İranla bağlı qərarı sabah verəcək

İranla bağlı qərarı sabah verəcək“İranla bağlı vəziyyət “50/50”dir, ya razılaşma, ya da yeni hücumlar olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Axios”a açıqlamasında deyib.

O, İranla davam edən gərginlik və mümkün razılaşma ilə bağlı açıqlamasında bildirib ki, vəziyyət hazırda “50/50” səviyyəsindədir və yaxın günlərdə ya diplomatik razılaşma əldə oluna, ya da hərbi əməliyyatlar davam etdirilə bilər.

Tramp qeyd edib ki, İranın son təklifini müzakirə etmək üçün şənbə günü əsas müşavirləri və danışıqçılarla görüş keçirəcək. Prezident qərarın bazar gününə qədər verilə biləcəyini qeyd edib.

ABŞ liderinin sözlərinə görə, iki variant masadadır: “Ya yaxşı bir razılaşma əldə edəcəyik, ya da onlara indiyə qədər görünməmiş zərbələr endirəcəyəm”, – deyə Tramp bildirib.

Məlumata görə, Tramp gün ərzində Körfəz ölkələrinin liderləri ilə də telefon danışıqları aparacaq. Danışıqlarda Misir, İordaniya və Türkiyə liderlərinin də iştirakının gözlənildiyi bildirilir.

Prezidentin İran məsələsini ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə müzakirə edəcəyi, vitse-prezident Ceyms Devid Vensin də görüşə qatılacağı qeyd olunur.

Pakistan vasitəçiliyi ilə aparılan danışıqlarda son günlər müəyyən irəliləyiş əldə edildiyi bildirilir. Pakistan ordusunun rəhbəri Asim Munir Tehranda keçirdiyi görüşlərdən sonra tərəflərin “yekun anlaşmaya doğru ümidverici addımlar atdığını” açıqlayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü isə tərəflərin müharibəyə son qoyacaq memorandum üzrə danışıqların son mərhələsində olduğunu bildirib. İran tərəfi sənəddə Hörmüz boğazının mərhələli şəkildə açılması, ABŞ blokadasının aradan qaldırılması və İranın dondurulmuş vəsaitlərinin azad olunması kimi məsələlərin yer aldığını açıqlayıb.

Bununla yanaşı, Tramp vurğulayıb ki, ABŞ üçün əsas şərtlərdən biri İranın uran zənginləşdirmə proqramının məhdudlaşdırılması və nüvə ehtiyatları ilə bağlı konkret razılığın əldə edilməsidir.

ABŞ Dövlət katibi Marko Rubio da danışıqlarda müəyyən irəliləyiş olduğunu təsdiqləyib. O bildirib ki, İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilməyəcək və Hörmüz boğazı tam şəkildə beynəlxalq gəmiçilik üçün açıq qalmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
12 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...