Qar yağacaq, hava yenidən DƏYİŞƏCƏK
Bakupost.az xəbər verir ki, ekoloq Qorxmaz İbrahimli Metbuat.az-a açıqlamasında bunun bahar havası deyil, Bakı və Abşeron yarımadası üçün xarakterik olan adi hava şəraiti olduğunu bildirib:
“Ölkə üzrə Aran ərazilərində də oxşar vəziyyət hökm sürür. Dağlıq və dağətəyi ərazilərdə isə hava sərin və soyuq olaraq qalır, bəzi yerlərdə bu proses davam edir. Qış mövsümü hər gün və hər yerdə qar yağması demək deyil. Artıq yaz fəslinə doğru irəliləyirik və müsbət temperaturun müşahidə olunması normal haldır. Xüsusilə Bakı və Abşeron yarımadasında yağıntının az olması həmişə səciyyəvi xüsusiyyət olub”.
Q.İbrahimlinin sözlərinə görə, fevral ayı ərzində Kiçik Qafqazın dağlıq və dağətəyi ərazilərində, eləcə də Böyük Qafqazın dağlıq zonalarında qar müşahidə olunacaq:
“Hətta ayın sonuna doğru Bakıda da yağıntı ehtimalı var. Bu, sensasiya deyil, mövsüm üçün normal haldır. Fevralın sonlarına yaxın boz ayın başlanması ilə hava şəraitində dəyişikliklər baş verir, temperatur qismən yüksəlsə də, yağıntıların miqdarı arta bilər. Bu baxımdan hər hansı anomaliya yoxdur. Yüksək dağlıq ərazilərdə - Şahdağ istiqamətində və Qarabağ bölgəsində qarın yağacağı gözlənilir. Lerik zonasında da yenidən qar ehtimalı var. Aşağı ərazilərdə isə qar gözlənilmir”.
3 dəfə oxundu











