Bu xəstəlik sürətlə yayılır - Qarşısını almaq mümkün deyil
"GUNDEMİNFO" Musavat.com-a istinadla xəbər verir ki, Konqo Demokratik Respublikasının Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə mayın 15-də elan edilən Ebola epidemiyası 7 əyalətin 64 bölgəsini əhatə edir.
Bu ərazilərdə 8 665 təsdiqlənmiş yoluxma qeydə alınıb. Xəstəlik səbəbindən 4 178 nəfər həyatını itirib. 2 259 nəfər isə sağalıb.
Ebola üzrə ölüm göstəricisi 48,2 faiz, təmasda olan şəxslərin izlənmə səviyyəsi isə 80,4 faiz olaraq açıqlanıb. Son 24 saat ərzində daha 24 xəstənin sağaldığı bildirilib.
Ebola virusu qanamalı qızdırmaya səbəb olan təhlükəli infeksiyalardan biridir. Virus ilk dəfə 1976-cı ildə Sudanın Nzara şəhərində və Konqo Demokratik Respublikasının Yambuku şəhərində eyni vaxtda baş verən epidemiyalar zamanı aşkarlanıb.
Xəstəliyə Konqoda Ebola çayının yaxınlığındakı kənddə rast gəlindiyi üçün virusa həmin çayın adı verilib.
2014-2016-cı illərdə Qərbi Afrikada baş verən Ebola epidemiyası zamanı Qvineya, Liberiya və Syerra-Leonedə təxminən 30 min insan virusa yoluxub, 11 mindən çox insan həyatını itirib.
Konqo Demokratik Respublikasının şərqində yerləşən İturi əyalətində 246 şübhəli yoluxma və 65 ölüm halının qeydə alınmasından sonra mayın 15-də ölkədə Ebola epidemiyası elan edilib.
Səhiyyə rəsmilərinin məlumatına görə, may ayında yayılmağa başlayan “Bundibugyo” Ebola variantının təsdiqlənmiş müalicəsi və vaksini yoxdur.
30 dəfə oxundu










