəbirstanlıq” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə Tovuz rayonunun Vahidli kəndinin ərazisində yerləşən tarixi abidə kimi dövlət qeydiyyatına alınıb”.

Sakinlər bildirirlər ki, Vahidli kəndi Sovet dövründə uzun illər qonşu Ağdam kəndi ilə eyni sovetliyə daxil olub, bir sovxozda fəaliyyət göstərib: "Hətta sovxoz bir olsa da, hər iki kəndin sakinləri öz inzibati əraziləri hüdudlarında təsərrüfat işləri ilə məşğul olublar. Dövlət tərəfindən sənədləşdirilmiş, hüquqi dövlət aktları, fotoplanalma və 1936-cı ildə SSRİ rəhbərliyi dövründə təsdiqlənmiş xəritədə Ağdam və Vahidli kəndinin inzibati ərazisi sərhədləri dəqiq müəyyən olunub. Hər iki kənd öz torpağının inzibati ərazilərini tanıyır və bu müzakirə mövzusu ola bilməz.

Azərbaycan Respublikası müstəqil olduqdan sonra, hər iki kənddə mövcud olmuş öz inzibati ərazi hüdudları daxilində ayrılıqda İcra Hakimiyyətinin yerli nümayəndəliyi formalaşdırılıb.

Daha sonra 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin mövcud fərmanı, "Torpaq islahatı” haqqında qanunun tələbləri və Milli Məclisin qərarı ilə kəndlərin 1965-ci ilə qədər olan inzibati ərazilərinin sərhədləri dəyişdirilməzdir prinsipi əsasında 1999-cu ildə hər iki kəndi birləşdirən S.Ağamalı oğlu adına sovxozda da torpaq islahatı həyata keçirilib. İslahat sovxoz təsərrüfatında vahid təsərrüfat bazası üzrə aparılıb, təsərrüfat üzrə 614(altı yüz on dörd) ailənin adına (Ağdam kəndi üzrə 323(üç yüz iyirmi üç) ailə, Vahidli kəndi üzrə 291(iki yüz doxsan bir)ailə) "Torpağın mülkiyyət hüququna dair Dövlət aktı” hazırlanaraq vətəndaşlara paylanıb.

Vahidli kəndinin ərazisindəki torpaqların bölgüsü zamanı ayrı-seçkiliyə yol verildiyinə, suvarılan və münbit torpaqların çoxunun islahat komissiyasının rəhbər şəxsləri və onların yaxınlarına verildiyinə görə sakinlər püşkatmanın təkrar keçirilməsini tələb ediblər. Onların müraciəti əsasında Respublika Dövlət Aqrar İslahat Komissiyası 09.04.2001-ci il tarixində, Qarabağ münaqişəsi həll olunana qədər islahatın müvəqqəti dayandırılaraq, pay hüququ olan sakinlərə torpaq payları qədər istifadə hüququ verib. Həmin istifadə hüququ ilə Vahidli kənd sakinləri Axıncı çayı boyunca yerləşən dədə-baba torpaqlarını əkib-becərməyə davam edərək güzəranlarını təmin ediblər. Ötən müddət ərzində Vahidli kəndinin suvarma imkanı olan torpaqlarının xeyli hissəsi inşa olunan Tovuzçay su dəryaçasının sututarına düşdüyündən dövlət ehtiyacları üçün geri alınıb, hal-hazırda sakinlərin istifadəsində cuzi torpaq sahəsi qalıb.

Bir müddət əvvəl bizə məlum olub ki, kəndimizin suvarılma imkanı olan torpaqlarının hamısının yerləşdiyi ərazi sakinlərin heç bir xəbəri olmadan, hansısa fırıldaqçılıq və saxtakarlıq yolu ilə Ağdam kəndinin inzibati ərazisinə daxil edilib. Bir qrup Ağdam kənd sakinlərinin iddia edərək, xəritələşdirərək öz inzibati ərazilərinə daxil etmək niyyətində olduğu həmin torpaq ərazisi, keçmiş zamanlarda və sonrakı dövrlərdə, rəsmi dövlət aktı əsasında, 1936-cı il inzibati ərazi xəritəsində və hərbi xəritələrində Vahidli kəndinin inzibati ərazisi kimi öz əksini tapıb.

Keçmiş S.Ağamalı oğlu adına sovxozun vahid bazası əsasında aparılmış dövlət orqanları tərəfindən möhürlənmiş islahat xəritəsi və hər iki kəndin ayrı-ayrılıqda bələdiyyə xəritələri var. Həmin xəritələrdə də Ağdam sakinlərinin iddia etdiyi ərazi birmənalı olaraq Vahidli kəndinin inzibati ərazisi kimi qeyd edilib.

Hal-hazırda iddia olunan ərazidə 22(iyirmi iki) Vahidli kənd sakini öz ailəsi ilə yaşayır, həmin ərazidə Vahidli kənd sakinlərinin pay torpaqları yerləşir və bu torpaq sahələri sakinlərə məxsusdur. Bu ailələrin əksəriyyəti Sovet dövründə-hər iki kənd bir Sovetlikdə fəaliyyət göstərən zaman rəsmi torpaq ayrılması, sənədi əsasında həyətyanı torpaq sahələri əldə edərək evlərini tikib, artıq 50-60 ildən çoxdur ki, orada yaşayırlar. Təəccüblüsü və dəhşətlisi odur ki, ortada bu qədər dövlət tərəfindən tanınan hüquqi sənədlər, subut və fakları olan Vahidli kəndinin bir hissəsi sakinlərə, kəndin icra nümayəndəliyinə, bələdiyyəsinə heç bir məlumat verilmədən Ağdam kəndinin inzibati ərazisinə daxil edilib. Belə qanunsuz əməl vətəndaşların dövlətə olan inam sütunlarını kökündən laxladır,vətəndaşlarla dövlət arasında dərin uçurumlar yaradır və vətəndaşları dövlətdən narazı salır.

İndi bir qrup Ağdam kənd sakini həmin ailələri öz evlərindən qovmağa, didərgun salmağa çalışırlar. Bundan əlavə, Vahidli kənd sakinlərini onilliklər boyu əkib-becərdikləri torpaqlara buraxmaq istəmir, əraziyə gedən şəxslərə hücum edərək, bizləri təhqir və təqiblərə məruz qoyurlar.

Bu məsələnin arxasında Tovuz rayon Mərkəzi Bazarının sahibi Süleymanov Arif Cavad oğlunun şəxsi biznes maraqları dayanır. Ona yaxın qohumu, Tovuz rayon İcra Hakimiyyətinin əraziidarə etmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Fuad Rzayev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dəstək verir. Məhz buna görə bizim İcra Hakimiyyətinə ünvanladığımız müraciətlərə heç bir cavab verilmir.

A.Süleymanov və onun havadarları Ağdam kənd sakinlərinin maraqları deyil, öz şəxsi maraqları naminə Vahidli və Ağdam kənd sakinlərini qarşıdurmaya sürükləyir. Çünki yüz illər boyu Vahidli kəndinə məxsus olmuş torpaqlarımızın zəbt edilməsi ilə heç bir halda barışmayacağıq.

Biz Vahidl kənd sakinləri olaraq bəyan edirik ki, bu əsassız və qanunsuz addım bizim mülkiyyət hüquqlarımızın kobud şəkildə pozulması ilə nəticələnə, bu isə kəndlə-kənd arasında qardaş qırğınına və qanlı toqquşmaların əsasını qoya bilər.

Biz suvarılma imkanı olan son torpaqlarımızın əlimizdən alınmasına, yüzə yaxın ailənin dolanışıq imkanından məhrum edilməsinə imkan verməyəcəyik”.

Onu da qeyd edək ki, Vahidli kənd sakinləri məsələ ilə bağlı Azərbaycanın dövlət rəhbərliyinə, bütün əlaqədar qurumların rəhbərlərinə xüsusi müraciət göndəriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
86 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...