Lənkəranda Müslüm Maqomayevin yaşadığı evi söküb bank tikiblər
Şirəli Axundov küçəsi Lənkəran şəhərinin əsasən küçələrindəndir. Şəhər mərkəzinə yaxınlığı ilə seçilən küçə ilə üzbəüz “Dostluq parkı”, yol boyunca Lənkəran Xan Sarayı, Humanitar kollec, Gənclər mərkəzi, Regional Elmi Mərkəz kimi məşhur obyektlər yerləşir. Şəhər İcra Hakimiyyətinin binası da bu küçədədir.
Vaxtilə bu məşhur küçədə Azərbaycanın görkəmli bəstəkarı, dirijoru və Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi
Əbdül-Müslüm Maqomayev yaşayıb. O, görkəmli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin babasıdır. Böyük bəstəkar 1905-ci ildən 1911-ci ilədək pedaqoji və musiqi fəaliyyətini Lənkəranda davam etdirib. O, Lənkərandakı dördsinifli şəhər məktəbində, 1 nömrəli orta məktəbdə müəllimlik edib, həmçinin nəfəsli alətlər orkestri, xor, eləcə də balalayka ansamblı təşkil edib. Bəstəkar 75 nəfərlik orkestrə dirijorluq etməklə yanaşı, bacanağı Üzeyir Hacıbəyliyə Lənkəranda yayılmış yerli xalq mahnılarının toplanmasında da köməklik göstərib.
Əbdül-Müslümün Lənkərandakı fəaliyyəti mədəniyyətin inkişafına mühüm töhfələr verib. Lənkəran teatr qrupunun Azərbaycan və rus dilində çıxışları “Bakı” qəzetinin “Müsəlman həyatı” məqaləsində xüsusi qeyd olunub.
Xatırladaq ki, 1936-cı ildə Bakıda yaranan Dövlət Filarmoniyası da Müslüm Maqomayevin adını daşıyır.
XIX əsrə məxsus taxta ev
Böyük bəstəkarın yaşadığı balaca, tarixi ev də yaşlı nəsil lənkəranlıların yaxşı yadındadır. Bəstəkarın yaşadığı evə vurulan “Bu evdə görkəmli bəstəkar Müslüm Maqomayev yaşamışdır (1906 – 1911)” sözləri yazılan xatirə lövhəsini də çox adam unutmayıb. Təəssüf ki, indi həmin taxta evdən əsər-əlamət qalmayıb. Xatirələrlə və mədəniyyətimizə töhfələrlə dolu o balaca evin yerində özəl banklardan birinin yeni, müasir binası ucalır. Ətrafda böyük bəstəkarın vaxtilə bu ərazidə yaşamasını göstərən nə bir xatirə lövhəsi, nə də barelyef var. Yerlə yeksan edilib sökülən ev kimi, sanki bəstəkarın xatirəsi də silinib. Kommersiya maraqları XIX əsrə məxsus evin, o cümlədən milli və mədəni dəyərlərin üzərindən xətt çəkərək izini də saxlamayıb.
Təəssüf ki, heç bir qurum – nə böyük bəstəkarın yaşadığı evin yerində fəaliyyət göstərən bank, nə abidələrin qorunmasına cavabdeh kimi Mədəniyyət Nazirliyi, nə də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti heç olmasa xatirə lövhəsinin əraziyə qaytarılması üçün təşəbbüs göstərib.
7 dəfə oxundu











