SOCAR-ın qərarından sonra İtaliyada benzin ucuzlaşıb

SOCAR-ın qərarından sonra İtaliyada benzin ucuzlaşıbDövlət Neft Şirkəti (SOCAR) İtaliyada yanacağın bahalaşmasının qarşısını almaq məqsədilə qiymətlərə yuxarı hədd tətbiq etməyə başlayıb.
Yeniavaz.com İtaliya mətbuatına istinadən xəbər verir ki, şirkətin bu addımı İtaliya hökumətinin yanacaq bazarındakı qiymət artımını cilovlamaq üçün iri enerji şirkətlərinə etdiyi çağırışdan sonra atılıb.
SOCAR-a məxsus olan “Italiana Petroli” (IP) şirkətinin yanacaqdoldurma məntəqələrində benzin və dizel müəyyən olunan qiymət limitindən baha satılmayacaq.
İtaliya mətbuatı bildirir ki, şirkət bu qərarla İtaliyanın iri enerji şirkəti “Eni”nin tətbiq etdiyi qiymət həddinə uyğunlaşır. “Eni”nin yanacaqdoldurma məntəqələrində özünəxidmət sistemi ilə satılan benzinin litri üçün 1,99 avro, dizelin litri üçün isə 2,19 avro qiymət həddi müəyyən edilib. Yayılan məlumatlarda bildirilir ki, tətbiq edilən məhdudiyyətlərin nəticəsi olaraq son bir həftə ərzində İtaliyada benzinin orta satış qiyməti təxminən 0,7% ucuzlaşıb, dizelin qiymətində isə artım qeydə alınmayıb.
Məlumat üçün bildirək ki, İtaliyada yanacağın qiymətinin əhəmiyyətli hissəsini vergilər təşkil edir. Hökumət qiymət artımını yumşaltmaq üçün əvvəllər aksiz vergisi üzrə güzəştlər tətbiq edib. Lakin dizelə tətbiq edilən müvəqqəti vergi güzəşti oktyabrın 5-də başa çatıb. Oktyabrın 6-dan qüvvəyə minməsi nəzərdə tutulan dəyişən aksiz mexanizminin tətbiqi üçün lazımi qərar isə vaxtında qüvvəyə minməyib. Nəticədə dizelin qiymətinə yenidən artım təzyiqi yaranıb.
İtaliyanın Baş naziri Corcia Meloni yanacağın qiymətinin artmasının ailələrə və biznesə təsirini azaltmaq üçün enerji şirkətlərini qiymətlərin məhdudlaşdırılması tədbirlərinə qoşulmağa çağırıb.
“Eni” və SOCAR-ın ardınca Küveytin Q8 şirkəti də İtaliyadakı yanacaqdoldurma məntəqələrində qiymətlərə yuxarı hədd tətbiq etmək niyyətini açıqlayıb. Meloni SOCAR-ın qərarını hökumətin çağırışına verilən dəstək kimi qiymətləndirib və buna görə Azərbaycana təşəkkür edib.
Məlumat üçün bildirək ki, İtaliyanın aparıcı enerji şirkətlərindən olan “Italiana Petroli” şirkətinin əsası 1933-cü ildə qoyulub və baş ofisi Roma şəhərində yerləşir. Uzun illər “Brachetti-Peretti” ailəsinə məxsus (“API Holding” tərkibində) xüsusi şirkət olaraq fəaliyyət göstərib. SOCAR 2026-cı ilin may ayında “Italiana Petroli” şirkətinin səhmlərinin 99,82%-nin satın alınması prosesini rəsmən başa çatdırıb. Şirkət İtaliya miqyasında 4 500-dən çox yanacaqdoldurma məntəqəsi (YDM) ilə fəaliyyət göstərir. Həmçinin, illik təxminən 10 milyon ton (gündəlik 200 min barrel) emal gücünə malik iki neft emalı zavoduna, böyük logistika şəbəkəsinə və xüsusi saxlama anbarlarına sahibdir. Əsas fəaliyyəti benzin və dizel satışı, aviasiya yanacağı (JET A-1), bitum, maye qaz (LPG) və mühərrik yağlarının istehsalı və tədarükündən ibarətdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
19 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...