Xalq artistində yeni xəstəlik aşkarlandı: "Həkimlər bilmir haradan başlasınlar"
Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun müayinələrinin bəzilərinin nəticələri açıqlanıb.
Aktyor Qaynarinfo-ya açıqlamasında bəzi müayinələrin nəticələrinin hələ məlum olmadığını bildirib:
“Nəticələr bir neçə günə bəlli olacaq. Səhhətimdə müəyyən problemlər var. Bəzi nəticələr yaşa uyğundur, bəziləri isə həkimlər üçün sual doğurub. Həkimlər hələ qərar verə bilmirlər ki, haradan başlasınlar. Parkinson xəstəliyi də aşkarlanıb. Ona görə bu gün konsilium keçirəcəklər”.
Aktyor hazırda özünü çox pis hiss etdiyini vurğulayıb:
“Otaqda otura bilmirəm, o tərəf-bu tərəfə gedib-gəlirəm. Mədə-bağırsağımda problemlər var, bu da mənə psixoloji təsir edir. Narahatam”.
Qeyd edək ki, Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhətində problemlər yaranıb. Aktyor Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. O, bir müddət əvvəl özəl xəstəxanalardan birində əməliyyat da olunmuşdu.
Qeyd edək ki, Parkinson mərkəzi sinir sisteminin hərəkətləri idarə edən beyin hüceyrələrinin (dopamin istehsal edən neyronların) tədricən məhv olması ilə inkişaf edən proqressiv (mütərəqqi) nevroloji xəstəlikdir. Əsas əlamətləri titrəmə (Tremor), hərəkətlərin yavaşıması, əzələ sərtliyi, balans və duruş pozğunluğudur. Xəstəliyin dəqiq səbəbi tam məlum deyil, lakin əsas risk faktorlarına yaşlanma (adətən 60 yaşdan yuxarı), genetik amillər və ətraf mühit toksinləri daxildir. Beyində dopamin çatışmazlığı hərəkətlərin tənzimlənməsini pozur.
Tam sağaltma üsulu olmasa da, dərman vasitələri (məsələn, Levodopa), fizioterapiya və irəli mərhələlərdə cərrahi müdaxilələr (dərin beyin stimulyasiyası — batareya müalicəsi) vasitəsilə simptomlara uğurla nəzarət etmək və həyat keyfiyyətini yüksəltmək mümkündür.
5 dəfə oxundu










