AAYDA-da Saleh Məmmədovdan qalan “kadr mirası”: yarımçıq yollar, narazı vətəndaşlar və yoxa çıxan milyonlarla bağlı suallar

AAYDA-da Saleh Məmmədovdan qalan “kadr mirası”:  Uzun illər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində mühüm vəzifə tutmuş Saleh Məmmədovun vəzifədən uzaqlaşdırılmasından sonra da onun dövründən qalan problemlərin qurum daxilində özünü göstərdiyi iddia olunur.

Məlumatlara görə, sabiq rəhbərliyin kadrlarının bir qismi hələ də AAYDA-nın müxtəlif strukturlarında, xüsusilə də İnvestisiya İdarəsinin İnvestisiya Layihələri üzrə Yol Əsası və Mühafizə Zolağında olan Maneələrin Aradan Qaldırılması və Monitorinqi Şöbəsində fəaliyyətini davam etdirir.

İddialara əsasən, uzun illər yol və körpü tikintisi adı altında vətəndaşlara məxsus torpaq sahələrinin layihələrə cəlb edilməsi zamanı ciddi narazılıqlar yaranıb. Vətəndaşlar kompensasiyaların real bazar qiymətindən aşağı hesablandığını, ödənişlərin gecikdirildiyini və bəzi hallarda süni süründürməçiliyə yol verildiyini bildirirlər.

Mediada zaman-zaman bu şöbənin bəzi əməkdaşları ilə bağlı dərc edilən materiallar da göstərir ki, narazılıq artıq təkcə fərdi şikayət səviyyəsində qalmayıb, ictimai müzakirə predmetinə çevrilib.

Digər ciddi problem isə Saleh Məmmədov dövründən qaldığı iddia edilən yarımçıq yol və körpü layihələridir. Vaxtında başa çatdırılmalı olan bəzi infrastruktur obyektlərinin hələ də tamamlanmaması həm nəqliyyatın hərəkətinə, həm də vətəndaşların gündəlik həyatına ciddi çətinliklər yaradır. Xüsusilə yağışlı havalarda bəzi ərazilərdə hərəkətin iflic vəziyyətə düşməsi bu layihələrin keyfiyyəti və maliyyələşməsi ilə bağlı sualları daha da artırır.

Sosial şəbəkələrdə və mediada səsləndirilən iddialara görə, bəzi yarımçıq layihələr üzrə ayrılmış vəsaitlərin taleyi də araşdırılmalıdır. Əgər yol və körpü tikintisinə ayrılan dövlət vəsaitləri tam xərclənibsə, o zaman həmin obyektlərin niyə bu günə qədər tamamlanmadığı ciddi sual doğurur.

Bu fonda sabiq rəhbərlik dövründə bəzi vəzifəli şəxslərin böyük sərvətə sahib olması, milyonluq villalar və bahalı əmlaklarla bağlı ictimai iddialar da ayrıca araşdırma predmeti olmalıdır.

Redaksiya olaraq hesab edirik ki, aidiyyəti qurumlar AAYDA-da sabiq rəhbərlik dövründən qalan yarımçıq yol və körpü layihələri, kompensasiya mexanizmləri və dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı geniş yoxlama aparmalıdır.

Əgər iddialar təsdiqini taparsa, yol infrastrukturu adı altında dövlət vəsaitlərinin mənimsənilməsində iştirak edən şəxslərin məsuliyyətə cəlb olunması zəruridir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
9 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...