Daxildə istirahət xaricə səfərdən baha başa gəlir- EKSPERT

Daxildə istirahət xaricə səfərdən baha başa gəlir- Quru sərhədlərin 5 ildir bağlı qalması turizmə ən böyük zərbədir

“Lənkəranda 500 manata dincəlməkdənsə, insanlar İstanbulu seçir”

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1948,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Gələnlərin böyük hissəsi Rusiya, Türkiyə, İran və Hindistan vətəndaşlarıdır. Sonrakı pillədə Səudiyyə Ərəbistanı, Gürcüstan, (cəmi 4,2 faiz), Qazaxıstan, Pakistan, Çin (lap az – 2,6 faiz), Özbəkistan, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, (1,6 faiz), Ukrayna, Türkmənistan, Küveyt qərarlaşıb.

Ən az 1,1 faiz isə Belarusa aiddir. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8,5 faiz artaraq 88,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,9 faiz azalaraq 321,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,2 faiz azalaraq 669,8 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 3,1 faiz artaraq 868,5 min nəfər təşkil edib. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,2 faizi hava, 22,5 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib. Maraqlıdır, bizimkilər, necə deyərlər, “bir ayağı” Gürcüstanda, Rusiyada, Türkiyədə, eləcə də BƏƏ-də və sair olduğu halda, bizə gələnlərin sayında niyə azalma var? Diqqətçəkən məlumatlardan biri də budur ki, bu ilin ilk doqquz ayında Gürcüstan Azərbaycandan olan turistlərdən 169 milyon ABŞ dolları həcmində gəlir əldə edib. Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib. Ölkəyə gələn turistlərin hesabına ötən ilin eyni dövrü ilə müqayisədə gəlir 32,8 faiz və yaxud 41,8 milyon ABŞ dolları artıb. Hesabat dövründə Gürcüstan beynəlxalq turizmdən rekord səviyyədə - 3,6 milyard ABŞ dolları həcmində gəlir əldə edib ki, bu da ötən ilin analoji göstəricisindən 5,1 faiz çoxdur. Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı illik müqayisədə 34,9 faiz artaraq 220 168 nəfər təşkil edib. Bu məlumat ikinci sualı da gündəmə gətirir: necə olur ki, Gürcüstan bizim turistlərin hesabına milyonlar qazanır, biz isə hər il daha çox itiririk? Mütəxəssis rəyinə keçməzdən əvvəl, müşahidə etdiyimiz faktı qeyd edək. Paytaxtın müxtəlif ərazilərində quraşdırılmış son model monitorlarda Bakı, Azərbaycanla bağlı rəngarəng reklamlar yayınlanır. O cümlədən, Bakı Metropoliteninin stansiyalarında, foyelərdə, eləcə də vaqonlarda monitorlar quraşdırılıb və bu monitorlarda davamlı olaraq Azərbaycanın gözəllikləri, turizm imkanları, yemək-içməkdən tutmuş, gəzinti yerləri, möhtəşəm tarixi abidələr də görüntülənir. Metrodan hər gün milyolarla insan istifadə edir. Bəli, məhz milyonlarla insan və azərbaycanlılar! Metrodan istifadə edən xaricilərin - turistlərin sayı sizcə nə qədər olar? Metronun daimi sərnişini kimi, ara-sıra 3-5 əcnəbi qarşıma çıxır; dəstədən ayrı düşmüş quşlar kimi... Soraqlaşa-soraqlaşa gedəcəkləri ünvanı öyrənirlər. Vəssalam. Yəni bu monitorlarda nümayiş olunanlar, belə çıxır ki, daha çox yerli sakinlər üçündür. Onlara bilirsiniz kimlər baxır? Əlində smartfon olmayan cüzi sayda sərnişin. Zatən sərnişinlərin 90 faizi öz mobil telefonuna gözünü zilləyir. Çoxunun heç xəbəri yoxdur o monitorlarda nə nümayiş olunur, ya da laqeyddilər, lazım deyil onlara. Xarici ölkə vətəndaşları da elə bu cür ölkəmiz barədə məlumatsızdılar. Siz baxmayın, İçərişəhərdə 10-15 turist dolaşır, kabab iyinə. Hərgah dünya ölkələrində demirik, yaxın qonşularımızda, məsələn, gürcülərdə ölkəmizə, onun gözəlliklərinə, təbiətinə, turizm imkanlarına (əgər varsa) maraq oyada bilsəydik, turist sayına görə biz öndə olardıq, Gürcüstan deyil. Ölkəmizə gələn turistlərin sayı da azalmazdı, artardı. Demək, işlər yaxşı getmir. Hardasa, “sızıntı” var. Harda?


İqtisadçı Fuad İbrahimov Sherg.az-a açıqlamasında qeyd etdi ki, turizm göstəricilərinin azalmasına bir deyil, bir çox amillər təsir edir:

- Turizmin inkişafı, turizmdən gəlir əldə edilməsi üçün ilk növbədə əlçatanlıq olmalıdır. Vətəndaşlarımız niyə xarici ölkələrə səfərlərə üstünlük verir? Çünki xarici ölkələrə səfər etmək, daxildə istirahət qiymətləri ilə müqayisə edildikdə çox ucuz başa gəlir. Bakı-Tbilisi reysinə təyyarə biletinin qiyməti təxminən 100 manatdan başlayır. Vaxta, tarixə görə qiymətlər dəyişə bilir. Bakıdan İstanbula da aviabiletlərin qiyməti də təxminən bu cürdür. Bunlar ekonom-klass bilet qiymətləridir. Məsələn, daxildə, Lənkəranda hotellərdə bir gecə qalmaq 100-150 manat arasıdır. Üstəgəl, əlavə yemək, gəzinti, yol xərci, filan. İnsanlar da düşünür ki, 500 manata gedib Lənkəranda dincəlməkdənsə, Tbilisiyə gedim, İstanbula gedim. Nə qədər olmasa da, yenə xarici ölkədir. Xarici turistlər üçün də əsas qiymətdir. Turist səyahət üçün ölkə seçəndə, gəzməli-görməli yerlərə baxmır, əvvəlcə qiymətə baxır. Qiymət münasibdirsə, səyahətə qərar verir. Bizim ölkədə hotellər çox bahadır, yemək bahadır (turistlərə lap yüksək qiymət təqdim edilir), xidmət bahadır, xidmətin səviyyəsindən hələ danışmırıq. Adi suvenirləri çox baha qiymətə təklif edirlər. Bu, bir. İkincisi, biz həmişə demişik ki, maraqlı tanıtım, maraqlı hekayələr olmalıdır ki, əcnəbiləri cəlb etsin. Bizim “qonaqpərvər xalqıq”, “tarixi, mədəniyyət incilərimiz var” deməyimizlə iş bitmir. Bunları xaricilərə təqdim edə bilirikmi, məlumatlıdırlarmı, ona baxmalıyıq. Üçüncü, deyərdim ki ən böyük səbəb quru sərhədlərin hələ də bağlı olmasıdır. Doğrudur, bunda regiondakı siyasi vəziyyət əhəmiyyətli rol oynayır. Amma məsələn, Gürcüstan quru sərhədləri açıb. Turizmdən də yüksək gəlir əldə edir. Bizim quru sərhədlərimizin artıq 5-ci ildir bağlı qalmasının ən böyük zərəri turizmə və buradan da iqtisadiyyata dəyir. Bu, məlum məsələdir. Quru sərhədlər bağlıdırsa, turist axınına da mənfi təsir edir, iqtisadiyyata da müəyyən mənada ziyan vurur. Yüklərin avtomobil yoluyla, gömrük-keçid məntəqələrindən daşınmasına əngəl yaranır, əhalinin gəlirləri də azalır. Quru sərhədlərin qapalı qalması bir çox sahələrə mənfi təsir göstərir, o cümlədən də turizmə. Statistika da göstərir ki, daha hava nəqliyyatı ilə gediş-gəliş olub. Quru sərhədlər bağlıdırsa, belə də olmalıdır. Hava nəqliyyatı isə hamı üçün əlverişli deyil. Təyyarə biletləri bahadır, turistlər də ucuz nəqliyyat növü axtarır. Dəniz nəqliyyatımız ümumiyyətlə sıfırdır. Quru sərhədlərin bağlı qaldığı bu 5 ildə dəniz nəqliyyatını inkişaf etdirmək olardı. Amma heç nə edilməyib. Qısası, təkcə “amazing”, “juoney”, “zestful”... deyə, rəngarəng görüntülərlə - paxlava-şəkərburalı reklam çarxı ilə turist cəlb etməyi düşünürüksə, göstərici aşağı faiz olacaq. Başqa ölkələr bizi qabaqlayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...