Uşağı ataya vermək istəyən qadınların sayı artıb — Açıqlama
Bu halda məhkəmə hansı meyarlara əsasən qərar verir və ananın razılığı uşağın ataya verilməsi üçün kifayət edirmi?
Hüquqşünas Şamil Paşayev Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycan qanunvericiliyinə görə, uşağın hansı yaşda olmasından asılı olmayaraq, ana və ata onun üzərində bərabər hüquqlara malikdir:
“Yəni hüquqi baxımdan uşaq həm atanın, həm də ananın yanında qala bilər. Lakin uzun illər məhkəmə təcrübəsində patriarxal düşüncə və “ana müqəddəsdir” yanaşması üstünlük təşkil etdiyindən, uşağın daha çox anaya verilməsi halları müşahidə olunub. Eyni zamanda, cəmiyyətdə analar da uzun müddət uşağın bütün məsuliyyətini öz üzərlərinə götürməyi, həyatlarını tamamilə övladlarına həsr etməyi bir növ əsas missiya kimi qəbul ediblər. Buna görə də boşanma zamanı uşağın yanında qalmasını daha çox analar tələb ediblər. Lakin son illərdə bu yanaşmada dəyişiklik müşahidə olunur. Artıq bəzi analar uşağa dair hüquq və vəzifələrin ata ilə bərabər bölüşdürülməsini istəyirlər. Hətta elə hallar olur ki, ana uşağın qayğısını tam şəkildə tək daşımaq istəmir və məsuliyyətin paylaşdırılmasını məqsədəuyğun hesab edir. Bu da bəzi hallarda uşağın atanın yanında qalmasına səbəb ola bilər. Bununla belə, praktikada hər zaman bu mümkün olmur. Çünki bir çox atalar işlədikləri üçün uşağın gündəlik qayğısını, məktəb və ya bağça məsələlərini, eləcə də ona ayrılmalı olan vaxtı təmin etməkdə çətinlik çəkirlər. Buna baxmayaraq, 20-30 il əvvəllə müqayisədə anaların məsuliyyəti bölüşmək istəyinin əhəmiyyətli dərəcədə artdığı görünür və bu tendensiyanın gələcəkdə də davam edəcəyi gözlənilir”.
Hüquqşünas qeyd edib ki, qanunvericiliyə əsasən, 7 yaşından sonra uşağın kiminlə yaşamaq istədiyi barədə fikri soruşula bilər:
“10 yaşından sonra isə uşağın bu məsələdə fikrinin alınması məcburidir və onun mövqeyi mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, qəyyumluq və himayə orqanının rəyi, eləcə də digər hüquqi meyarlar da nəzərə alınır. Boşanma mədəniyyətinə gəldikdə isə, Azərbaycan bu prosesin formalaşması baxımından hələ ilkin mərhələdədir. Bəziləri boşanmaların artmasını faciə kimi qiymətləndirsə də, əslində cəmiyyət uzun illər əvvəl keçməli olduğu mərhələni indi yaşayır. Bir çox hallarda tərəflərin eyni evdə məcburiyyət qarşısında yaşayaraq bir-birlərinə fiziki və psixoloji təzyiq göstərməsindənsə, sivil şəkildə ayrılmaları daha sağlam seçimdir. Çünki travmalı uşaqların böyüməsindənsə, valideynlərin qarşılıqlı hörmət çərçivəsində ayrı yaşaması həm onlar, həm də övladları üçün daha faydalı ola bilər”.
5 dəfə oxundu













