NDU-da ödəniş tələbi - kasıb ailələr imdad diləyir
GUNDEMİNFO yazır ki, “Gündəlik Naxçıvan”a müraciət edən tələbələrin sözlərinə görə, rəhbərlik onların təhsil haqqını dərs ilinin sonunadək hissə-hissə ödəmək xahişini rədd edib. Onlar bildirirlər ki, institutda əvvəllər belə ödəniş imkanı olub.
Tələbələrdən M. Bağırov deyir ki, bütün məbləğin birdəfəlik tələb olunması aztəminatlı ailələri çətin vəziyyətdə qoyub:
“Kasıb ailələr qan ağlayır. Əvvəllər imkanımız olduqca 200–500 manat ödəyib dərs ilinin sonunadək təhsil haqqını tamamlayırdıq. Ailələr də buna güvənib öz xərclərini planlaşdırıblar. İndi isə deyirlər ki, həftənin sonunadək hamısını ödəməsəniz, universitetdən xaric olunacaqsınız. Bir dəfəyə bu pulu ödəməyə imkanı çatmayan ailə nə etsin?”
Şərur rayon sakini Mənsur Hüseynov isə ailəsinin ödənişi yalnız hissə-hissə edə bildiyini söyləyir:
“Mənim qardaşım orada oxuyur, atam Türkiyədə işləyir. Atam təhsil haqqı üçün 750 manat göndərib, qalan məbləği də ilin sonunadək göndərməyi nəzərdə tutub. İndi qardaşımdan bütün məbləği bu həftə ödəməsini istəyirlər.
Ailəmizin imkanı hissə-hissə ödəməyə çatır, amma buna da imkan vermirlər. Universitetdən xaric olunacağını deməklə tələbələri qorxudurlar”.
27 dəfə oxundu










