"Məktəbli forması vahidlik və bərabərlik yaradır" - Leyla Məmmədova

"Məktəbli forması vahidlik və bərabərlik yaradır" - Azərbaycanda ümumi təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqi ətrafında aparılan müzakirələrdə qərarın mahiyyətindən daha çox onun dini müstəvidə yozulmasına cəhdlər diqqət çəkir. Belə ki, məktəbli geyiminə dair tələblər hicaba qarşı yönəlmiş addım, hətta islamofob yanaşmanın təzahürü kimi təqdim olunur. Bununla da təhsilin dünyəviliyi, məktəbdaxili qaydaların vahidliyi və dövlət təhsilinin prinsipləri ətrafında müzakirələr dini həssaslıqlar üzərindən fərqli istiqamətə yönəldilir. Məsələnin bu cür çərçivələnməsi qərarın hüquqi və ictimai mahiyyəti ilə bağlı suallarla yanaşı, cəmiyyətdə dini və dünyəvi baxışların qarşı-qarşıya qoyulması riskini də gündəmə gətirir.

Mövzu ilə bağlı fikirlərini Qaynarinfo-ya bölüşən AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Leyla Məmmədovanın sözlərinə görə, məktəblərdə vahid geyim formasının tətbiqinə münasibət bildirərkən məsələnin mahiyyətini dini mübahisələrdən ayırmaq, ilk növbədə, təhsilin funksiyasını və dünyəvilik prinsipini nəzərə almaq lazımdır.

Leyla Məmmədova hesab edir ki, təhsilin dünyəvi xarakter daşıması dini dəyərlərə qarşı münasibət kimi qiymətləndirilməməlidir. Məktəb, ilk növbədə, bilik və dünyagörüşünün formalaşdığı, uşaqların ictimai həyata hazırlandığı məkandır:

"Bu mühitdə ümumi qaydaların müəyyənləşdirilməsi və onların bütün şagirdlərə eyni yanaşma əsasında tətbiqi təhsil sisteminin təşkilində mühüm əhəmiyyət daşıyır".


Onun fikrincə, vahid məktəbli forması məktəblərdə intizamın qorunmasına, şagirdlər arasında zahiri fərqlərin qabardılmamasına və kollektivə aidiyyət hissinin formalaşmasına töhfə verə bilər. Müxtəlif sosial təbəqələrdən olan uşaqların eyni geyim formasında təhsil alması onların maddi imkanlarına görə fərqləndirilməsinin qarşısını müəyyən qədər almaq baxımından da əhəmiyyətlidir.

Şöbə müdiri hesab edir ki, dünyəvi təhsil prinsipinin islamofobiya kimi təqdim edilməsi məsələnin mahiyyətinin yanlış istiqamətdə müzakirəsinə səbəb olur. Dünyəvilik dini inancların inkarı deyil, dövlət və təhsil sisteminin ümumi hüquqi prinsiplər əsasında fəaliyyət göstərməsidir. Bu baxımdan, dini dəyərlərə hörmətlə yanaşmaqla təhsilin dünyəvi xarakterini qorumaq bir-birinə zidd mövqelər kimi təqdim edilməməlidir:

"Məktəbli forması ətrafında müzakirələrin dini qarşıdurma müstəvisinə keçirilməsi cəmiyyətdə əlavə gərginlik yarada, insanları fərqli dünyagörüşlərinə görə qarşı-qarşıya qoya bilər. Halbuki bu məsələdə əsas diqqət uşaqların təhsil hüququna, məktəb mühitinin sağlamlığına və ümumi qaydaların tətbiqinə yönəldilməlidir".

O hesab edir ki, hər hansı qərarın tətbiqi ilə bağlı sualların qaldırılması, hüquqi əsasların müzakirə edilməsi və mümkün problemlərin aydınlaşdırılması təbiidir. Lakin bu prosesin dini və dünyəvi baxışların mübarizəsi kimi təqdim olunması konstruktiv müzakirə imkanlarını məhdudlaşdırır. Əsas məsələ emosional ittihamlardan uzaq durmaq, mövcud qaydaların mahiyyətini aydınlaşdırmaq və onların ədalətli tətbiqinə nail olmaqdır.

Mövzunun ictimai müzakirəsində diqqət yetirilməli məqamlardan biri də cəmiyyətin müxtəlif təbəqələri arasında qarşılıqlı anlaşmanın qorunmasıdır. Dini həssaslıqların qabardılması yolu ilə fərqli mövqelərin üz-üzə qoyulması problemin həllinə kömək etmir. Əksinə, məsələyə təhsilin maraqları və ortaq ictimai dəyərlər çərçivəsində yanaşmaq daha sağlam müzakirə mühiti yarada bilər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
20 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...