İşsiz qalan vətəndaş niyə sosial dəstək ala bilmir? – Ekspertdən AÇIQLAMA

İşsiz qalan vətəndaş niyə sosial dəstək ala bilmir? – Azərbaycanda işsiz qalan vətəndaşın dövlət dəstəyinə çıxışı ciddi maneələrlə üzləşir. İşsiz kimi qeydiyyata düşmək üçün tətbiq olunan tələblər, təklif edilən işdən imtina halında statusun verilməməsi və işsiz statusu alan şəxslərin belə davamlı sosial ödənişlə təmin olunmaması mövcud sistemin effektivliyini sual altına qoyur. Xüsusilə gəliri olmayan və himayəsində azyaşlı uşaqlar olan ailələrin sosial yardıma çıxışında sərt şərtlərin tətbiqi problemin miqyasını daha da artırır.

Bəs Azərbaycanda işsiz vətəndaşın sosial müdafiəsi niyə bu qədər məhdud imkanlarla təmin olunur?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, Azərbaycanda işsiz statusu alan şəxslərə ümumilikdə sosial müavinət ödənilmir.

Razi Abbasbəyli: "İctimai nəqliyyatda gedişhaqqı 70 faiz bahalaşacaq"
İşsiz qalan vətəndaş niyə sosial dəstək ala bilmir? –
Onun sözlərinə görə, vətəndaş ilk olaraq məşğulluq mərkəzinə müraciət edir və işaxtaran kimi qeydiyyata alınır:

“6 ay keçdikdən sonra vətəndaşa rəsmi olaraq işsiz statusu verilir. Əgər həmin müddətdə vətəndaş ona təklif olunan iş yerlərindən imtina edibsə, ümumiyyətlə işsiz statusu verilmir. Bu da kifayət qədər absurd yanaşmadır. Tutaq ki, vətəndaşa onun yaşadığı əraziyə uyğun gəlməyən və ya əməkhaqqı iş saatlarına adekvat olmayan işlər təklif edilir. Bu kimi səbəblərdən vətəndaş məcbur olub imtina edir. İmtina etdiyi halda isə ona işsiz statusu verilmir”.

İqtisadçı qeyd edib ki, işsiz statusu alan şəxslər də ayrıca sosial ödənişlə təmin olunmur:

“Azərbaycanda işsiz statusu olan şəxslərə, hətta ailə başçısı olsa belə, himayəsində bir neçə azyaşlı uşaq olsa belə, ailədə heç kim işləməsə belə, sosial müavinət verilmir. Burada ədalətsiz ikili mexanizm mövcuddur”.

Razi Abbasbəyli bildirib ki, gəliri olmayan ailələrin ünvanlı sosial yardım almaq imkanları da bir sıra şərtlərlə məhdudlaşdırılır:

“Tutaq ki, bir ailədə üç övlad var, nə ata, nə də ana rəsmi olaraq işləmir və ailənin gəliri yoxdur. Həmin ailə ünvanlı sosial yardım almaq üçün müraciət etdikdə ağır şərtlərlə qarşılaşır. Ailədə mütləq kimsə işləməli və minimum əməkhaqqı almalıdır. Ailə üzvlərinin adına daşınmaz əmlak və nəqliyyat vasitəsi olmamalıdır. Hətta beş nəfərlik ailənin cəmi bir hektarlıq pay torpağı varsa, ona ünvanlı sosial yardım verilmir”.

Ekspertin fikrincə, bir sıra ölkələrdə faktiki olaraq işsiz qalan və dövlət tərəfindən işlə təmin edilməsi mümkün olmayan şəxslərə müəyyən müddət ərzində işsizlik müavinəti ödənilməsi normal praktikadır:

“Birinci növbədə əsas götürülən kateqoriya işsiz vətəndaşın ailə başçısı olması, himayəsində övladlarının olması və digər sosial amillərdir. Həmin dövr ərzində vətəndaş işlə təmin edilmədikdə ona müəyyən məbləğdə işsizlik müavinəti verilir”.

Razi Abbasbəyli Azərbaycanda işsizlikdən sığorta ödənişləri ilə bağlı da problemlərin olduğunu vurğulayıb. Onun sözlərinə görə, iş yerini itirən vətəndaş məşğulluq mərkəzinə müraciət edərək işsizlik statusu almaq istədikdə müəyyən hallarda işsizlikdən sığorta ödənişi ilə bağlı məhdudiyyətlərlə qarşılaşır.

“İş yerini itirmiş vətəndaşın adına, məsələn, cəmi 20 sot əkin torpağı varsa, ona işsizlikdən müavinət verilmir. Bu baxımdan kifayət qədər ədalətsiz yanaşmalar mövcuddur”, – deyə iqtisadçı bildirib.

Ekspert həmçinin büdcə təşkilatlarında çalışan bəzi şəxslərlə bağlı tətbiq edilən mexanizmi də tənqid edib:

“Bir neçə il bundan əvvəl büdcə təşkilatlarında çalışan on minlərlə insanın ərizəsi alınaraq, iş yerlərini saxlamaları şərti ilə DOST mərkəzinin xətti ilə eyni işə rəsmiləşdirilməsi həyata keçirildi. Vətəndaş illərlə işlədiyi müəssisədə ərizə yazaraq işdən ayrılır, eyni işdə qalmaq şərti ilə birillik müqavilə əsasında DOST xətti ilə ictimai işçi kimi yenidən həmin işə götürülür. Bir il sonra müqavilə uzadılmadıqda isə həmin şəxslərə işsizlikdən sığorta ödənişi verilmir”.

Razi Abbasbəyli hesab edir ki, bu mexanizmin tətbiqində əsas məqsədlərdən biri dövlətin DSMF xərclərini azaltmaq və həmin şəxslərə işsizlikdən sığorta ödənişi verməmək olub.

“Vətəndaş 20 il büdcə təşkilatında çalışır. 21-ci il ona müraciət olunur ki, ərizə yazsın və DOST xətti ilə həmin iş yerində qalmaq şərti ilə müqaviləsi birillik bağlansın. Növbəti il müqavilə uzadılmır. Bu, kifayət qədər ədalətsiz yanaşmadır”, – deyə iqtisadçı vurğulayıb.

Ekspertin fikrincə, Azərbaycanda işaxtaranlarla rəsmi işsiz statusu alan şəxslər arasında da ciddi fərq yaranıb və mövcud sistem vətəndaşları məşğulluq mərkəzlərinə müraciət etməyə kifayət qədər həvəsləndirmir:

“Azərbaycanda istər işaxtaranlar, istərsə də işsiz statusu əldə etmiş şəxslər dövlətin ciddi qayğısı ilə əhatə olunmur. Vətəndaş bilsə ki, işsiz statusu aldıqdan sonra ona hər ay müəyyən müavinət ödəniləcək, on minlərlə insan məşğulluq mərkəzlərinə müraciət edər. O zaman real mənzərə ortaya çıxar. Amma bunun heç bir əhəmiyyəti olmadığı üçün vətəndaş da ora müraciət etməkdə maraqlı deyil. Bilir ki, ona ciddi sosial dəstək göstərilməyəcək”.

Aynurə İsmayıl



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
6 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...