Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər
Axar.az "Yeni Sabah"a istinadla xənbər verir ki, məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”na edilmiş dəyişikliklərə əsasən, hamiləliyə və doğuma görə müavinət sığortaedən tərəfindən ƏMAS-a müvafiq məzuniyyət əmri daxil edildikdən sonra sistemdəki məlumatlar əsasında təyin edilir.
Beləliklə, əvvəlki dövrlərdə tətbiq olunan müavinət komissiyasının protokoluna artıq ehtiyac yoxdur. Kağız formada hazırlanmış əmrin dövlət qurumuna təqdim edilməsi əvəzinə, məzuniyyət əmri ilk növbədə ƏMAS-da rəsmiləşdirilməlidir.
Qaydalara əsasən, hamiləliyə və doğuma görə məzuniyyət əsas və əlavə əmək məzuniyyəti, qismən ödənişli sosial məzuniyyət və ya ödənişsiz məzuniyyət dövrünə təsadüf etdikdə belə, həmin məzuniyyətə düşən bütün təqvim günləri üçün müavinət ödənilir.
Müavinətin hesablanması əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı tətbiq edilən düsturlar əsasında aparılır və 100 faiz miqdarında ödənilir. Əvvəlki ardıcıl 4 rüb üzrə əmək fəaliyyəti olmadıqda isə hesablanma minimum əməkhaqqı əsasında həyata keçirilir.
Qismən ödənişli sosial məzuniyyətdə olan işçi növbəti övladını dünyaya gətirdikdə və sığorta hadisəsindən əvvəlki ardıcıl 4 rüb ərzində həmin məzuniyyətdə olduqda, müavinətin hesablanması minimum əməkhaqqı əsasında aparılacaq.
Qaydalar əsas və əlavə iş yerləri üzrə hesablamaları, çıxılan günlərlə bağlı tələbləri və 180 gün ərzində yenidən hesablama mexanizmini də nəzərdə tutur.
Digər mühüm dəyişiklik isə müavinətin maksimum həddi ilə bağlıdır. Hamiləliyə və doğuma görə müavinətin aylıq məbləği minimum əmək pensiyasının 25 mislindən artıq ola bilməz.
Hazırda minimum əmək pensiyası 320 manat olduğundan, hamiləliyə və doğuma görə müavinətin aylıq maksimum məbləği 8 000 manat təşkil edir.
Qaydaların digər müddəalarına əsasən, muzdlu işçi cəlb etməyən fərdi sahibkarlara hamiləliyə və doğuma görə müavinət proaktiv qaydada təyin edilmir. Bunun üçün fərdi sahibkar müəyyən edilmiş formada müraciət etməlidir.
Müavinətin ödənilməsi üçün sığorta hadisəsinin baş verdiyi aydan əvvəlki son 4 rübün ən azı 6 ayında məcburi dövlət sosial sığorta haqqının qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilməsi, sığorta hadisəsi baş verdiyi tarixdə sosial sığorta haqqı üzrə borcun olmaması və fəaliyyətin müvəqqəti dayandırılması tələb olunur.
Hamiləliyə və doğuma görə müavinət alan qadın fərdi sahibkar sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Bu halda vergi ödəyicisinin fəaliyyəti müvəqqəti dayandırılmalıdır.
26 dəfə oxundu










