Nazirin xalası oğlu dövlətə zərəri ödədi
GUNDEMİNFO teleqraf-a istinadla xəbər verir ki, cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Təqsirləndirilən şəxslər hazırda ev dustaqlığındadırlar.
Cinayət işi üzrə ümumilikdə 4 nəfər məsuliyyətə cəlb edilib. Onlardan ikisi kollecin sabiq direktorları Fəxrəddin Zeynalov və İlqar Kubışovdur. Kollecin əməkdaşları Gülnar Bağırzadə və Məlahət Əsgərova da təqsirləndirilən şəxslər sırasındadır.
Təqsirləndirilən İlqar Kubışov mədəniyyət naziri Adil Kərimlinin xalası oğludur.
İttihama əsasən, təqsirləndirilən şəxslər ümumilikdə 360 min manatdan artıq dövlət vəsaitini mənimsəməkdə ittiham olunurlar.
İstintaqla müəyyən edilib ki, dövlət vəsaitinin bir hissəsi ayrı-ayrı şəxslərin adına əmək haqqı yazılması, digər hissəsi isə kollecdə inşaat işlərinin aparılması adı ilə rəsmiləşdirilərək mənimsənilib.
İstintaq dövründə dövlətə dəymiş zərərin bir hissəsi ödənilib. Mədəniyyət naziri Adil Kərimlinin xalası oğlu İlqar Kubışov isə ona münasibətdə hesablanmış maddi zərəri tam ödəyib.
Xatırladaq ki, Gəncə Dövlət Regional Kollecinə 2023-cü ilədək Fəxrəddin Həsənov rəhbərlik edib. O, təqaüdə çıxdıqdan sonra bu vəzifəyə İlqar Kubışov təyin olunub. Kubışov isə cəmi bir il sonra vəzifəsindən azad edilib.
12 dəfə oxundu











