Ramiz Mehdiyevin ittihamı oxunacaq - Bu gün məhkəməsidir
Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun məhkəmə istintaqının başlaması nəzərdə tutulur.
Qeyd edək ki, sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsinin səbəbi səhhətində yaranan problemlərlə əlaqələndirilib. Hakim Murad Aslanovun sədrliyi ilə keçirilən iclasda cinayət işi məhkəmə baxışına verilib. Növbəti məhkəmə iclası oktyabrın 5-ə təyin olunub.
Xatırladaq ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabr ayında cinayət işi açılıb.
DTX-nin yaydığı məlumata görə, Azərbaycan vətəndaşları - Ramiz Ənvər oğlu Mehdiyev, Abbas Aydın oğlu, Abbasov Əli Əmirhüseyn oğlu Kərimli Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı görülən kompleks tədbirlər nəticəsində saxlanılıblar.
Həmçinin həmin cinayət işi üzrə 2025-ci ilin noyabr ayında Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov da saxlanılıb.
İttihama görə, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə xarici ölkədə yaradılan "Rusiya Azərbaycan Təşkilatları İttifaqı" adı altında qeydiyyatdan keçirilən və "Milyarderlər İttifaqı" adlandırılan təşkilatın rəhbərləri Abbas Abbasov Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Ramiz Ənvər oğlu Mehdiyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Əmirhüseyn oğlu Kərimli, partiyanın üzvləri - Fuad Əli oğlu Qəhrəmanlı, Qənimət Səlim oğlu Zayıdov və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər.
İttihamda qeyd olunub ki, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən "Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər" başlığı altında xarici dildə hazırladığı yazılı materialı köməkçisi Eldar Əmirov və digərləri vasitəsilə razılaşdırmaq məqsədilə Əli Kərimliyə təqdim edib. Daha sonra 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini "Şərq-Qərb" ASC-nin əməkdaşları vasitəsilə göndərib, qeyd olunan göndəriş texniki olaraq fiksə edilib.
Ramiz Mehdiyev sözügedən şəxslərlə əlbir olub dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etməklə, xarici dövlətin nümayəndələrinə Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət etməkdə təqsirli bilinib.
Həmçinin ittihamda vurğulanıb ki, Ramiz Mehdiyev 2025-ci ilin 13 oktyabr tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pulu leqallaşdırıb.
Sözügedən əməllərlə bağlı Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə ittiham verilib.
12 dəfə oxundu











