İmplant diş xərçəng yaradır? – AÇIQLAMA
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən həkim-stomatoloq Jalə Cəfərovanın sözlərinə görə, müasir titan tərkibli implantlar uzun illərdir, tibdə təhlükəsiz şəraitdə istifadə edilir. O bildirib ki, implantın zərərli olması və ya xərçəng yaratması ilə bağlı məlumatlar elmi olaraq sübut olunmayıb: “Bu barədə heç bir araşdırma, məqalə yoxdur. Bəzən insanlar implant qoyulduqdan sonra yaranan iltihabı və uğursuz implantı xərçənglə əlaqələndirirlər. Bu halın xərçəng yarada biləcəyi ehtimalını irəli sürürlər. Hansı ki bu da tam dolğun məlumat deyil. İmplantasiyada vacib olan məqamlar var. Düzgün planlama etmək lazımdır, steril şəraitdə və sümüyün uyğun nahiyəsinə yerləşdirmək lazımdır. Bunun üçün də öncədən planlanaraq həmin nahiyə üzrə yerləşdirilir. İmplantın əks təsirləri demək olar ki yoxdur”.
J.Cəfərova qeyd edib ki, prosedurun ağırlaşmaları ola bilir və bu da individualdır: “Bəzi pasiyentlərdə əməliyyatdan sonra birinci gündən etibarən şişmə, ağrı, qanama riski ola bilər. Ancaq bəzilərində isə belə hallara, ümumiyyətlə, rast gəlinmir. İmplantın sümük ilə birləşməməsi halı yaşana bilər. Bu hal hansısa faktordan asılı ola bilər, məsələn, düzgün sterilizasiya şəraiti olmadıqda, sümüyü qızdırıldıqda və s. Bütün bunlar həkimin gördüyü işə aid olan nüanslardır. Bəzən də implantı yerləşdirdikdən sonra gələcəkdə peri-implantit yaranır, hansı ki implant ətrafında iltihab mövcud olur. Düzgün planlanmayan implantlar nəticəsində bəzən sinirə yaxın və ya üzərində yerləşdirildikdə sinir sıxılması və ya sinir keyiməsi riskləri artır”.
Stomatoloqun sözlərinə görə, bəzi hallarda zərərli vərdişlər də təhlükə riskini artıra bilir: “Pasiyent siqaret çəkirsə və ya şəkərli diabet xəstəsidirsə, bu, problem yaradır. Ağız gigiyenası zəif olduqda, sümükdə daha çox boşluq, sümük keyfiyyəti zəif olduqda implantın sümüklə birləşməsi də zəif gedir. İmplantların keyfiyyətinə diqqət etmək lazımdır. Yüksək keyfiyyətli olanların sümüklə birləşməsi prosesi digərləri ilə müqayisədə daha yaxşı, sürətli gedir. İmplant ömürlük qulluq istəməyən bir şey deyil. Öz dişimiz kimi gündəlik qulluq tələb edir. Gigiyena zəif olarsa, ən keyfiyyətli implant belə problem yarada bilər”.
6 dəfə oxundu












