“Atəşgah Sığorta”da nə baş verir?

“Atəşgah Sığorta”da nə baş verir?
“Atəşgah” Sığorta Qrupunda rəhbərliyində dəyişiklik dalğası davam etməkdədir və hazırda “Atəşgah” Sığorta Şirkəti və “Atəşgah Həyat”ın Direktorlar Şurasındakı bütün vəzifələr vakantdır.

Banker.az-ın əldə etdiyi məlumatlara görə, “Atəşgah” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının sədri Ruslan Əliyev Allahverdi oğlu və üzvü Xəlilov Namiq Cəlil oğlu qurumdan ayrılıblar. Hələlik onların yerinə hər hansı bir təyinatla bağlı məlumat paylaşılmayıb.

Bu dəyişikliklər 2025-ci ilin birinci rübündən başlayaraq start götürüb. Belə ki, ilkin olaraq martın əvvəlində Direktorlar Şurasının müstəqil üzvü Yekaterina Şebarova Alekseyevna vəzifəsindən ayrılmışdı. O, 2022-ci ildən etibarən bu vəzifəni icra edirdi. Bir həftə sonra “Atəşgah Həyat” Sığorta ASC-nin Direktorlar Şurasının sədri İntiqam Hüseynov istefa verdiyi məlum olub.

Həmin həftədə “Atəşgah” Sığorta ASC-nin İdarə Heyətinin sədri Tahir Kazımov vəzifəsindən azad edilərək, yerinə Elçin Əhmədov təyin olundu. Digər təyinatlara əsasən İdarə Heyətinə Xumar İmamverdiyeva və Xaqani Baxşəliyev yeni üzvlər kimi daxil edildi.

Bununla belə, “Atəşgah” Sığorta Şirkətinin 2024-cü ili üzrə maliyyə göstəriciləri yaxşı nəticələr göstərmişdi. Məsələn, sığortaçı 3.355 mln. manat xalis mənfəətlə tamamlayıb – bu, əvvəlki ilin (437 min manat) 8 dəfə çoxdur. Şirkətin gəlirləri 69.654 mln. manata, sığorta haqları isə 76.453 mln. manata çatıb. Xərclər 65.460 mln. manat, sığorta ödənişləri isə 29.015 mln. manat təşkil edib.

“Atəşgah” Sığorta ASC 1996-cı ildə yaradılıb və 5 008 500 manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmlərinin 63%-i “İSR Holdinq”ə, 27%-i “Ran-Exim” şirkətinə, 10%-i isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur. Səhmdarlardan “Ran-Exim” şirkəti “Atəşgah Həyat Sığorta”nın 100%-lik səhmdarıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
27 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...